Onlayn ictimai-siyasi qəzet
Bizdə, müsəlmanlar arasında, dini mərasimlər dövründə dünyasını dəyişənlərə xüsusi münasibət var: deyirlər ki, bəs bəxtəvər Tanrının sevimli bəndələrindəndir.
Bilmirəm, başqa, qeyri bir dinlərdə, xüsusən də xristian aləmində belə bir şey var, ya yox? Amma Roma Papası Fransisk də xristianlar üçün ən müqəddəs bir dövrdə - Pasxa bayramları vaxtında vəfat etdi.
Onunla bağlı deyəcəyimiz xüsusi bir şey yoxdur, formal olaraq çox ilklərə imza atsa da, amma yenə də, o, özündən əvvəlki Papa 2-ci İohann Pavel deyildi.
Bəli, dünyəvi, fani həyatda Karol Yuzef Voytıla adı ilə yadda qalan polyak 2-ci İohan Pavel hələ də nəinki dünya xristianlarının, xüsusən də kommunizmdən xilas olan ölkələrin əhalisinin, o cümlədən bizim də çox yaxşıca yadımızdadır, çünki o, bir vaxt Azərbaycana da səfər etmişdi.
Amma əvvəlcə onu deyək ki, bu adamın kommunist rejiminin çökməsində xidmətləri heç də dissident Valensadan, Haveldən və qeyrilərindən az olmamışdı. Deyilənə görə, bir ara Polşada siyasi məyusluq yaşanan zaman, hətta Valensa mübarizədən kənara çəkilərkən Voytıla Roma Papası kimi durub Polşaya səfər edir, şəxsən Lex Valensa ilə görüşür və bundan sonra çox şey dəyişir, Polşada mübarizə güclənir...
Voytıla Azərbaycana gələndəsə sonuncu artıq tamam müstəqil dövlət idi, amma onun Azərbaycandakı çıxışı və duaları hələ də yadımızdadır.
Xüsusən də bir detal diqqətimizi çəkmişdi: çıxışında bir neçə yerdə böyük Nizamidən sitatlar vardı! İnanın, mən bu yaşa gəlmişəm, amma bir dəfə görməmişəm ki, bizim din adamları, məsələn, Nizamidən hansısa sitat gətirsinlər, halbuki Nizami həm də Şeyx olubdur! Düzdür, doxsanıncı illərdə hakimiyyətdən getməkdə olan bir İran prezidenti (onları da molla saymaq olar!) Azərbaycana məxsusi olaraq Nizaminin məqbərəsini ziyarət etmək üçün gəlmişdi...
Mən burada katolisizm, Roma Papaları haqqında daha heç nə deməyəcəm, təkcə onu deyim ki, Karol Yuzef Voytıla həm də bir Papa kimi onunla yadda qalmışdı ki, katolik kilsəsinin bəzi keçmiş əməllərinə görə bəşəriyyətdən üzr istəmişdi. Düşünürəm, bu detal heç də az şey demir. Şəxsən mən xristian cərəyanları arasında seçim etməli olsaydım yəqin protestantlığa üstünlük verərdim, hərçənd, katolik kilsələri həmişə özlərinin möhtəşəm tərtibatları ilə, xüsusən də orqan musiqisi ilə seçilibdir.
Səhv etmirəmsə, protestant məbədlərində belə bir şey yoxdur, amma əvəzində protestantların Yan Qusu, Martin Lüteri və mənə elə gəlir ki, dinə daha demokratik münasibətləri var...
Həm də çox təəssüf ki, xristianlığın dini-etik doktrinası da bizə bir o qədər inandırıcı görünmür, onlar nə qədər ülvi və yüksək olsalar da hətta bu günün özü üçün elə də real səslənmirlər.
İsa Məsihin bir sıra çağırışlarını hətta bu gün üçün ona görə irreal adlandırıram ki, əsl xristianlardan beş-üç adam bunu qəbul edə, ya etməyə! Niyə xristian Tramp bütün bəşəriyyəti amerikalıları sevdiyi kimi (guya!) sevmir? Sevsin də! Yoxsa, məsələn, Çini bütpərəst ölkəsi olduğuna görə sevmir? Yoxsa Qrenlandiyanı eskimosları sevdiyinə görə Danimarkadan qoparmaq istəyir? Ya da bəlkə Kanada əhlini sevdiyinə görə bu boyda ölkəni ABŞ-ın bir ştatına çevirmək istəyir? Axı ABŞ mühafizəkarları xristian dəyərlərinə həmişə daha çox önəm veriblər...
Niyə görə bütün dini mərasimlər zamanı hamıdan əvvəl kilsəyə gələn, şəxsən özü şam yandırıb dua edən (yəqin hakimiyyətinin uzanması üçün dua edir!) “dindar prezident” Vladimir Putin bu yazıq Ukrayna xalqını sevmir? Sevmir, qoy, sevməsin! Heç olmasa, rəhmi gəlsin! Məgər yazıq deyilmi bu Ukrayna xalqı?..
Odur, bir daha deyirəm ki, İsa peyğəmbərin çağırışı ən azı böyük əksəriyyət üçün hələ də irrealdır, əlçatmazdır, insanların çoxunun ən azı Jan Valjan (hələ yepiskop Mirieli demirəm!) kimi dinə - imana, haqqa gəlməsi üçün on min, bəlkə də yüz min illər vaxt lazımdır: o vaxta qədər isə ya Günəş sönər, ya da hansısa başqa qlobal fəlakət baş verər...
Katolik dünyasına, onun biri-birini əvəz edən Papalarına gəldikdəsə, təəssüf, hələ də tamam anlaşılmır: axı bunlar üçün əsas nədir? Özlərinin Yer üzündəki hakimiyyətləri, yoxsa əsl xristian dəyərlərinin təntənəsi?..
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ