Onlayn ictimai-siyasi qəzet
O söhbətin üstündən bəlkə otuz ildən çox vaxt keçib. O vaxt siyasi yazarlar bir araya gələndə nə qədər paradoksal olsa da, siyasətdən çox ədəbiyyatdan-sənətdən danışırdıq.
Bir səbəbi bu idi ki, o vaxtın siyasi yazarlarının çoxu ədəbiyyata meylli insanlardı.
Bəzilərinin nəinki ilk ədəbi-bədii təcrübələri vardı, hətta aralarında artıq ədəbi mühitin diqqətini çəkənlər də az deyildi.
Mənim kimi daha çox politologiyaya meylli siyasi yazarlara gəldikdəsə, hələ onda bir avropalı kommunistin fikrini oxumuşdum.
Yazırdı ki, siyasətlə bacarmırsınızsa, cəhdləriniz alınmırsa, çalışın, mədəniyyəti götürün, çünki o, heç də siyasətdən az iqtiqamətləndirmir, yönəltmir insanları.
Bu, məsələnin bir tərəfi idi. Digər səbəbsə bu idi ki, yazı elə prosesdir ki, onun gedişində istər-istəməz bütün oxuduqların-eşitdiklərin, dünyagörüşün özünü göstərir. Üstəgəl, siyasi yazarın özündən irəli gələn subyektiv məqamlar da var burada.
Beş-altı ayın söhbəti olar. Bir media eksperti demişdi ki, jurnalist esse yazmır, yazmamalıdır da!
Amma bunu oxuyanda mənim ağlıma gələn ilk sual bu oldu ki: Axı niyə? Şəxsən mənim bu vaxta qədər yazdıqlarımın 95 faizi siyasi esselər olub! Hətta indinin özündə də Putindən, Trampdan yazdığım yerdə birdən durub öz yuxularıma keçə bilərəm!..
Az da olsa bununla səsləşən bir detalı da sizinlə bölüşə bilərəm. 90-cı illərdə bir amerikalı kəşfiyyat analitiki yazırdı ki, vaxtilə biz analitik məruzələrimizdə lətifələrdən də istifadə edirdik ki, onlar daha rahat və həvəslə oxunsunlar...
Qayıdaq otuz il bundan əvvəlki söhbətə. İndi xatırlamıram, necə oldusa, filoloji savadına çox hörmət etdiyim gənc yazarlardan biri (o dövr üçün!) qayıtdı ki, Seyyid Əzimdə orijinal heç nə yoxdur, hamısı Fizuliyə nəzəriyyədir!
O vaxt mən heç nə demədim, çünki bununla bağlı heç bir savadım yox idi...
Demirəm ki, indi bu mövzuda xeyli savadlanmışam. Yox, belə bir şey yoxdur. Amma mənim bir xasiyyətim var: bir fikir beynimə “mıxlandısa”, daim məni təqib edəcək! Bu dəfə də belə oldu. Demirəm bunun üçün gedib M.F.Axundov adına Milli Kitabxanada araşdırmalar apardım. Belə şey olmadı. Fizuli də, Seyyid də mənə bir az məktəbdən tanış idi.
Yadıma gəlir, biz məktəbdə oxuyanda Fizulinin “Leyli-Məcnun”unu gözəl tərtibatda çap etmişdilər, illüstrasiyaların da müəllifi, səhv etmirəmsə, xalq rəssamı Mikayıl Abdullayev idi. Bəzi sənətşünasların yazılarından bir az sonradan oxudum ki, Səttar Bəhlulzadənin də “Leyli-Məcnun” albomu varmış və bu adam Fizulini çox yaxşı bilirmiş...
Mənə qaldıqda isə, uzun müddət, elə indi də Fizuli də, onun sehrli bədii dünyası da mənim üçün sirli bir aləm kimi qalır.
Hətta bir ara Fizulinin dili mənə bizim bəzi rusdillilərin dili kimi təsir bağışlayırdı: siz rus - Azərbaycan sözlərini horra kimi biri-birinə qatan adamları heç sevirsinizmi? Belə “dil” sizə xoş gəlirmi? Bəs niyə görə ərəb-fars-türk dillərini horra kimi biri-birinə qatan bizə xoş gəlməlidir?
Amma zaman keçdikcə anlamağa başladım ki, bu dilin də, əruzun da nəsə bir sehri var. Bir ara bir cənublu soydaşımız – siyasi mühacir mənə bir azca əruzu izah etmişdi; məktəbdə onlara bunları daha ciddi öyrədirlərmiş. Amma, nə gizlədim, sonradan bunu da unutdum: axı mən ədəbiyyatşünas yox, siyasi yazar idim! Amma Fizuli ilə, əruzla bağlı qandığım bu oldu ki, əgər başa düşmürsənsə, yaxşısı budur sus, danışma, çünki burada nəsə bir sehr var...
O ki qaldı Seyyidə, məktəbdə onun da iki-üç satirasını oxumuş, beş- üç qəzəli haqqında eşitmişdim. Bir də səhv etmirəmsə, o dövrün yazıçılarından Əzizə Cəfərzadənin onun haqqında “Aləmdə səsim var mənim” romanını oxumuşdum.
Amma dediyim o söhbətdən sonra Fizuliyə və Seyyidə daha çox diqqət yetirməyə, deyilənləri daha diqqətlə dinləməyə başladım və gördüm ki, yox, heç də belə deyil: Fizuli çox ruhani şairdir, hətta daha dindardır, amma Seyyid belə deyil, bir azca şuluqçudur, Allahın nadinc bəndəsidir, o, sanki Xəyyamla Fizuli arasında vurnuxur...
Adicə bir misal:
Zahida, bükmə məni ayə yazılmış kəfənə,
Neyləyər ayə küfr ilə dolmuş bədənə...
Səhv etmirəmsə, bəli, yaddaşım aldatmırsa, yanılmıramsa, Seyyidin misralarıdır bunlar. Hərçənd, artıq yaddaşıma tamam-kamal etibar edə bilmirəm, amma məncə, onun misraları olmalıdır. Üstəlik, onun bu cür misraları çoxdur, hansındakı o, özünü hətta “kafər” adlandırır.
Qayıdaq yazının əvvəlində hallanan söhbət məsələsinə. Əvvəlcə onu deyim ki, bu il həm də Seyyidin 190 illiyi qeyd olunacaq və düşünürəm, heç də günah olmaz, əgər onunla bağlı mənim kimi adi, hətta diletant oxucular da bir – iki kəlmə söz yazsalar...
Digər məqama gəldikdə, inanın, bəzən özümdən, siyasətdən və siyasi mövzulardan qaçmaq istəyirəm.
Otuz il az qala, kiçicik siyasət mərkəzi - “institutu” kimi çalışdım. Qiymət verən oldumu? Əksinə, hətta özümüzün keçmiş müxalifət cameyəmizdə belə eşitdiyim bu oldu ki, buna imkan vermək olmaz...
Demirəm ki, ədəbiyyatdan-sənətdən-filandan yazsam durub sinəmə orden taxacaqlar, yox, olmayacaq. Sadəcə, təskinlik verən budur ki, heç olmasa, arabir bu ölkəni, yerləşdiyimiz bu qəliz bölgəni və ya Dünyanı tamam yaddan çıxarıb (amma buna nail ola bilirəmmi?) ürəyim istəyəni, lap açığı, kefim istəyəni yazıram...
Üstəlik, elə zənn edirsiniz ki, bizim yalnız siyasi və iqtisadi azadlıqlarla bağlı problemlərimiz var?
Yox, elə yaradıcılıq azadlığı sahəsində də heç də az problemlər yaşanmır. Məsələn, bu ölkədə rejissor əsl, böyük festivallara gedə biləcək film çəkə, yazıçı əsl roman yaza, alim əsl tədqiqat (ictimai elmlərdən söhbət gedir, təbiət elmlərinin problemi bir başqadır. Onlar demək olar ki, heç kimə lazım deyil, onlarla bağlı təzə söz tapıblar: guya ki, elmin vətəni olmur!) apara bilirmi?..
İnanın, bu istiqamətlərdə də hələ xeyli problemlərimiz var və biz, nisbətən yaşlı nəsil, hərdən bunları da qabartmalıyıq ki, istedadlı və yaradıcı gənclərin yolundakı əngəllər heç olmasa, az da olsa, azalsın...
Burada təbiət elmləri haqda daha bir-iki kəlmə yazmaq istəyirəm, axı bu, mənim demək olar ki, “gənclik sevdam” olub.
Görünür, bunun özü də simvolikdir: gənclik sevdası adətən baş tutmur axı! Amma sözüm bunda deyil.
Müharibə vaxtı, xüsusən də müharibədən sonrakı illərdə ağır sosial-iqtisadi böhran ucbatından almaniyalı alimlər ölkələrini tərk etmişdilər.
Onlardan biri – fizik Rudolf Messbauer Nobel mükafatı alandan sonra geriyə, vətəni Almaniyaya dönür.
Onun ardınca digər alman alimləri də belə edirlər – bəli, onlar da Almaniyaya qayıtmağa başlayırlar. Proses az qala kütləvi xarakter alır və belə bir deyim yaranır: “Messbauerin ikinci effekti”.
Bunu ona görə deyirəm ki, elmin də, alimin də, hətta dünya şöhrətli yazıçının-şairin (Soljenitsın, Zinovyev niyə qayıtdılar Rusiyaya? Bıkov niyə döndü hətta Belarusa? Aytmatov niyə birdəfəlik “əlvida!” demədi Qırğızıstana? ), dahi bir rejissorun (Lyubimov niyə gəldi Rusiyaya?) və yaxud rəssamın da Vətəni olur, əzizlərim! Yoxsa Vətən yalnız yaltaqlar üçündür?..
Sonda daha bir detal. Digər poeziya dahisinin– Nəsiminin də çox məşhur beyti var:
Hər kimsə Nəsimi dilini fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq...
Fikirləşirəm ki, heç bu misralar da az demir, əksinə bəlkə lazım olandan da çox mənalara işarə edir...
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ