Onlayn ictimai-siyasi qəzet
Kimsə inkar etmir ki, NATO-nun yaranması bu və ya digər şəkildə “soyuq müharibə”nin nəticəsində olmuşdu.
Bəlkə də “soyuq müharibə”, sovet və ya kommunizm təhlükəsi olmasaydı Qərb dövlətlərinin kollektiv müdafiə sisteminin yaranmasına da ehtiyac olmaycaqdı.
Əlbəttə, tarix video - çarx deyil ki, geriyə fırladıb baxasan və yaxud da “bu cür olmasaydı başqa cür necə olardı?” soruşasan!
İndi Rusiya mənbələri iddia edir ki, Varşava Paktı ilə birlikdə NATO da buraxılmalıydı.
Doğrusu, bəzi detalları artıq unutmuşuq, amma, zənnimizcə, bununla bağlı nəinki hər hansı saziş və ya yazılı öhdəlik, hətta şifahi razılaşma da olmamışdı.
Varşava Paktı ona görə dağıldı, çökdü ki, keçmiş sosialist düşərgəsi dağıldı, bu Paktın üzvləri özlərinin əvvəlki siyasi və geosiyasi seçimindən imtina etdilər, məlum oldu ki, SSRİ bunları işğal edib, zorla özünü geosiyasi və siyasi düşərgəsinə daxil edib! Təsadüfi deyil ki, bu ölkələr SSRİ dağılan kimi NATO-ya və Avropa İttifaqına üz tutdular!..
Digərləri ərz edir ki, indi “soyuq müharibə” yoxdur, NATO niyə qalmalıdır? İlk baxışda, zahirən “məntiqli” görünür, amma baxın, soyuq müharibə bitsə də, hətta Rusiya özü qeyri-kommunist inkişaf yolu tutsa da, Rusiyanın aqressiv siyasəti davam edir, bu ölkə ən azı bütün post-sovet məkanı üçün təhdid olaraq qalır.
Hazırda o, Ukraynaya qarşı müharibə aparır, amma istisna deyil ki, sabah bu savaşı digər post-sovet və ya post-sosialist ölkələrinə qarşı da açmayacaq! Buna görə də onu bundan çəkindirəcək hansısa hərbi alyansa, bloka ehtiyac var, ya yox?
Bizə elə gəlir ki, var, baxmayaraq NATO da bir çox hallarda zəruri qədər effektiv ola bilmir, çünki Rusiyaya qarşı savaş açmaq elə də asan məsələ deyil, o səbəbdən ki, bunun böyük nüvə potensialı var və liderləri dünyanı, NATO ölkələrini bununla şantaj etməkdən belə çəkinmirlər...
Həm də hazırda dünyada digər geosiyasi qütblərin yaradılması üçün cəhdlər edilir.
Sual olunur: əgər belə cəhdlər varsa, niyə görə hazırda mövcud olan qütbdən imtina etmək lazımdır?
Ona görə də NATO-nun qalması heç də fəlsəfi məsələ deyil, çünki siyasətçilər, diplomatlar və hərbçilər fəlsəfə ilə məşğul olmurlar, onlar daha realistdirlər və realist olmağa da borcludurlar.
Düşünürük ki, həm də sonuncu sualı cənab Donald Trampa ünvanlamaq lazımdır, ona görə ki, bu adam öz beyninə yeridib ki, guya NATO yalnız Avropa ölkələrini qorumaq üçün lazımdır! Belədirmi?
Əlbəttə ki, yox! NATO yeganə hərbi blokdur ki, müəyyən siyasi-iqtisadi dəyərləri bölüşən dövlətləri birləşdirir.
Söz yox ki, o, müəyyən mənada ABŞ-ın da maraqlarını müdafiə edir. Amma bu vaxta qədər ABŞ-ın maraqları həm də bəzi ölkələri, demokratiya, insan haqları və bazar iqtisadiyyatı kimi dəyərləri bölüşən dövlətləri müdafiə etmək olub!
Əgər ABŞ bundan imtina edirsə bu, onun öz işidir, bizə elə gəlir ki, hətta Tramp cənablarının səyləri nəticəsində Vaşinqton bu missiyasından imtina edərsə, digər dövlətlər özünü müdafiə etmək məsələsində elə də aciz olmayacaqlar, onlar özlərinin hərbi-siyasi alyanslarını yaradacaqlar: Nə qədər vaxtdır ki, Avropanın belə kontinental hərbi-siyasi alyansının yaradılması haqqında söhbətlər gedir və zəruri anda bu cür söhbətlər real ola bilər...
İndi hamı intizardadır ki, görək, Tramp NATO ilə bağlı nə edəcək? Amma burada bəzi məqamları qeyd etmək lazımdır.
Birincisi, özünün ilk idarəçiliyinin dövründə Donald Tramp cənabları israr edirdi ki, NATO üzvləri özlərinin milli gəlirlərinin iki faizini müdafiəyə yönəltsinlər, indi o, beş faizdən dəm vurur! Bu nədir? Burada da inflyasiya özünü diqtə edir yoxsa? NATO üzvləri üç faizə razıdırlar. Odur ki, görək, nə olur...
İkincisi, Donald Tramp cənabları son illərdə formalaşmış siyasi etikanı da pozur. Belə ki, Rusiyadan başqa heç kim özgə ərazilərini özünə birləşdirməyi planlamırdı. Amma Tramp Qrenlandiyaya, hətta Kanadaya iddia edir! Nə deməkdir bu? Niyə Kanada boyda dövlət gəlib ABŞ-ın ştatı olmalıdır! Rus siyasətçilərinin təfəkkür tərzini xatırlatmır bu?
Ruslar Krımı işğal edəndə iki rusiyalı diplomatın danışığı aşkarlanmışdı: bunlar deyirdi ki, tezliklə Alyaskanı da alacağıq! Həqiqətən də mağara təfəkkürü deyilmi bu?..
Hazırda hamı Trampla Putinin telefon danışığından bəhs edir. Deyilənə görə, danışıq saat yarım davam edib! Olsun! Hətta müharibələr vaxtı da diplomatiyalar və diplomatlar öz işində olur, üstəlik, saat yarım da danışıb heç nə deməmək olar!
Amma burada məsələ başqadır. Ukrayna-Rusiya müharibəsini dayandımaq yaxşı olardı. Fəqət, nəyin bahasına? Doğrudanmı üç illik müharibədən, bu qədər itkidən sonra Ukraynanı Rusiyanın ayaqları altına atmaq böyük siyasi fərasət və ağıl tələb edir? Axı bu, heç biznes də deyil, çünki biznesdə də hamı daha çox mənfəət götürməyə çalışır!
Yox, bu, hətta siyasi biznes də deyil, siyasi relyativizm və prinsipsizlikdir! Məhz buna görə nəinki Kreml, dünyanın bütün irili-xırdalı avtoritar liderləri intensiv şəkildə Trampa kanal arayır, çünki onlar da yeni ABŞ prezidentini prinsipsiz, hətta relyativist adam hesab edirlər və düşünürlər ki, Donald müəllim onların çirkli əllərini sıxacaq və onlarla əməkdaşlıq edəcəkdir...
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ