Onlayn ictimai-siyasi qəzet
Ermənistanda növbədənkənar seçkilər olacaqmı? Son vaxtlar bu ölkədəki mənbələr hakim partiyanın içindəki bəzi dairələrə istinad edərək bu suala təsdiqləyici cavab verirlər, hərçənd hakim partiyanın lideri Nikol Paşinyan bir neçə həftə bundan əvvəl bu cür şayiələri inkar edərək dedi ki, seçkilər mövcud konstitusion qrafikə əsasən keçiriləcək, yəni növbəti ildə baş tutacaqdır.
Amma buna baxmayaraq, müxtəlif politoloqlar və analitiklər (Ermənistanın özündə və xaricində!) ölkədəki mürəkkəb proseslərlə bağlı mülahizələr söyləyərkən periodik olaraq bu problemə qayıdırlar, çünki növbəti seçkilər yaxınlaşdıqca müxtəlif ssenarilər ətrafında daha çox fantaziya yapmaq üçün meydan və fürsət də genişlənir.
Buna həm də Ermənistanın siyasi iqlimindəki getdikcə artan qeyri-müəyyənliklər də rəvac verir: onlar hər il deyil, az qala, hər ay artırlar və daha çox diqqət çəkirlər.
Əvvəl qeyri-müəyyənliklər daha çox ölkədəki daxili siyasi atmosferlə və xüsusən də Rusiya-Ermənistan münasibətlərilə bağlı idi.
İndi bu ansambla yeni ABŞ hakimiyyətinin Ermənistana yönəlik siyasətilə bağlı qeyri-müəyyənliklər də əlavə olunub.
Sonuncudan başlayaq. Ötən həftə Nikol Paşinyan Vaşinqtonda idi, haradakı beşinci beynəlxalq etiqad və din azadlığı sammiti keçirilirdi. Amma daha çox insan bu səfərə başqa rakursdan baxırdı: erməni lideri yeni ABŞ hakimiyyətinə çıxış tapacaqmı? İndiki ABŞ prezidentinin İrəvanla bağlı siyasətinin heç olmasa, ümumi konturlarını təxmin etmək mümkün olacaqmı - axı o, özündən əvvəlki Bayden qədər ermənipərəst prezident deyil. Ona daha qüdrətli yəhudi diasporunun da dəstəyi bəs edir. Üstəgəl, ABŞ-dakı erməni diasporu indi daha çox demokratlarla bağlıdır, nəinki respublikaçılarla.
Həm də diasporun erməni baş nazirilə ciddi problemləri var: sonuncu uydurma erməni “genosidi ilə”, hətta Ermənistanın regiondakı indiki siyasəti ilə bağlı tənqidi çıxışları ilə diasporda özünə qarşı neqativ münasibətə səbəb olub, çünki yalançı erməni “genosidi” diaspor üçün az qala əsas siyasi alver və biznes bazisidir.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan özü də diaspordan və erməni kilsəsindən daha az asılı olmaq istəyir, çünki son vaxtlara qədər onlar demək olar ki, Ermənistanı idarə edirdilər. Ona görə də düşünmürük ki, diaspor Paşinyanla yeni ABŞ hakimiyyəti arasında əlaqə qurmaq üçün çox çalışdı, yox, güman, belə olmadı...
Ona görə də eşidəndə ki, Paşinyan ABŞ-ın vitse-prezidenti ilə görüşüb (deyilənə görə, görüş cəmi beş dəqiqə çəkib!), hətta buna da təəccübləndik, çünki Trampın birinci hakimiyyəti dövründə erməni baş nazir ABŞ tərəfindən heç bir yüksək diqqətə layiq görülməmişdi və bunun özü bir daha göstərir ki, ABŞ əslində regionda sülh istəyir, çünki Nikol Paşinyan bir neçə il bundan döyüşkən müharibə ritorikası sərgiləyərkən birinci Tramp hakimiyyəti nəinki ona heç bir dəstək vermədi, hətta hər hansı diqqətə də layiq bilmədi.
Düşünürük, elə indi də Paşinyan çox böyük ümidlərə qapılmamalıdır: Tramp addım-addım təkcə müxtəlif təşkilatlara və proqramlara deyil, bütöv dövlətlərə yardımı dondurur və belə güman var ki, Ermənistan da bu maddənin altına düşəcəkdir.
Bundan başqa, postsovet məkanı Trampı elə də cəlb etmir: bəzi xarici müşahidəçilərin belə qiymətləndirmələrinə diqqət yetirsək görərik ki, o, hətta bu məkanda Rusiyanın “həyati maraqları”nı etiraf etməyə hazırdır.
Burada Rusiya-Ermənistan əlaqələrinə keçmək məntiqli olardı, hərçənd bu haqda o qədər yazılır və deyilir ki, sual yaranır: nəsə ciddi və fərqli bir şey deyə biləcəyikmi bu kontekstdə?
İndi təkcə Ermənistanla Rusiya arasında deyil, hətta Azərbaycanla Rusiya arasında da münasibətlər çox soyuqdur. Bakı ilə Moskva arasındakı əlaqələr məlum təyyarə hadisəsindən sonra çox gərginləşib, hətta qarşılıqlı ittihamlar baş alıb gedir.
Bir sözlə, Ukrayna Rusiya ilə vuruşur, Moskvanın nəinki İrəvana, hətta Bakıya da münasibəti çox soyuyubdur və paradoksal olan budur ki, belə bir durumda Tiflis özünün geosiyasi oriyentasiyasını dəyişmək istəyir, Rusiya ilə münasibətlərinə təzədən baxmağa çalışır. Bir daha soruşuruq: tələsik qərar deyilmi bu?
Azərbaycana gəldikdə, hətta bundan əvvəl özünün son inauqurasiya mərasimində Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Bakının inteqrasiya istiqaməti türk dünyasıdır, yəni bir sıra xarici müşahidəçilərin təxminlərinə rəğmən, Azərbaycanın Rusiya ilə bağlı hər hansı geosiyasi planı yoxdur, Moskva Bakı üçün sadəcə, mühüm şimal qonşusudur!
Ermənistanla Rusiya arasında da münasibətlər hamar deyil. Biz bu sətirləri yazarkən məlum oldu ki, İrəvan KTMT-nin daha bir tədbirini iqnor edib. Amma bir məsələ hələ də dəqiq məlum deyil: İrəvan bunu Rusiyadan və KTMT-dən incidiyinə görə edir (İkinci Qarabağ savaşında yetərli dəstək göstərmədiklərinə görə!), yoxsa Ermənistanın və liderinin Qərbə inteqrasiya ilə bağlı çox ciddi niyyətləri var?
Ona görə də bir daha növbədənkənar seçkilər məsələsinə qayıdaraq deyək ki, burada da cavabdan çox sual var.
Bəli, erməni lideri sülhpərvər ritorikanı mənimsəyibdir, tez-tez Azərbaycan və Türkiyə ilə yeni münasibətlərdən danışır, amma onun bu kursu erməni əhalisinin əksəriyyəti tərəfindən dəstəklənirmi? Məsələ də elə bundadır.
Bugünlərdə bizim telekanalların birində sənədli film verirdilər. Sadə ermənilər danışırdı, amma onlar heç də sadə şeylər demirdilər. Çoxu deyirdi ki, guya azərbaycanlılar “bunların torpaqlarını” zəbt edib, onlar yeni müharibəyə hazırlaşmalıdırlar və s. və i. Onların əksəriyyəti indiki erməni liderinin siyasətini tənqid edir, onu hətta xəyanətdə də ittiham edirdilər!
Ona görə də demək olmaz ki, Nikol Paşinyanın və ya partiyasının reytinqi artır və ya yüksəkdir. Odur ki, reytinq artrmırsa, o, nə qədər ki, sıfra enməyibdir yeni seçkiləri keçirmək daha məntiqli olmazdımı?
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ