İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisin vasitəçilik şansları artacaq: niyə görə?..

Böyük ehtimalla növbəti ildə regiondakı və dünyadakı geosiyasi situasiya hissolunacaq dərəcədə dəyişəcək. Təşəbbüs hərbçilərdən siyasətçilərə keçəcək. Hərbi qarşıdurmalar daha çox siyasi qarşıdurmalarla əvəzlənəcək. Yox, burada hansısa konspiroloji sxem və ya tapmacalardan söhbət getmir.

Məsələ bundadır ki, növbəti il seçkilər ili olmağı vəd edir: ən azı ABŞ-da, Rusiyada və Ukraynada prezident seçkiləri olacaq.
Ukrayna ilə bağlı dəqiq proqnozlar yoxdur. Ola bilsin ki, bu ölkədə seçkilər müvəqqəti olaraq təxirə salınacaq . Ona görə ki, müharibə gedir və ölkə ərazisinin böyük bir hissəsi işğal altındadır, əhalinin çox hissəsi isə mühacirətdədir. Hələ bu azmış kimi, Rusiya işğal etdiyi əraziləri özünün əraziləri elan edibdir...

ABŞ-a və Rusiyaya gəldikdə isə, bu ölkələrdə prezident seçkiləri güman ki, mütləq keçiriləcək. Rusiyada seçkiləri ilin birinci yarısında keçirmək niyyətindədirlər. ABŞ-da isə seçkilər bir qayda olaraq ilin sonunda baş tutur. Bu isə o deməkdir ki, növbəti il bütünlüklə siyasi “müharibə”lər ili olacaq.

Rusiyada siyasi temperatur hələki elə də qalxmayıbdır, çünki bu ölkədə siyasət bir aktyorun teatrıdır. Ona görə də biz kəskin siyasi bəyanatlar eşitmir, hansısa siyasi demarşların şahidi olmuruq.

ABŞ-da isə hər şey tərsinədir – burada artıq bütün namizədlər məlumdur. Amma siyasi gərginliklər daha çox indiki prezident Co Bayden və bir də keçmiş prezident Donald Tramp ətrafında baş verir və istisna deyil ki, növbəti siyasi qarşıdurmaların qəhrəmanları da məhz onlar olacaqlar. Hələ hər şey qarşıdadır, əsl siyasi savaşlar başlamayıbdı. Gəl, qeyd etmək lazım gəlir ki, prezident Baydenin reytinqi elə də yüksək deyil. Səbəbi də təkcə Baydenin qocalığı deyil (opponentləri, xüsusən də Donald Tramp onu altı yaşlı uşaqla müqayisə edir!), həm də onun apardığı siyasətdir.

Bəli, Bayden Ukraynada müharibəni bitirməmiş bundan heç də az kəskin olmayan başqa bir hərbi kampaniyaya başladı – bu dəfə söhbət Yaxın Şərq müharibəsindən gedir. Ukrayna müharibəsində ABŞ və onun koalisiyası bilavasitə iştirak etmir. Amma bunu Yaxın Şərq münaqişəsi haqda demək olmur. İsraillə HƏMAS arasında müharibə başlayan kimi ABŞ gəmiləri Aralıq dənizinə istiqamət götürdü. Ona görə də Amerika ordusunun bu münaqişəyə qoşulmaq ehtimalı tamam realdır və qeyd edək ki, artıq bu, ölkədə müharibə əleyhdarlarının etirazına səbəb olur.

Bəs bütün bunlar bizim regionda hansı nəticələrə gətirib çıxara bilər? Bir-iki həftə bundan əvvəl Ermənistanın baş naziri bəyan etdi ki, yaxın bir-iki ay ərzində Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər. Gəl, vaxt keçir, amma erməni baş naziri sözdən işə keçməyə tələsmir.

Odur ki, əksər analitiklər belə hesab edirlər ki, çox böyük ehtimalla bu il heç bir saziş imzalanmayacaq, məsələ növbəti ilə qalacaq. Amma növbəti il də böyük dövlətlərdə seçki ili olacaqdır.

Əlbəttə, Rusiyada prezident seçkiləri elə də vaxt almır, burada prezident seçkiləri daha qısa müddətə həll olunur.

Amma məsələ bundadır ki, Moskva yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını elə də istəmir. Məhz buna görə də siyasi analitiklərin diqqəti regional geosiyasi aktorlara yönəlir. Bakı dəfələrlə problemi (3+3) formatı çərçivəsində həll etməyi təklif edib. Üstəgəl, Azərbaycanda Gürcüstanın da vasitəçilik səylərinə çox optimist yanaşırlar. Qeyd edək ki, bir-iki həftə bundan əvvəl Tiflsidə Azərbaycan, Ermənistan və Gürcüstan baş nazirlərinin görüşü baş tutdu və istisna deyil ki, bu cür görüşlər növbəti ildə də olacaqdır.

Bütün hallarda, sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır - əlbəttə, əgər İrəvan özünün regional siyasətini kardinal şəkildə dəyişmək istəyirsə...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024