İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə vaxtdan atəşkəs sülh olub?..  

Nəzərlər növbəti dəfə Səudiyyə Ərəbistanına yönəlmişdi. Bu dəfə amerikalılarla ukraynalılar görüşməli idilər. Görüş baş tutdu və ən yadda qalan detal bu, oldu ki, guya ukraynalılar ilk təşəbbüs kimi otuz günlük atəşkəsə hazır olduqlarını bildiriblər. İndi nəzərlər Vaşinqtona və daha çox da Moskvaya yönəlib, çünki sonuncunun – Kremlin qərarından çox şey asılıdır və hamı gözləyir ki, görək, Putin şəxsən özü nə deyəcəkdir, çnnki onun köməkçiləri səviyyəsində guya müvəqqəti atəşkəs təklifinin Rusiyanın maraqlarına cavab vermədiyi bildirilib.

Hətta deyilənə görə, Rusiyaya təşrif buyurmuş ABŞ nümayəndələrinə dörd şərt təqdim edilib və onlardan biri işğal olunmuş əraziləri Rusiya əraziləri kimi tanımaqdır.      

Elə V.Putin özü də nəinki sülh, heç atəşkəs istəyənə də bənzəmir. Bu günlərdə o, dörd illik müharibənin tarixində ilk dəfə olaraq hətta hərbi paltar da geyindi!

Belədə isə ruslar indi daha həvəslə vuruşmağa başlayıblar və səbəbi də budur ki, onlar qarşı–rəqib düşərgədə bir zəiflik və hətta hər cür güzəştə hazır olmaq meyli görürlər.

Bəli, ABŞ Ukraynanın müttəfiqi kimi yox, vasitəçi kimi fəaliyyət göstərir. Həm də Tramp Ukraynaya təzyiq etməyə çox tələsdi, biz hələ onu demirik ki, Kiyevə təzyiq göstərmək, ümumiyyətlə, lazım deyildi, çünki adam təcavüzə məruz qalana yox, təcavüzkara təzyiq edər ki, onu geri çəkilməyə, güzəştə getməyə məcbur etsin!

İndiki halda, Kiyevin mövqelərinin zəiflədiyi bir anda Moskva heç geri çəkilmək haqqında düşünərmi? O, döyüş bölgəsində də, diplomatik masa arxasında da Ukraynaya daha çox təzyiq göstərməyə çalışacaq və hal-hazırda da bunu edir...

Hətta ruslar atəşkəsə razı olsalar belə, bu, hələ sülh demək deyil. Biz azərbaycanlılar öz təcrübəmizdə görmüşük bunu! Azərbaycanla Ermənistan arasında təxminən otuz il nisbi atəşkəs rejimi oldu. Amma bu müddət ərzində real sülhə doğru heç bircə addım belə atıldımı? Heç olmasa, bir qarış Azərbaycan torpağı azad edildimi? Əsla! Əksinə, bizə təzyiq edirdilər ki, “reallıq”larla barışaq!..

Ukraynanı da təxminən eyni münasibət gözləyir. Birincisi, Moskva atəşkəsə razı olsa belə, bu, münaqişənin uzun müddətə dondurulmasına gətirib çıxaracaq.

Bəli, Rusiyanın Moldovada, Gürcüstanda “rıçaq”ları– nəzarət etdiyi bölgələr var idi, onun Ukrayna ərazisində belə bölgələri yox idi ki, onun vasitəsilə Kiyevin siyasətinə birbaşa təsir etsin. Hazırda o, Ukrayna ərazisinin 20-25 faizinə nəzarət edir və ən azı bu ərazilərin köməyilə bu ölkəni uzun müddət özünün “geosiyasi tilov”unda saxlaya biləcək.

İkincisi, Rusiya atəşkəsdən istifadə edib işğal etdiyi ərazilərdə daha da mökəmlənəcəkdir.

Üçüncüsü, atəşkəslə bağlı razılıq olsa, bu, münaqişənin daha da uzanmasına və donmasına gətirib çıxaracaq. Hətta artıq unutmuşuq ki, Moskva neçənci ildir Moldovanın, Gürcüstanın ərazisinin bir hissəsini öz nəzarətində saxlayır! Ukrayna əraziləri də belə olacaq! Trampın dörd illik müddəti də sovuşub gedəcək və məsələ dondurulmüş bir vəziyyıtdə qalacaq və amerikalılar indiki siyasətlərini, yanaşmalarını davam etdirsə, bu, uzağı geniş miqyaslı hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq və inanmırıq ki, kiminsə ağlına buna görə Trampı Nobel mükafatına təqdim etmək fikri düşsün!

Düzdür, belə fikir də var ki, indi Rusiyaya qarşı xeyli sanksiyalar və təzyiqlər var və Vaşinqtonla Moskva bu xüsusda da “siyasi ticarət” yapa bilərlər.

Bəli, nəzəri cəhətdən belə görünür, amma ruslar buna razı olsaydılar indiyədək belə danışıqlara gedərdilər, amma onlar fərqli yol seçməyə, hansısa dolayı yolla sanksiyaları aşmağa, onların təsirindən yayınmağa çalışıblar.

Elə bu səbəbdən də bu kontekstdə “siyasi, diplomatik ticarət” olmayacaqdır, həm də ona görə ki, Kremlin iki ölkə - Ukrayna və Belarusla bağlı həmişə fərqli planları olubdur.

Ona görə də düşünmək ki, guya Ukrayna NATO-dan və Avropa İttifaqından əl çəksə, Rusiya da ondan əl çəkəcək, tamam yanlışdır. Moskva üçün Ukrayna yoxdur, Malorossiya var!

Bu, məsələnin bir tərəfidir. Həm də hazırda Kreml özünün geosiyasi planlarından, daha doğrusu, onları dilə gətirməkdən heç bir narahatlıq keçirmir, çünki dünya siyasətində qaydasızlıq qaydaya çevrilirsə, Vaşinqton nəinki Qrenlandiyaya, hətta Kanadaya iddia edirsə, Rusiya özünün geosiyasi iddialarını niyə görə cilovlamalıdır?

Bir daha deyirik ki, hazırda qaydasızlıq qaydaya çevrilir, Dünya son bir əsrdə formalaşan beynəlxalq hüquqdan imtina edir! Heç kim fərqində deyil ki, bəli, məsələn, BMT bir institut kimi tam effektli olmaya bilər, amma onun prinsipləri, nizamnaməsi, bu müstəvidə indiyə qədər qəbul olunmuş sənədlər beynəlxalq hüququn və münasibətlərin təməl daşları idi axı! İndi durub bunlardan imtina edək? Belə bir halda Dünya tamam xaosa qərq olmayacaqmı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR