İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliqarxiya və dünya siyasəti...

Amma  bunu indi -Tramp və dəstəsi hakimiyyətə gələndən sonra deyə bilmirəm. Üstəgəl, hələ bundan da xeyli əvvəl neçə-neçə amerikalı politoloq haray çəkirdi ki, bəs ABŞ-da oliqarxiya hakimiyyəti götürüb.

Bu termin - oliqarxiya, az qala, Platonun və Aristotelin dövründən işlənməyə başlayıb və hətta bu iki filosof bunu heç də müsbət mənada işlətməyib.

Belədəsə, onun ən sadə və ya anlaşıqlı yozumu budur ki, oliqarxiya siyasi və iqtisadi hakimiyyətin birləşməsi və bir neçə adamın əlində cəmləşməsidir.

Təsəvvür edin, hər şey bir yana, ABŞ-da 400-500 adamın sərvəti ölkə vətəndaşlarının yarısının sərvətindən daha çoxdur!..

Aydın məsələ idi ki, belə bir hal gec-tez ABŞ-ın böyük siyasətində əksini tapacaq və bu hazırda baş verir: Tramp və İlon Mask (may ayında vəzifəsindən uzaqlaşacağı, amma baş məsləhətçi kimi qalacağı bildirilir) ölkənin siyasətini az qala, böyük bir şouya çevirib və heç kim də demir ki, Tramp bir yana, axı Maskın siyasətdə nə işi var?..

Mən heç bir vaxt böyük kapital təmsilçilərini sevməmişəm, çünki onların bu qədər gəliri necə əldə etməsini düşünərkən ilk ağla gələn “istismar” sözü olur. Axı ola bilməz ki, bu adamların şirkətlərində insanların böyük əksəriyyəti ən yaxşı halda yaxşı maaş aldığı halda bir-iki adamın sərvəti az qala, yüz milyardlardan çox olsun!..

Bu necə bölgüdür? Niyə görə belə olur? Çox təəssüf ki, bu sualın heç vaxt ağlabatan cavabı tapılmır: doğrudanmı, hətta universiteti tamam bitirməmiş Bill Qeyts və yaxud da indi meydan sulayan İlon Mask hamıdan ağıllıdır? Mən başa düşürəm, “biznes ideyası” deyilən anlayış da var və hər adamın ağlına gəlmir bu! Bir dəfə hesalamışdılar ki, əslində Eynşteyn dünyanın ən varlı adamı olmalı idi, amma olmadı. Bu boyda adam adi bir alim həyatı yaşadı. Bəlkə də ona görə ki, öz kəşflərini “biznes ideyası”na qədər inkişaf etdirməyə çalışmadı, hərçənd onun texniki ixtiraçılığa, yəni mühəndisliyə böyük həvəsi vardı, amma özünü yalnız böyük nəzəriyyəçi fizik kimi təsdiq edə bildi...

O ki qaldı oliqarxiyanın siyasi məqamlarına, çox varlı adamlar, böyük kapital heç vaxt demokratiyaya - filana maraqlı olmur, daha doğrusu, müəyyən müddətə qədər iqtisadi azadlıqları dəstəkləyirlər, fəqət, elə ki, əllərində böyük kapital cəmləşir, başlayırlar inhisarçılığa, hətta sosial hüquqları belə pozmağa...

Hələ 90-cı illərdə diqqətimizi bir detal cəlb etmişdi: dünya QHT-ləri, hüquq-müdafiəçiləri transmilli şirkətləri insan hüquqlarının pozucusu kimi hətta dövlətlərlə bərabər tuturdular. Bəli, onlar hər yerdə ucuz və hüquqsuz, demək olar, müdafiəsiz işçi qüvvəsi axtarırlar! Bu elə bir vaxt idi ki, biz, əksinə, həmin transmilli şirkətlərə yalvarırdıq ki, gəlin bizim sərvətlərimizi - neftimizi və qazımızı hasil edin və bizə də bu sərəvətlərin, heç olmasa, bir hissəsini verin...

Ən maraqlısı budur ki, böyük kapital - oliqarxiya təkcə ABŞ-da hakimiyyətini rəsmiləşdirmədi. Hətta postsosialist və postsovet ölkələrinin çoxunu oliqarxlar idarə edir. O gün oxuyuram ki, bəs keçmiş Ukrayna prezidenti, oliqarx Poroşenko ötən il yüz milyon dollardan çox qazanıb! Sual olunur: xeyir ola? Necə olur ki, ölkə müharibə içində boğulur-batır, amma bunların sərvəti ildən-ilə artır?

İndiki hakimiyyətlə bağlı söz deyə bilmərəm, amma hətta indinin özündə də bəziləri ölkəyə yönəldilən milyardlarla dollar hərbi-texniki yardımın və maliyyə dəstəyinin çox hissəsinin harasa sovrilduğu haqda haray çəkirlər!..

Elə götürək böyrümüzdəki Gürcüstanı. Neçə illərdir, onu bir oliqarx “fırlatmırmı”? Ona görə etiraf etmək lazım gəlir ki, bəli, Dünya böyük kapital - oliqraxiya qarşısında çoxdan təslim olub, elə bu səbəbdən hələ çox siyasi sürprizlər olacaq. Bunları nə demokratiya maraqlandırır, nə də bazar iqtisadiyyatı! Daha çox sərvət, daha çox maddi kapital və daha çox da hakimiyyət - bunların can atdığı hədəflər budur...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR