Onlayn ictimai-siyasi qəzet
Birinci idarəçiliyi dövründəki siyasi davranışı, xüsusən də hazırda Ukrayna problemi kontekstində etdikləri belə deməyə əsas verirdi ki, prezident Trampı və ətrafını nəinki Ermənistan, ümumiyyətlə, Cənubi Qafqaz demək olar ki, maraqlandırmır.
Amma bu günlərdə belə xəbər yayıldı ki, guya ABŞ Almaniyadakı bazalarından birindən hərbi texnikanı Ermənistana daşıyır, hətta deyildi ki, guya Vaşinqton bu ölkədəki bazalarını və ya onların bir hissəsini hayların ölkəsinə köçürməyi planlaşdırır.
Nə baş verir? ABŞ Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna son qoymaq istəyirmi?
Yoxsa bütün bunlar sadəcə, “texniki” məsələlərdir? Axı Tramp da, onun “biznesmen” komandası da ölkələrinin dünya işlərinə sərf etdikləri qəpikləri belə sayır, “Daha Vaşinqton səxavətli dayı və yaxud da böyük qardaş olmayacaq!” deyirlər...
Amma bir məsələ var ki, hətta BMT-yə və ya NATO-ya xərcləri əsaslı şəkildə ixtisar etməyi düşünən indiki ABŞ hökuməti Yaxın Şərq məsələlərində heç də xəsislik etmir, hətta Qəzzanın bərpasını belə öz üzərinə götürmək istəyir, halbuki ilkin hesablamalara görə, bunun üçün ən azı 400-500 milyard dollar tələb olunur!
Bu məsələdə Trampın bu qədər səxavətli və yaxud da ki, əliaçıq olmasının səbəbi budur ki, onun təkcə yəhudi diasporu ilə deyil, həm də yəhudilərlə çox sıx münasibəti var – səhv etmiriksə, bu adamın hətta kürəkəni də yəhudidir!
Birinci prezidentliyi dövründə o, Qüdsü İsrail dövlətinin bölünməz paytaxtı kimi tanıdı və ABŞ səfirliyini bura köçürdü, halbuki bu, heç də populyar qərar deyildi və dünya ölkələrinin yalnız bir neçəsi Vaşinqtona dəstək vermişdi, onlar da Vaşinqtondan çox asılı olan ölkələr idi.
Amma Donald Tramp bunu etdi. İndi də onun fələstinliləri Qəzzadan köçürmək planlarını hətta yəhudilərin çoxu müdafiə etmir, di gəl, Tramp bu məsələdə də çox israrlı görünür.
Çox güman, ona görə ki, o, yəhudi diasporuna onun dəstəyinin əvəzini qaytarmaq istəyir və ən əsası da bu dəstəyi itirmək istəmir.
Mümkündür ki, eyni hərəkəti o, erməni diasporu üçün də etməyə hazırlaşır – bəli, tamam mümkündür ki, ABŞ Yaxın Şərq məsələsində olduğu kimi elə Ermənistan məsələsində də səxavət kisəsinin ağzını açmağı düşünür. Həm də unutmaq lazım deyil ki, Vaşinqton imkan daxilində İrəvana həmişə səxavətli olub: daim ona maliyyə yardımları edirdi, bütün dünyada ən böyük səfirliyini burada saxlayırdı, üstəgəl, son vaxtlarda, hələ Tramp ikinci dəfə hakimiyyətə gələnə qədər məlum oldu ki, bəs Pentaqonun adamları Ermənistanın müdafiə nazirliyində oturub!
Odur ki, İsrail kimi, Ermənistan da ABŞ üçün ikinci istisna ola bilər, ən azı ona görə ki, bu, Trampın siyasətə “biznesmen-iqtisadi yanaşması” ilə nəinki ziddiyyət təşkil etmir, hətta onun məntiqi nəticəsi kimi çıxış edir: yəhudi və erməni diasporları ABŞ-da real siyasi gücdür və “biznesmen təfəkkürlü” siyasətçilər onunla hesablaşmaya bilməzlər!
Bəli, Avropanın və yaxud Ukraynanın belə diasporu yoxdur, ABŞ əhalisinin çoxu avropalı olsa da onlar heç də diaspora deyillər və durub Avropa ilə ən azı əvvəlki münasibətləri saxlamağa çağırmağa çalışmayacaqlar! Eyni sözləri Ukrayna haqda demək olar: ukraynalıların ABŞ-da kimi var ki!..
Əlbəttə, Ermənistan məsələsində Rusiya faktoru da var. Moskva ABŞ-ın bu ölkədə hərbi mövcudluğunun artmasını sakitcə seyr edəcəkmi?
Fəqət, burada siyasi ticarət baş tuta bilər – Kreml Ermənistanın əvəzində Ukraynanı “ala bilər”...
Bütün hallarda, bir az gözləmək lazım gələcəkdir ki, məsələlər tam aydınlşasın. Bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko ritorik bir sual verdi: Belarus nə vaxt Rusiyaya birləşəcək və yaxud da Rusiya nə vaxt Belarusa birləşəcəkdir?
Belə bir məsələdə simmetriya gözləmək əslində gülünc məntiqdir və güman, bunu Belarus prezidenti özü də çox gözəl başa düşür, amma o, anlayır ki, məsələ yavaş-yavaş buna doğru gedir və Kremlin Minsk və Kiyevlə bağlı çoxdankı planları haqqındakı söhbətlər heç də tamamilə əsassız deyildir...
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ