İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Fukuyama indi nə deyərdi?..

Ötən həftə Ukrayna problemi ilə bağlı iki mühüm xəbər oldu. Birincisi, deyildi ki, ölkə parlamenti - Ali Rada prezident Volodimir Zelenskinin hakimiyyətinin legitimliyi məsələsini həll edib, qərar qəbul edib ki, hərbi vəziyyət qalanadək indiki prezident və onun hakimiyyəti legitim sayılacaq.

Daha bir siyasi hadisə, Zelenskinin ABŞ-a səfəri haqda nəsə deməyəcəyik, çünki əvvəlcədən onun prosesi kardinal şəkildə dəyişəcyinə ümüdimiz yox idi və bu, təsdiqləndi - nəinki anlaşma olmadı, hətta gərgin görüşdən sonra Tramp komandasına Kiyevə hərbi-texniki yardımı dayandırmaq imkanlarını araşdırmağı tapşırdı.  

Səbəbi də budur ki, proses artıq deformasiya olunubdur, dialoqlar Kiyevin iştirakı olmadan keçirilir və bunun özü ilk böyük güzəştdir.

Üstəlik, Vaşinqtonun hətta “minerallar haqda müqavilə”nin əvəzində belə Ukraynaya ciddi təhlükəsizlik təminatı vermək niyyəti yoxdur, o, bu yükü ən yaxşı halda Avropaya ünvanlamaq istəyir. Avropa ölkələri Kiyevi müdafiə edir, amma istirahət günü baş tutan London sammiti də  həlledici dönüş adlanmaqdan hələ uzaqdır.       

Odur ki, başlayaq birincidən. Gizlətmirik ki, bizim də Zelenskiyə elə bir simpatiyamız yoxdur, çünki şou əhlini heç vaxt sevməmişik, Ukrayna prezidenti isə hazırda da “KVN”çiyə daha çox bənzəyir, nəinki müharibə aparan ölkənin liderinə!

Əlbəttə, biz də müəyyən mənada sovet adamı olmuşuq, gəncliyimiz sovetin dövründə keçibdir və bəlkə də bunun təsəvvürümüzdəki siyasi obrazlara da təsiri var.

Bütün hallarda, üç ildir Rusiya ilə müharibə aparan Ukraynanın liderini  daha çox Fidel Kastro və yaxud Yasir Ərəfat kimi təsəvvür edərdik.

Bir daha deyirik: bəlkə də bu, sovet təsəvvürlərindən qalma bir şeydir, axı tanınmış filosof A.Zinovyev sovet adamını xüsusi, orijinal sosial tip kimi müəyyənləşdirmişdi!.. 

O ki qaldı legitimlik məsələsinə, dəfələrlə yazmışıq ki, indi Ukraynaya milli qurtuluş hökuməti lazımdır və heç də vacib deyil ki, bu hökumətin başçısı Zelenski olsun. Aydın olanı budur ki, hazırkı şəraitdə Ukraynada demokratik seçki keçirmək demək olar ki, mümkün deyil.

Həm də İkinci Dünya müharibəsi zamanı ABŞ SSRİ -yə dəstək verərkən, İkinci cəbhəni açarkən bu ölkədə demokratik seçkilərin keçirilməsini tələb edirdimi? O vaxt heç bunun yeri idimi? Anti-Hitler koalisiyasının ən aparıcı ölkələrindən birində, Böyük Britaniyada hökumət necə qurulmuşdu, Uinston Çerçill necə baş nazir olmuşdu?

Ona görə də realist olmaq lazımdır və başqa məsələlərdə realist, praqmatik olmağa çalışan Tramp cənabları bu məsələdə də özünü belə aparmalı, Volodimir Zelenskini “diktator” adlandırmamalı (indi Tramp guya bunu nə vaxt dediyini xatırlamır!), “onu ukraynalıların hətta dörd faizi belə müdafiə etmir!” deməməlidir!..

Onun niyə belə bəyanatlar verməsinin səbəbi prinsipcə, hamıya məlumdur: Donald Tramp da Vladimir Putin kimi Ukraynada başıaşağı, Rusiyaya loyal, Vaşinqtonun buyruqlarını səssiz yerinə yetirən adamın hakimiyyətdə olmasını istəyir. 

ABŞ prezidenti indidən deyir ki, Ukrayna NATO-nu unutmalıdır! Hətta Ukraynanın zəbt olunmuş əraziləri ilə bağlı məsələlərdə indidən güzəşt  yeri qoyur: demir onun bütün əraziləri qaytarılmalıdır, bildirir ki, ABŞ bu ölkənin mümkün qədər daha çox ərazisinin qaytarılmasına cəhd edəcək - bəli, “bütün ərazilərin ”yox, “mümkün qədər daha çox ərazinin!”..

Məsələ ondadır ki, ABŞ prezidenti bu hoqqaları tək ona görə çıxarmır ki, Rusiyaya loyaldır, onunla “bazarlaşmağa” meyllidir, yox, bunun başqa səbəbləri də var.

Birincisi, Trampın Zelenski ilə şəxsi problemləri də var. Bir neçə il bundan əvvəl o, Ukrayna prezidentindən keçmiş prezident Co Baydenin oğluna qarşı kompromatlar istəmişdi, amma bunu ala bilməmişdi.

İkincisi, Tramp qlobal liberalizm erasını bitirmək, onu pan-amerikanizmlə əvəz etmək istəyir. Burada yadımıza amerikalı politoloq Frensis Fukuyamanın məşhur “Tarixin sonu?” məqaləsi düşür.

Fukuyama həmin məqaləni sonradan nəinki politoloji, hətta sosio-kulturoloji konsepsiyaya çevirdi. O vaxt deyilirdi ki, proffessor, liberal dəyərlərin, xüsusən də Qərbin tam və qəti qələbəsindən danışmağa tələsməyin, hələ heç də hər şey bitməyib, Dünya, bəşəriyyət hələ çox təhdidlər yaşayacaq!

Professor Fukuyama hələ dünyasını dəyişməyib və yaşının müdrik çağındadır. Ona görə də çox, olduqca maraqlıdı: görən, o, Trampın indiki fokuslarını necə yozardı? Bunlar nədir? Ötücü epizod, yoxsa ciddi və geridönməz tendensiya?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR