Onlayn ictimai-siyasi qəzet
Prosesin təfərrüatları hamıya, o cümlədən siyasi təhlilçilərə səfər reallaşandan və başa çatandan sonra məlum olacaq. Hələliksə, onu demək olar ki, problem sovuşdu, İrandakı son faciəli insident onun reallaşmasına mane olmadı.
Ona görə də yazacaqlarımızı prezident Pezeşkianın səfərinə, hansı ki, Bakıya tək siyasətçilər, diplomatlarla deyil, həm də dörd Azərbaycan vilayətinin təmsilçisi və hətta böyük biznesmen dəstəsi ilə gəlir (doktorun səfər protokolu haqda ilkin məlumatlarda da belə deyilirdi), yalnız kiçik “müqəddimə” saymaq olar.
Gizlətmirik, İran prezidentinin səfəri kontekstində böyük ümidlərimiz var. Ən əvvəl, bu adama böyük simpatiyamız var, çünki böyük siyasətdə ziyalı adamlara hər gün təsadüf olunmur, xüsusən də İran kimi ölkədə.
Ən əsası, düşünürük və ümid edirik ki, səfər Bakı ilə Tehran arasındakı gərgin münasibətləri ciddi şəkildə yaxşılaşdıracaq.
Ehtimal edirik ki, hətta Zəngəzur dəhlizi kimi məsələdə də anlaşma əldə etmək mümkün olar - bunun üçün də real imkanlar var.
Əlbəttə, İran siyasətində prezident “birinci skripka” deyil - hər şeyi ölkənin dini elitası və lideri həll edir. Amma hiss olunur ki, prezident Pezeşkian təslim olmur, necə deyərlər, bütün qüvvəsi ilə çalışır ki, ölkəsinin siyasətini və diplomatiyasını dəyişdirsin...
Həm də doktor Pezeşkian nəinki türk mənşəyini gizlətmir, əskinə ölkəsinin mühafizəkarlarının təzyiqinə rəğmən, ilk fürsətdə doğma dildə danışır.
Bu da kiçik faktor deyil və İranla Azərbaycanın yaxınlaşmasına təkan verə biləcək məqamdır.
Üstəgəl, hazırda regionda və dünyada incə və intensiv geosiyasi proseslər gedir. Bunlar da gələcəkdə Tehranla Bakı arasında nisbətən sıx münasibətlərin fundamenti ola bilər.
İndi Azərbaycan yeni geosiyasi müstəviyə proyeksiya olunmağa çalışır. Bu müstəvinin mühüm “ucları” təkcə Çin və Rusiya yox, həm də İrandır.
Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidentinin Çinə çox mühüm səfəri oldu. Pekin Orta dəhliz layihəsinin ən mühüm elementidir və o, digər dəhlizin - Zəhgəzur dəhlizinin reallaşmasından sonra gerçək ola bilər. Bu proses həm də Tehranla Bakı arasındakı danışıqlardan asılıdır.
Burada belə bir mühüm detalı da nəzərə almamaq mümkün deyil: Səmaaltı ölkə (Çin) dünyanın əsas geosiyasi qütblərindən birinə çevrilir.
Bəs bu qütbə proyeksiya olunmaq nə qədər perspektivlidir? Bəli, burada da bəzi məqamlara diqqət etmək lazım gəlir.
Min illər ərzində Çin ayrı sivilizasiya kimi, nəinki öz orijinal dini, fəlsəfəsi, dünyagörüşü və mədəniyyətilə, hətta iqtisadiyyatı ilə mövcud olubdur: orta əsrlərdə, məsələn, ipək deyəndə dərhal Çin yada düşürdü...
Hətta sonradan, 20-ci əsrdə təkrar müstəqillik qazanandan, bütövləşəndən sonra ölkənin ovaxtkı lideri Mao Tzedun “rus və ya qərb ost... (ümid edirəm oxucu belə leksik sərəbəstliyə görə bizi bağışlar, çünki bir çox tanınmış əcnəbi tarixçilərin yazdığına görə Mao məhz belə deməyi sevirmiş) Çininkindən nəyi yaxşıdır?” deyib Çini ən azı yarım əsr təcrid etmiş və özünün “mədəni inqilabını” həyata keçirməyə başlamışdı. Bunun nəticəsində Çin ac ölkəyə çevrildi, insanlar yeməyə düyü də tapmadı, çəyirtkə yedilər...
Maodan sonra hakimiyyətə böyük Den Syaopin gəldi və birincidən daha məntiqli və mədəni sözlər dedi: “Pişiyin hansı rəngdə olmasının fərqi yoxdur, əsas odur ki, siçanları tutsun!”
Bundan sonra ölkədə möhtəşəm iqtisadi proses başladı və nəticədə Çin dünyanın ikinci (bəzi parametrlərinə görə hətta birinci) iqtisadiyyatı oldu. Bu günlərdə belə xəbər yayıldı ki, Pekin yeni hidrogen bombasının sınağını keçirib...
Bu detalların üzərində niyə dayandıq? Çin ona görə qüdrətli ölkə oldu ki, onun yeni liderləri praqmatik insanlar oldular. Düşünürük, gələcəkdə də imkan daxilində praqmatik kurs davam edəcək və Pekin onun üçün Qərbin nə demək olduğunu unutmayacaq.
Ona görə də bizim Bakı da yeni geosiyasətin bu xüsusiyyətini unutmamalıdır: çətin ki, Rusiya yeni geosiyasi konfiqurasiyanı tamam anti-Qərb formatına çevirə bilsin...
Ötən il digər geosiyasi formatla - BRİCS-lə bağlı prosesləri izlədik. Onda hətta rusiyalı təhlilçilərin özləri yazırdı ki, Kreml sonuncunu anti-Qərb, antidollar ittifaqına çevirə bilmədi...
Odur, Bakı incə siyasət aparmalıdır. Demək lazımdır ki, hazırda bu, baş verir: Azərbaycan təkcə Çinlə sıx əlaqələr qurmur, təkcə İranla münasibətləri yaxşılaşdırmağa çalışmır, hətta qardaş Türkiyə ilə İsrail arasında barışdırıcı-vasitəçi kimi çıxış edir...
İrana qayıdaraq qeyd edək ki, çox təəssüf, Qərbin özü, hətta ABŞ bu ölkəyə münasibətdə tam müəyyənləşməyib. Aydın deyil, region və ya dünya üçün problem nədir: teokkratik İran rejimi, yoxsa bu rejimin nüvə silahı əldə etməsi?
Bu günlərdə Tramp yenə dedi ki, Tehranın nüvə silahı ola bilməz. Bəlkə daha düzgünü olardı deyilsin ki, teokratik İran rejimi nüvə silahı əldə edərsə bu, region üçün də, dünya üçün çox ciddi problemlər yaradacaq? Bəlkə vurğunu belə qoymaq lazımdır?..
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ