Onlayn ictimai-siyasi qəzet
“Bəli, skiflərik biz! Bəli, asiyalılarıq biz!” – bu sözlər şair Aleksandr Blokun məşhur “Skiflər” şeirindəndir.
Blok Rusiya poeziyasının “gümüş dövrü”nün ən görkəmli təmsilçilərindən olub. Rus inqilabını, xüsusən də bolşeviklərin oktyabr inqilabını “ilkin xristian hərəkatı” kimi qəbul etsə də (məktəb vaxtı keçilən məşhur “12-lər” poeması) tez bir zamanda dəhşətli səhv etdiyini başa düşüb, “Bolşeviklər məni “samoqon” kimi içidilər!” deyərək bir-iki ildən sonra çərləyərək ölüb...
Bu konteksdə daim bir sual düşündürüb bəndənizi: görən, kommunistlər-bolşeviklər niyə bu qədər ədibi məhv etdilər?
Ağlabatan, məntiqli və xüsusi cavabım yoxdur. Təkcə onu bilirəm ki, məktəb vaxtında dünyanın böyük yazıçılarından birinin məşhur sözlərini oxumuşdum: hökmdarlar şairləri başa düşəndə onları edama göndərirlər!
Bəli, Blok da ilk və ya son yazıçı-şair deyildi bu sırada. “Lenin” poemasını yazan (bəlkə də bu, onun ən zəif əsəri idi!) Mayakovski intihar etdi, Yesenin intihar etdi, qadın Marina Tsvetayeva intihar etdi, Anna Axmatova olmazın təzyiqlər yaşadı – bəli, əri güllələndi (hərçənd, bu adam zabit kimi ölməyi şair kimi bağışlanmqdan üstün tutmuşdu!), gənc oğulu həbs olundu! Və ən nəhayəti: Mandelştam 37-də güllələndi və bununla da rus poeziyasının daha bir epoxası bitdi. Təkcə Pasternak qaldı ki, onu da əllinci illərin sonlarında “samoqon edib içdilər”...
Hamısı da niyə görə? Ona görə ki, bolşevik elitası, xüsusən də Stalin nə qədər paradioksal olsa da, onları çox yaxşı “anlayırdı”. Bilirsiniz, bununla nə demək istəyirəm? Mən M.Bulqakovun məşhur romanını iki dəfə - bəli, bir dəfə rus, bir dəfə də azərbaycanca oxumuşam, amma etiraf edirəm ki, bu romanda hələ də anlamadığım, qaranlıq məqamlar var. Romanla bağlı nə qədər şərh oxumuşam! Biri yazırdı ki, Bulqakov onu narkotikin təsiri altında yazıb! Digər “konspiroloq” ərz edirdi ki, guya həmin vaxt Moskvada həqiqətən müəmmalı hadisələr baş verirmiş!
Amma bütün bunlara rəğmən, ən maraqlısı bilirsiniz, nədir? Stalin romanın əlyazmasını bircə dəfə oxuyur və dərhal da onu qadağan edir, yəni bizdən fərqli olaraq onu dərhal “anlayır” və roman yalnız “böyük rəhbər”in ölümündən sonra, fəqət, yenə xüsusi redaktə ilə dərc olunur...
Stalin belə qorxunc adam idi. Bəzi yazılanlara görə, dini seminariyanı belə tamam bitirməmiş bu adam gündə azı 300-400 səhifə oxuyurmuş – faktiki olaraq ölkənin baş, əsas senzoru imiş...
Moskvada tələbəlik vaxtı bizim “SovİKP tarixi”ndən müəllimiz vardı, özü də gürcü idi – Aleksey Çikovani.
Bir dəfə qrup yoldaşlarımızdan birinin Leninin Stalinə münasibəti haqqında dedikləri onun xoşuna gəlmədi. Bəli, qayıtdı Leninin Stalin haqqında yazdığı xarakteristikanı sözbəsöz, nöqtəsi-vergülü ilə əzbər deməyə! Görəndə ki, auditoriyada gərginlik və bir az da pərtlik yaranıb, dedi ki: “Bəli, Stalin hər şeyə özü nəzarət edirdi, hətta uşaq jurnalı olan “Murzilka”nı da oxuyurdu”...
Bunlar bolşeviklərin ədəbiyyata “münasibət”inin heç də yeganə mümunələri deyildi. Məsələn, yazırdılar ki, Lenin guya Çexovun “Altı nömrəli palata” hekayəsini oxuyandan sonra elə təsirlənibmiş ki, mənzildə qala bilməyib və çıxıb şəhərdə bir xeyli gəzinib ki, fikri bir az dağılsın, özünə gəlsin...
Belə olubdurmu? Əlbəttə, daha heç kimsə bunu dəqiqləşdirmək iqtidarında deyil və ən əsası odur ki, bir neçə il keçəcəkdi, Lenin özü Rusiyanı daha dəhşətli bir “palata”ya çevirəcəkdi – bax, fakt budur. Nahaq yerə deməyiblər ki, dünyanı cəhənnəmə çevirənlər ondan cənnət düzəltmək istəyənlərdir...
Bunları niyə xatırladıram sizə? Hal-hazırda belə bir “cənnəti”, özü də təkcə Rusiyada yox, bütün keçmiş SSRİ məkanında cənab Putin qurmaq istəyir.
O gün oxuyuram, onun “baş geopolitiki” Aleksandr Duqin yazır ki, Rusiya bundan sonra azı 50-60 il müharibə aparacaq! Fikirləşirsən ki, Tanrım, bu adam filosof-politoloqdur, yoxsa xəstə bir manyak? Axı niyə görə Rusiya hələ bundan sonra on illərlə müharibə aparmalıdır? Axı bu Rusiya nə boyda olmalıdır ki, siz “doyduq!” deyəsiniz? Rusiyadan əlli-yüz dəfə kiçik ölkələr var ki, iqtisadiyyatları onunkundan bir neçə dəfə böyükdür, insanları daha tox və azaddır! Yaxşı olmazmı ki, siz bu haqda da düşünəsiniz?..
Doğrudanmı Putin ruslara “cadu” edib, onların dilini-ağzını bağlayıbdır?
Hanı ölkənin demokratları, hanı bunun keçmiş “qərbçi”ləri (şərti mənada deyirəm: söhbət müəyyən siyasi dəyərlərdən gedir)?
Hamının ya “içki düşkünü” kimi ələ saldığı, yaxud da ki, “çar Boris” dediyi hətta qoca B.Yeltsin də Putin SSRİ-nin keçmiş himnini təzədən dövlət himni elan edəndə buna etiraz etmişdi!
Hətta bir vaxtlar rusların hazırda “böyük dövlət adamı” adlandırdıqları kəşfiyyatçı Yevgeniy Primakovu vəzifəsindən qovmuşdu (səhv etmirəmsə!) ki, partkomların xofu indi - indi insanların canından çıxır, mən onları durub yenə keçmişə qaytara bilmərəm! Hətta M.Qorbaçov da bir neçə dəfə V.Putinin siyasətilə bağlı özünün etirazlarını bildirmişdi...
İndi nə olub? Bir Aleksey Navalnıy vardı, o, da çox “müəmmalı” şəkildə öldü!
Bir Boris Nemtsov vardı, o, da elə! Bütün bu “müəmma”ların arxasında kimlər və nələr dayanır? Doğrudamnı, daha heç bir ümid yeri qalmayıb?
Bilirsiniz, siyasət çox çətin məşğuliyyətdir. Asan deyil. Amma ötən dəfələrdə üç türk siyasətçisindən – Ecevitdən, Dəmirəldən və Türkeşdən misal çəkmişdim. Onların heç biri nə V.Putindən, nə də D.Trampdan balaca kişi olmayıblar, o başqa bir məsələdir ki, dünyada böyük və kiçik ölkələr var, amma məsəl var deyiblər ki: su gələn arxa bir də gələr...
Bu adamlara dəfələrlə siyasətlə hətta məşğul olmaq yasaq edilmişdi. Fəqət, buna baxmayaraq, Ecevit bir neçə dəfə baş nazir, Dəmirəl nəinki baş nazir, hətta prezident də ola bildi! Türkeş də baş nazirin müavinliyinədək yüksəldi, üstəlik, bir neçə dəfə Türkiyədəki ən böyük siyasi proseslərin ən aparıcı fiqurlarından da oldu...
İndi ruslara nə olubdur? Siyasətçilər bir tərəfə, guya bunların hətta Nobel ödüllü Dmitriy Muratov kimi hüquq müdafiəçiləri – dissidentləri də var.
Doğrusu, özüm də bilmirəm, nə qədər vacib və ya əhəmiyyətli bir məqamdır bu (adətən, qeyri-azad ölkələrdə belə olur), amma sovetin vaxtında dissidentlərin çoxunun – məsələn, ukraynalı Çernovolun, gürcülər Qamsaxurdianın (ona münasibət bir az mürəkkəb idi, çünki vaxtilə dissidentlik fəaliyyətinə görə sovet rejimindən bağışlanmasını xahiş etmişdi), Merab Kostavanın və digərlərinin yolu həqiqətən də həbsxanalardan keçmişdi.
Hətta bizim rəhmətlik Ə.Elçibəy də sovetlərin vaxtında bu yolu keçmişdi və sonralar bu xüsusda zarafatla hərdən deyirdi ki, həbsdə olmamış siyasətçi qızılca çıxarmamış uşaq kimidir...
Rusların özlərinin belə təcrübəsi azdırmı? Axı bu ölkə tarix boyu inqilabçılar və inqilablar ölkəsi olub! Bilərək ki, məğlub olublar, amma yenə öz planlarından – qərarlarından geri addım atmayan, o dövr üçün ən mütərəqqi siyasi dəyərlərə (“qərbçi”!) tapınan, öz ölkələri üçün hətta konstitusiya tələb edən “dekabrist”lər olubdur burada – özü də iki yüz il bundan əvvəl...
Məni qınamayın, “politoloq” Aleksandr Duqinə baxanda yadıma məşhur keşiş Rasputin düşür – bəli, çar ailəsinin etimadını qazanmış və bundan istifadə edərək az qala, ölkəni idarə edən fırıldaqçı bir keşiş...
Əvvəldə Blokun şeirini nahaq yerə xatırlamadım. Təəssüf ki, yüz illər ərzində bəzi rus ziyalıları da tam müəyyənləşə bilməyiblər. İndi sanki V.Putin elə A.Blokun dediyini edir: “qıyıqgözlü asiyalıları” başına yığıb Qərbə yürüş edir! Ən dəhşətlisisə heç bilirsinizmi, nədir? Əcaba, bəlkə bunun hələ bundan sonra 50 - 60 il də hakimiyyətdə qalmaq fikri vardır?
Qərb də az aşın duzu deyil. Şimali Koreya əsgərlərinin Rusiyanın tərəfində Ukraynaya qarşı vuruşduğu tamam təsdiq olundu. Bundan əvvəl məlum idi ki, məhz Şimali Koreya Rusiyanı bütünlüklə artilleriya mərmilərilə təchiz edir...
Bir sözlə, Moskva Kiyevə qarşı əsl beynəlxalq cəbhə açıb, üstəlik, deyirlər ki, guya Moskva ilə Pxenyan arasında xüsusi müqavilə var! Bəs Qərb hara baxır? Bunlar da deyir ki, bəs Kiyev NATO-nun üzvü deyil və məlum maddə ona qəti şamil olunmur!
Mən dəqiq bilmirəm, məgər NATO keçmiş Yuqoslaviyaya hərbi müdaxilə edəndə bu federasiyanın serblər tərəfindən təcavüzə məruz qalan subyektləri NATO-nun üzvü idi?..
Sovetlərin vaxtında ABŞ-ın müdafiə nazirlərindən biri aldığı informasiyalardan psixi sarsıntı keçirərək “Ruslar hücum edir!” deyərək özünü pəncərədən atmışdı!
İndi prezident Donald Tramp özünü elə göstərir ki, sanki V. Putin dünyanın ən “konstruktiv”, hətta yazıq prezidentlərindən biridir. Nə deyirik, olsun! Amma dünyanı növbəti “taun” (lap ruhu Alber Kamyunun çox məşhur romanını xatırladır) ağuşuna almaqdadı – rəngini mənsiz də müəyyən edə bilərsiniz...
Biz hamımız heç kimik, adi siyasi yazarlarıq, hansıları ki, bircə saniyənin içində yeganə hüququmuzdan – yazmaqdan da məhrum etmək olar.
Amma hamımızın bir missiyası var: xəbərdar etmək! Odur ki, yazmaqda davam edirik: bəli, nə qədər şam sönməyib...
Sonda kiçik qeyd. Düşünməyin ki, mən Asiyanın əleyhinəyəm. Əsla! Bilmirəm, vaxtilə böyük tarixçi-kulturoloq Arnold Toynbi sivilizasiyaları necə sistemləşdirib-müəyyənləşdirib, amma kimsə inkar edə bilməz ki, Çin, Hindistan, Yaponiya və s. bütpərəst ölkələri xüsusi sivilizasiyadır. Elə biz də - müsəlman dünyası da böyük bir sivilizasiya hesab olunuruq. Daha bir nəhəng sivilizasiya da var ki, o, da yəhudi-xristan aləmidir. Odur ki, özümdən soruşuram: Dünyanın gözəlliyi də bunların vəhdətində deyilmi?..
Hərdən özümü də kulturoloji cəhətdən identifikasiya etmək, müəyyənləşdirmək istəyirəm və özümdən soruşuram ki, axı sən kimsən? Ağlıma bircə cavab gəlir: Avropa təhsilli və düşüncəli müsəlman-türk! Bunun özü çox şey demirmi? Müxtəlif sivilizasiyaların sintezinin elə ən bariz nümunəsi deyilmi bu?..
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ