Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün bundan əvvəl Səudiyyədə daha iki görüş baş tutdu – amerikalılar həm ruslarla, həm də ukraynalılarla görüşdülər. Görüşün detallarının geniş ictimaiyyət üçün acıqlanmayacağı deyilsə də nəzərə çarpan bu oldu ki, amerikalılar və ruslar eyforik durumda, ukraynalılar isə bir az kritik ovqatdadırlar.
Bu isə onu deməyə əsas verir ki, ABŞ ilə Rusiya arasında ticarət Ukraynanın haqlarının müdafiəsindən daha uğurla gedir. O qədər uğurla ki, görüşlərdən bir neçə gün əvvəl Rusiya prezidentini kilsədə ABŞ prezidenti üçün şam yandırıb dua etdiyi bildirildi, amma çox yaxşı olardı ki, Putin öz günahlarının da bağışlanması üçün dua etsin!..
Belədə isə qarşıdakı aprel ayında Vladimir Putinin Tramp üçün dua etməyə daha çox imkanı olacaq – bəli, qarşıda Pasxa bayramları olacaq və xristianlar biri-biriləri üçün dua edəcəklər...
İndi isə ukraynalılarla amerikalılar arasındakı danışıqlar heç də sonuncularla ruslar arasındakı danışıqlardan az maraq kəsb etmir.
Nəzərə çarpan budur ki, Donald Tramp hökuməti Ukraynadan heç də ruslardan az qoparmaq istəmir və burada ABŞ prezidentinin biznesmen mahiyyəti özünü daha qabarıq göstərir.
Birincisi, Tramp ABŞ-ın Ukraynadakı maraqlarına iqtisadi məzmun vermək istəyir, yəni hamı, ilk növbədə də amerikalılar görsün ki, onların hökuməti Ukraynada siyasi filantropiya ilə məşğul deyil, onun burada özəl maraqları var və ABŞ Ukraynaya göstərdiyi hərbi-texniki, maliyyə yardımının əvəzini, qarşılığını alacaqdır.
Bəli, bu, sırf biznesmen yanaşmasıdır məsələyə. Həm də belə olacağı tədiqrdə, ABŞ-ın Ukraynadakı siyasi və geosiyasi mövcudluğunun real iqtisadi əsasları yaranacaqdır.
Sonuncu isə Kiyevin NATO-nun və ya Avropa İttifaqının üzvü olmayacağı bir təqdirdə ABŞ-la müəyyən bağlara malik olması üçün çox ciddi faktordur.
İkincisi, Vaşinqton həm də böyük limanlara maraq göstərməklə özünün Ukraynadakı maraq sferalarını bir növ işarələyir.
Bir daha deyirik ki, bu da onun Ukraynada gələcək mövcudluğu üçün bir növ zəmin sayıla bilər.
Ona görə də demək olmaz ki, prezident Trampın Ukraynadakı siyasətində heç bir məntiq yoxdur. Heç də belə deyil. Hazırda, birincisi, Tramp daha çox Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmaq istəyir və burada da müəyyən məntiqi əsaslar yox deyildir: hərbi teatrdakı vəziyyət heç də Kiyevin xeyrinə deyil və demək olmaz ki, guya Ukrayna Rusiyanı udmaq ərəfəsində idi və amerikalılar buna mane oldu! Yox, belə bir şey yoxdur, ruslar çətinliklə olsa da, irəliləməkdədirlər...
İkincisi, hamıya aydındır ki, müharibəni danışıqlar və atəşkəs əvəz etsə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv olmasından söhbət gedə bilməz, özü də çox uzun və qeyri-müəyyən bir müddətə!
Ona görə də burada ABŞ üçün müəyyən “maraq rıçaqları” yaratmaq lazımdır ki, gələcəkdə onları hərəkətə gətirmək, onların köməyilə Kiyevi yenidən ABŞ-a və ya Qərbə tərəf yönəltmək mümkün olsun, əlbəttə, o vaxta qədər ABŞ və Qərb tandemi qalarsa...
Bir sözlə, vəziyyət çox mürəkkəbdir. Onu kardinal şəkildə Rusiya-NATO savaşı dəyişə bilər, o, isə mümkün deyil. Ona görə də belə bir vəziyyətdə bir daha deyirik ki, savaşı dayandırmaq cəhdləri çox məntiqli görünür, ona görə ki, yalnız bununla Rusiyanın irəliləməsinin qarşısını almaq mümkündür.
O başqa məsələdir ki, savaşı Ukrayna üçün daha əlverişli şərtlərlə dayandırmaq olardı. Amma Trampın siyasətində həm də nəzərə çarpan budur ki, o, Kiyevə iki məqsədlə təzyiq edir: ona özünün savaşı dayandırmağa yönəlik siyasətini və şərtlərini qəbul etdirmək üçün, həm də Kiyevin düşdüyü vəziyyətdən istifadə edərək ondan nəsə qoparmaq üçün!
Bunun məntiqi tərəfləri haqqında yazının hələ əvvəlində bəhs etdik. Amma siyasətdə başqa bir məntiq də olur: bu da müttəfiqlik məntiqidir.
Kiyev hər iki tərəfdən – həm Rusiya, həm də ABŞ tərəfindən belə ağır şərtlərə və təzyiqlərə məruz qalacaqdısa, onu belə bir geosiyasi avantüraya çəkməyə dəyərdimi?
Axı indi istər-istəməz belə bir təəssürat yaranır ki, sanki Qərbin və Rusiyanın məqsədi sadəcə, Ukraynanı öz aralarında bölüşdürmək imiş...
02 Aprel 2025
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ