İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç olmasa bayrağımızın rəngini...

Ötən yazılarda özümüzün kulturoloji, lap türkiyəli qardaşlarımız demişkən, sivilizasiyan identifikasiyamıza, müxtəlif sivilizasiyalara münasibətimizə də toxunmuşduq.

Mövzuya bir daha ona görə qayıdırıq ki, indi bizdə də çox adamlar Qərbə, Avropaya “opponentlik” etmək istəyir, amma gəlin heç olmasa, bayrağımızı unutmayaq.

Əgər səhv etmirəmsə, yanılmıramsa, rəhmətlik Əli bəy Hüseynzadənin (Əli bəyTuran) çox məşhur ideoloji triadasının (“türkləşmə, islamlaşma və müasirləşmə”) bir elementi əslində “avropalaşmaq” olub.

Düzdür, indi çoxu “müasirlik” kimi təqdim edir bunu. Qoy, belə olsun. Biz də bununla razıyıq.

Özümüzü hansısa bir regionla və yaxud coğrafiyayla yox, müəyyən dəyərlər sistemilə bağlamalıyıq, çünki hətta Avropanın da çöküşü - enişi ola bilər.

Amma hələ də əsl “müasirlik” deyiləndə istər-istəməz yenə də Avropa və yaxud da Qərb yada düşür. Ona görə də ideoloji oriyentirləri necə gəldi dəyişməyə tələsməyək...

Digər iki elementə (türklük və islam) gəldikdəsə, burada müəyyən müstəvilərə proyeksiya olunmadan keçinmək mümkün deyil, çünki din və etnik mənsubiyyət hər xalqın “milli pasport”udur.

Yadıma gəlir, hələ doxsanıncı illərdə AXC üçün liberal proqram yazanda o qədər vəcdə gəlmişdim ki, hər kəs etnik mənsubiyyətini özü müəyyənləşdirir yazmışdım!

Amma indi baxıb görürəm ki, heç də belə deyil və mən durub desəm ki, ingilisəm, heç kim məni ingilis kimi qəbul etməyəcək, çünki biri var İngiltərə vətəndaşı, biri də var etnik ingilis – bunlar tamam fərqli şeydir. Bəli, kimsə durub tamam İngiltərəyə köçsə, onun mədəniyyətini və dinini qəbul etsə, bəlkə də gələcəkdə onun nəvə-nəticələrini ingilis kimi qəbul edərlər, lap elə siyasətçi Boris Conson kimi – yanılmıramsa, bu adamın əcdadları türk olubdur. Belə misallar qonşu Rusiyada nə qədər desəndir! Bəli, neçə-neçə rus dahisi, məsələn, türk mənşəli olubdur... 

Bu baxımdan din nisbətən sadə məsələdir: əsrlər boyu nə qədər adam dinini – məzhəbini dəyişibdir.

Belə şeylər çox olubdur. Amma biz hələ də bunu anlaya bilmirik: axı dini dəyişməklə nə dəyişir?

Bəziləri deyir ki, guya bununla kimsə “ruhi rahatlıq” tapır. Olsun! Amma, inanın, problem dinlərdə deyil, dindarlarda, xüsusən də “çörəyi dindən çıxan” insanlarda, nə bilim, ravvinlərdə, keşişlərdə və mollalardadır – bir çox dinlərə neqativ detalları biz dindarlar gətirmişik.

Məgər elə qonşu İranda mollaların islam üçün nə qədər problem yaratdığını görmürükmü? Kim günahkardır: islam, yoxsa mollalar? Eyni tendensiyalar induizmdə də, hətta xristianlıqda da var. Bəzi konservativ, ortodoks yəhudilər və yaxud da xristianlar haqqında oxuyanda adam məəttəl qalır: əcaba, bunlar hansı əsrdə qalıblar?..

Eləcə də biz dindarlar, xüsusən də din adamları İslamda da xeyli problem yaratmışıq.

Kiçik bir detal. Bir neçə ilin söhbətidir. Yas mərasimlərilə, israfçılıqla bağlı müzakirələr gedirdi və deyim ki, onlar çox vacib və faydalı idi. Amma çox təəssüf, tam həyata keçmədi bunlar. Niyə? Səbəbi sadədir.

Bir dəfə bir yas mərasimində molla bu məsələlərə də toxundu və axırda da qayıtdı ki, çalışın mərhum üçün üç, yeddi, qırx, hətta il mərasimlərini keçirin! Bəli, ölkədə aparılan müzakirələrin tam əleyhinə olaraq o, belə deyirdi.  

Amma şəxsən mən buna təəccüblənmədim. Axı molla başqa nə deyə bilərdi? Onun çörəyi bu yas mərasimlərindən çıxır. Yoxsa İslamın hansı kitabında bu qədər yas mərasimi keçirmək buyrulubdu? Mən ilahiyyatçı deyiləm, amma zənnimcə, dinimizdə belə şey yoxdur, əksinə dönə-dönə tapşırılır ki, israfçılıq etməyin...            

Nə isə! Toxunmaq istədiyim bir məqam da var. Tarix boyu ünsiyyətdə olduğumuz daha bir ölkə də, bir mədəniyyət də var: bu, Rusiyadır və rus mədəniyyətidir. Bu haqda nə demək olar?

Bəzən məndən soruşurlar ki, doğrudanmı Rusiyanı bu qədər sevmirsən?

Cavab verirəm: axı Rusiyanı necə sevməyə bilərəm ki, özümdəki bir sıra müsbət keyfiyyətlərə görə ilk növbədə bu ölkəyə borcluyam! Mən Rusiyanı necə sevməyə bilərəm ki, hətta özümün Avropa təhsilimə görə də ilk növbədə bu ölkəyə minnətdar olmalıyam!..

Sadəcə, problem ondadır ki, sanki Rusiya özü yoxdur və heç olmayıb da!

Əvvəllər Romanovlar, daha sonra sovet Rusiyası vardı, indi də Putin Rusiyası var.

Birinci ikisi artıq bir tarixdir – yaxşısı da olub, pisi də. Amma ötüb keçib bunlar. Düşünmək olardı ki, indi hər şey tamam başqa cür olacaqdır.

Fəqət, yox, bütün post-sovet məkanı üçün yeni problem yaranıb– Putin Rusiyası. Bir özünüz deyin: onu necə sevək?

Axı 21-ci əsrdir və koloniolizm artıq barbarlıq sayılır. İnsanlara – fərdlərə münasibətdə quldarlıq ləğv olunub, yasaq olunubsa, millətlər niyə qul olmalıdır?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR