İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən daha kimin üçündür?..

Bir neçə il bundan əvvəlin söhbətidir. Bir kitab haqqında elə hey deyirdilər ki, bəs bu, bizim intellektualların stolüstü kitabıdır. Bəli, bir dəfə dedilər, iki dəfə, üç dəfə dedilər və məni maraq bürüdü, dedim tapıb oxuyum onu, görüm, axı nə kitabdır bu?..

Qərəz, tapıb oxudum. İnanmazsınız, nə qədər məyus oldum! Birincisi, ona görə ki, bu kitabda normal ali təhsil almış adam üçün yeni heç nə yox idi və mən hələ də bilmirəm, bizim “intellektuallar” nə tapmışdılar, axı nə kəşf etmişdilər onda!

İkincisi, kitabın yazı üslubu da hədsiz dərəcədə primitiv idi. “Filankəs belə demişdir!” – özü də iki cümlədən bir!..

Axı kim belə yazır? Hətta səkkizinci sinif şagirdləri belə bundan daha sanballı üslub seçərdi!

Bəli, qədimlərdə Platon əsərlərini dialoq şəklində qələmə alırdı və mən onun bir-iki əsərini oxuyandan sonra təəccüblənmişdim ki, nə əcəb bu adam qədim dünyanın ən böyük dramaturqlarından biri olmaq fikrinə düşməyib, möhtəşəm faciələr yazmayıbdır? Ona görə ki, dialoqları çox yaxşı alınmışdı.

Təcrübəmdən daha bir element kimi deyim ki, sovetin vaxtlarında riyaziyyatçı akademik L.S.Pontryaqin özünün riyazi analizə elementar giriş kimi yazdığı kitabı sual-cavab üslubunda qurmuşdu və cəhdi xeyli uğurlu alınmışdı. Müəllif sanki oxucunun da funksiyasını öz üzərinə götürmüşdü...

Qərəz, dediyim budur ki, MƏTNİN də ARXİTEKTURASI olur və bu baxımdan “o dedi, bu dedi” üslubu ən primitivlərindəndir. Burada həm də erudit və həqiqi intellektual məsələsi ortaya çıxır.

Erudit üçün hansısa fikir, onun məntiqi yükü və ya gücü önəm kəsb etmir, onun üçün əsas odur ki, bu fikri FİLANKƏS deyib və düşünür ki, “Eynşteyn belə demişdir” yazmaqla onu oxucuya qəbul etdirəcəkdir. İntlellektual üçün ən əsası fikrin müəllifi yox, özüdür, o, həmin fikri oxucuya özünün və eləcə də fikrin özündə gizlənmiş məntiqin köməyilə qəbul etdirməyə çalışır, çünki əsl intellektualın mövqeyi budur ki, hətta Eynşteyn də yanıla, hətta səhv edə bilər, ona görə də əsas məsələ hansısa fikrin müəllifi yox, fikrin özüdür...

Bəs onda bizim “intellektuallar” niyə vurulmuşdular bu kitaba? Bunun ən birinci səbəbini onların bəzisinin elmi səviyyəsində axtarmaq lazımdı. Daha bir səbəb də budur ki, bizim çoxumuz demək olar ki, həqiqi böyük alimlər görməmişik və ya çox az görmüşük, ona görə də kimə gəldi dahi və ya nəhəng alim epitetlərini yapışdırırıq...

Əslində bizdə real vəziyyət necə olub? Sovetin dövründə məşhur lətifə vardı və mən onu hətta o vaxt bizim öz elm adamlarımızın da dilindən eşitmişdim.

Bəri başdan deyim ki, bu, sadəcə lətifədir və mən heç vaxt tamam inkarçı mövqe tutmamışam – bizim də istedadlı alimlərimiz olubdur, hərçənd, məndən dahi alimlərimizin adını soruşsaydılar bir az çətinlik çəkərdim, çünki belələri demək olar ki, olmayıb.

Ümumilikdə götürəndə isə, düşünürəm ki, bütün tarixi boyu Azərbaycanda daha çox bir nəfər – Nizami həqiqətən də dahi adlanmağa layiqdir. Amma bəs Üzeyir bəy? Axı dahi təkcə ümumbəşəri miqyaslarda olmur, hər xalqın da öz dahisi olur! Məhz buna görə bir neçə oil bundan əvvəl bir saytdakı yazımızda onu “ən legitim azərbaycanlı dahi” adlandırmışdıq! Üstəlik, müsəlman Şərqində ona qədər simfonik musiqi yazan olmuşdumu?

Bitdimi siyahı? Yox, bizə elə gəlir ki, hələ Mirzə Fətəli də var. Ona qədər də ən azı İranda heç bir dramaturgiya-filan yox, böyük ehtimalla Osmanlıda da belə şey yox idi. Bu adamı həm ilk böyük türkçü, həm də nə qədər paradoksal olsa da İran millətçiliyinin banisi hesab edirlər. Hələ onu da demək lazımdır ki, onu Şərqin Molyeri adlandıranlar da olub, Molyer isə Qərbin dahi dramaturqu-komedioqrafı idi...      

Bəlkə də bir az yanılıram, ona görə ki, mənim də yalnız bəzi sahələrdən az-çox xəbərim var, heç də bütün elm sahələrindən məlumatlı deyiləm.

Amma bir məsələni dəqiqcə bilirəm ki, bizim hətta istedadlı alimlərimizin də çoxu öz sahələrinin aparıcı simaları deyildilər, uzağı talantlı alimlər idilər.

Həm də, səhv etmirəmsə, o vaxtki elmi statistika da heç də bizim xeyrimizə deyildi, o səbəbdən ki, elmlər doktorlarının sayına görə on beş respublika arasında heç də ön sırada deyildik...

Gələk məşhur lətifəyə. Belə deyilirdi ki, guya ermənilər Moskvaya müraciət edirlər ki, bəs biz donanma istəyirik! Kremldən cavab gəlir ki, yoldaşlar, axı sizin dəniziniz yoxdur! Ermənilər qayıdır ki: “Nə olsun? Azərbaycanda elm yoxdur, amma akademiya var!”...

Bəli, bizim o vaxtki alimlərimizin də dilindən eşitdiyim o məşhur lətifə bu idi. Əlbəttə, bu, sadəcə, lətifədir – buna qalsa, biz də ermənilərin çox cəhətlərinə gülə bilərdik. Yəni bir daha deyirik ki, bu, sadəcə, lətifə idi və bundan xüsusi diskomfort keçirməyə ehtiyac yoxdur.

Üstəlik, bu, heç də o demək deyil ki, lətifədəki iddianı bölüşürdük və yaxud da indinin özündə bölüşürük – yox, bizim o vaxt da çox istedadlı Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Zahid Xəlilov kimi alimlərimiz vardı. Bir azca yuxarıda yazdım ki, bəs bizim hətta istedadlı alimlərimiz də sahələrinin aparıcı simaları deyildilər. Amma indi yadıma düşür ki, Zahid Xəlilov funksional analiz sahəsində İttifaqda çox sayılan alimlərdən idi, hətta bu sahədə ilk dərsliyi də məhz o, yazmışdı...      

O ki qaldı həmişə xain ermənilərə, onda bunların öndə olduğu elm sahəsi astrofizika idi. Amma onların bu sahədə “ən böyük uğuru” hesab edilən “Bürakan kosmoqonik konsepsiyası”nın adı çəkiləndə sanballı alimlər çox pis qoxu hiss edirmiş kimi üz-gözlərini turşudurdular, çünki ciddi elmdə belə bir konsepsiya yox idi, bunu jurmalistlər uydurmuşdu...

Di gəl, bütün bunlara rəğmən, indi hər dəfə metroda “Elmlər Akademiyası” sözləri elan olunanda çox qarışıq hisslər keçirirəm. Ona görə ki, bizim Akademiyanın da az-çox möhtəşəm dövrləri sovetin vaxtında qaldı. Sovet rejimi çökəndən sonra istedadlı alimlərimizin çoxu Türkiyəyə və başqa ölkələrə köçüb getdilər. Ən dəhşətlisisə budur ki, onların çoxu artıq dünyasını dəyişibdir. Hərdən istedadlı gənclərimizin sorağı gəlir, amma çox uzaq ölkələrdən. Bizdə isə indi alim daha çox Balakən-Qax ləhcəsilə Şirvan ləhcəsi arasındakı fərqləri, Novruz şənliyinin harada və necə keçirildiyini araşdıranlara deyilir.

Belə bir tezis atılıb ortaya ki, guya elmin vətəni olmur! Niyə axı? Məgər vətən yalnız yaltaqlar üçündür?  

Yəni doğrudanmı, bizə daha savadlı riyaziyyatçılar, fiziklər, kimyaçılar və ya bioloqlar lazım deyil?

Axı onlar ölkədə çox olsalar, ən əsası da belələri söz sahibi olsalar hər ortabab kitab bizi bu qədər təəccübləndirməz və bizim də stolumuzun üstündə daha sanballı kitablar peyda olar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR