Onlayn ictimai-siyasi qəzet
Son günlərin ən diqqət çəkən hadisəsi, heç şübhəsiz, Ər-Riyadda başlayan ABŞ-Rusiya dialoqu oldu. Amma bu diplomatik dialoq dərhal bir neçə sual doğurdu. Birincisi, siyasi təhlilçilər belə sual verdilər ki, niyə Vaşinqton və Moskva Türkiyədə yox, Səudiyyə Ərəbistanında danışmağa qərar verdilər, axı hər üç ölkəyə - ABŞ-a, Rusiyaya və hətta Ukraynaya da Türkiyə qədər yaxın ölkə yoxdur.
ABŞ bəlli məsələdir, arada böyük ziddiyyətlər olsa da Türkiyə də NATO-nun üzvüdür, hətta ərazisində ABŞ-ın hərbi bazaları yerləşib. Rusiyaya gəldikdə isə Ankara Moskvaya Qərb düşərgəsi ölkələri arasında ən yaxınıdır. Ona qarşı sanksiyalara qoşulmayıbdır, bu ölkə ilə intensiv diplomatik kontaktlarını davam etdirir.
Üstəlik, onun Kiyevlə də sıx kontaktları var: təsadüfi deyil ki, Ər-Riyadda görüş başlayan kimi Ukrayna prezidenti Türkiyəyə səfər etdi.
Həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı ən yadda qalan diplomatik təşəbbüslərdən biri, səhv etmiriksə, vaxtilə İstanbulda olmuşdu.
Fəqət, bütün bunlara rəğmən, ABŞ-Rusiya dialoqu Türkiyədə yox, Ər-Riyadda başladı. Səbəbi nədir?
Heç kim dəqiq bilmir. Bəlkə də ona görə ki, tərəflər daha neytral ölkə seçməyə qərar verib, axı Türkiyə həm NATO ölkəsidir, həm də Ukrayna ilə sıx təmasları var!
Burada Türkiyənin regional çəkisini artırmamaq istəyi də var. Tramp çox istərdi ki, bu rola daha başıaşağı monarxist Səudiyyə iddialı olsun, hansının ki, ABŞ-la böyük hərbi sövdələşmələri var və ən əsası da o, Trampın indiki Yaxın Şərq planları baxımından böyük önəm kəsb edir, çünki Səudiyyə ərəb dünyasının aparıcı ölkələrindəndir...
İkinci sual da bu oldu ki, bəs dialoqda Ukrayna tərəfi niyə iştirak etmədi? Düşünürük, bunun cavabını Tramp cənablarından soruşmaq lazım gələcək. Ona görə ki, o, lap başlanğıcda Rusiyaya və onun lideri Putinə böyük güzəşt etdi - təcavüzkar dövlətin liderinə telefon açması bir yana, onunla Ukraynasız dialoqa başladı. Bu da azımış kimi, Kiyevin liderini diktator adlandırdı, ukraynalıların hətta dörd faizinin belə onu dəstəkləmədiyini dedi!..
Burada təəccüblü heç nə yoxdur. Birinci idarəçilyi dövründə Tramp Ukrayna haqqında nələr demirdi? Putini özünün dostu adlandırması bir tərəfə, təklif edirdi ki, Krım Rusiya ərazisi kimi tanınsın. NATO-nun sammitlərində Ukraynanı korrupsiyalaşmış ölkə adlandırırdı! İndi də belə deyir ki, guya Putin “humanist müharibə” aparır, guya Kreml istəsə, bir günün içində Kiyevi tutar, amma guya bunu istəmir.
Belə təsəvvür yaranır ki, sanki Rusiya-Ukrayna müharibəsinin səbəbkarı Moskva, eləcə də Qərb yox, elə Kiyevdir! Axı hamı gözəl anlayır ki, birincisi, Rusiyanın Ukrayna ilə bağlı lap çoxdan təcavüzkar planları vardı: hələ Zbiqnev Bjezinski yazırdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları bir heçdir.
Həm də Rusiya daim iki ölkəni - Belarusu və Ukraynanı özünün “qanuni maraq sferası”, Rusiya kimi “slavyan respublikaları” hesab edib və onların da Moskva ilə birlikdə olmasını tələb və israr edib.
O ki qaldı Qərbə, etiraf etmək lazımdır ki, o, Kiyevi avantüraya çəkdi. Sual olunur: əgər NATO Ukraynanı müdafiə etməyəcəkdisə, Avropa İttifaqı onu sıralarına qəbul etməyəcəkdisə, nəyə görə bu ölkə Kremlin təcavüzkar planlarının obyekti olmalı idi?
İndi belə deyilir ki, guya Qərb üç illik müharibə ərzində Ukraynaya beş yüz milyard dollara qədər vəsait xərcləyib.
Olmazdımı ki, bu vəsait vaxtında Ukraynanı Avropa ölkələri səviyyəsinə gətirmək üçün xərclənəydi? Mən hələ onu demirəm ki, bəzi Avropa ölkələri açıq-aşkar anti-Ukrayna siyasəti aparır, onun NATO-ya və Avropa İttifaqına üzvlüyünü bloklayırdılar və indi də bloklayırlar, çünki bu ittifaqda da Aİ-yə, NATO-ya nifrət edən siyasi qüvvələr var ki, onlar gizlində Rusiyaya daha çox simpatiya bəsləyirlər...
Özünü hamıdan ağıllı hesab edən Tramp isə bu ocağa daha bir böyük odun parçası atdı: təsadüfi deyil ki, Ər-Riyad görüşündən sonra Rusiya qoşunları daha həvəslə hücuma keçdilər.
Putin nahaq yerə Zelenskinin legitim olmaması məsələsini atmayıb ortaya. Məsələ bundadır ki, ukraynalılar bir az müharibədən yorulublar, həm də daha çox insan avro-inteqrasiya kursunun doğruluğuna şübhə etməyə başlayıb və bu səbəbdən Kremldə düşünürlər ki, seçki keçirilsə, istisna deyil ki, onu qərbpərəst siyasətçi yox, rusiyayönümlü qüvvələr udacaqlar - bəli, onların gözləntisi budur.
Trampa da sərf edir bu. Ona da lazımdır ki, Ukraynada Rusiyaya loyal hakimiyyət olsun ki, müharibəni tez bir zamanda “dayandıra” bilsin...
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ