Onlayn ictimai-siyasi qəzet
Doğrusu, dördüncü ildir ki, davam edən müharibədən sonra Ukraynadakı sosial-siyasi ovqatla, ölkədə hökm sürən əhval-ruhiyyə ilə bağlı müəyyən suallar vardı. Deyilirdi ki, guya insanlar daha prezident Zelenskini dəstəkləmir, müharibədən yorulub və s. və i.
Hətta Kremlin Zelenskinin başqa birisi ilə əvəz olunmasına yönəlik cəhdlərinə də daha çox bu kontekstdən baxılırdı: insanlar müharibədən yorulub, avro-inteqrasiya kursundan məyus olub, ona görə də seçki keçirilsə, nəinki Zelenski seçilməyəcək, hətta başqa bir qərbyönümlü siyasi qüvvə də hakimiyyətə gəlməyəcək.
Ehtimal olunurdu ki, seçkiləri daha “realist” və Rusiyaya loyal yanaşan adam udacaq.
Ona görə də az qala, hər gün indiki Zelenski hakimiyyətinin legitim olmaması fikri tirajlanırdı.
Son vaxtlar bu kampaniyaya ABŞ siyasətçiləri də qoşulmuşdu, hətta prezident Donald Tramp da indiki Ukrayna prezidentini “əhalinin dörd faizinin belə müdafiə etmədiyi seçkisiz diktator” adlandırdı. Gülüncdür, deyilmi? Doğrudanmı, seçkili diktatorlar da olur bu dünyada?..
Amma sonradan bütün bu proseslərə əks reaksiyalar baş verdi. Birincisi, Ali Rada qərar qəbul etdi ki, hərbi vəziyyət davam edənədək Zelenskinin hakimiyyəti legitim sayılacaq.
İkincisi, Trampla görüşdən sonra Ukrayna prezidentinin reytinqi dəfələrlə artdı, hazırda onun altmış faizdən çox, hətta yetmiş faizdən bir az aşağı olduğu bildirilir.
Bu isə o deməkdir ki, ukraynalılar nə müharibədən bezib, nə də özlərinin prezidentlərindən, əksinə, Trampla sərt danışan, ölkəsinin haqlarını müdafiə edən Ukrayna prezidenti bir-iki günün içində millətin müqavimət simvoluna çevrildi, hətta bəziləri belə bir siyasi fərziyyə irəli sürdülər ki, guya Tramp və onun komandası bütün bunları Zelenskinin reytinqini qaldırmaq üçün edibmiş!..
Düzdür, gərgin keçən ilk görüşdən sonra Zelenski də, Tramp bəzi məsələlərə korrektələr etdilər. ABŞ prezidenti dedi ki, guya o heç vaxt ukraynalı həmkarını “seçkisiz diktator” adlandırmayıb. Zelenski də öz tərəfindən bəyan etdi ki, o, Trampla yenidən görüşməyə və hətta onunla “minerallar haqda müqavilə”ni imzalamağa hazırdır...
Biz bu sətirləri yazarkən deyildi ki, Ukrayna və ABŞ təmsilçiləri martın 11-də Səudiyyə Ərəbistanında görüşəcəklər. Görüşdə Ukraynanı düz dörd nəfər təmsil edəcək. Amma maraqlısı bilirsiniz nədir? Tək Ukrayna ilə Rusiya arasında yox, hətta Kiyevlə Vaşinqton arasında da anlaşmaya ehtiyac olduğu anlaşılır!
Bu isə o deməkdir ki, Vaşinqtonla Kiyev arasında da bir çox məsələlərə fərqli yanaşma var. Bunun özü isə xeyli narahatlıq yaradır. Ona görə ki, əslində Vaşinqton birmənalı şəkildə Kiyevə dəstək verməli idi, çünki sonuncu onun müttəfiqi idi, təkcə o səbəbdən yox ki, Kiyev Avropa İttifaqına və NATO-ya istiqamət götürmüşdü, həm də ona görə ki, bu illər ərzində Ukrayna dənizlərini NATO-nun və ABŞ-ın üzünə açmışdı.
İndi nə olub? Həmin Ukrayna deyilmi bu? NATO Ukraynanı müdafiə edə bilməyəcəkdisə, Avropa İttifaqı onu öz sıralarına qatmayacaqdısa, bu ölkəni belə avantüraya çəkməyə ehtiyac vardımı? Axı hələ Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalanarkən o vaxtkı prezident Viktor Yanukoviç açıq şəkildə demişdi ki, Rusiya buna çox sərt yanaşacaq. Məgər belə olmadımı, onun sözləri təsdiqlənmədimi? Üstəgəl, Tramp indi bildirir ki, Kiyev NATO haqqında fikirləşməməlidir. Avropa ölkələri isə Ukraynaya dəstək verməkdə daha ardıcıl mövqe sərgiləsələr də onu öz sıralarına qəbul etməyə tələsmirlər!..
ABŞ isə özünü Ukraynanın yaxın müttəfiqi kimi yox, Moskva ilə Kiyev arasında vasitəçi kimi aparır! Üstəgəl, Tramp ölkənin indiki vəziyyətindən istifadə edərək onun təbii ehtiyatlarına şərik olmaq üçün cəhdlər edir! Bunun özü nədir? Vaşinqton bununla özünün Kiyevə göstərdiyi yardımıın əvəzində ondan nəsə qoparmağa, Ukraynada öz maraqlarına daha real və maddi təminat verməyə çalışmırmı?..
Hətta bu da hamısı deyil. Vaşinqton Kiyevə açıq-aşkar təzyiq göstərir, ona etdiyi hərbi-texniki yardımı dayandırmaq bir tərəfə, hətta ukraynalı iş adamlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır. Əlbəttə, Ukraynanı bu vəziyyətə gətirib çıxaran həm də onun korrupsioner oliqarxlarıdır və kimsə inkar etmir ki, onun iqtisadiyyatının şəffaflaşmasına çox böyük ehtiyac var. Amma bunun da həlli Ukraynanı Avropaya, onun standartlarına daha da yaxınlaşdırmaq deyilmi?..
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ