İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizə, Ərdəbilə dil uzadan movahedianlar – Elin o başı, bu başı olmaz!

Hayların İrandakı “aftafa”larından biri, vaxtaşırı erməni ağzı ilə danışıb Azərbaycan dövlətini və xalqını hədəf almağı sevən qatı türkofob, nəyə görəsə özünü “beynəlxalq məsələlər üzrə ekspert” sayan Ehsan Movahedian bizə yenə dil uzadıb. Bu dəfə qədim mədəniyyətimizi hədəf almaqla.

Erməni mediasının yazdığına görə, bu zat məlum topluma xoş gəlmək üçün özünün sosial şəbəkə hesabında növbəti dəfə başından yekə iddia səsləndirib. Sitat: “Hollandiyada Əliyev rejiminin İrana qarşı mədəni oğurluğu: Bakı Haaqada sərgi təşkil edib və İran xalçalarını, o sırada Təbriz və Ərdəbil şəhərlərində toxunan xalçaları ölkənin 30 illik mirası kimi təqdim edib!”

Görəsən, bu yaramazın ağzının dediyini qulağı eşidir? Lap tutaq elədir. Əvvəla, qədim Azərbaycan-Türk yurdu Təbriz, Ərdəbil nə vaxtdan fars şəhərləri olub ki, oranın xalçaları da farsa, İrana, başqa millətə məxsus olsun? Kimin gözünə kül üfürürsən? Arazın o tayı, bu tayı eyni millət, eyni xalq deyilmi?! Elin o başı, bu başı olmaz!..

Xalça demiş, şər-böhtan dağarcığı Movahedian yaxşı olmazdımı ki, Şuşadan oğurlanıb hələ də “erməni sənət nümunələri” adı ilə İrəvanda saxlanılan Azərbaycan xalçalarından söz açaydı? Cürəti çatarmı ona?

Mərdimazarı axtarmaqla deyil ki. Doğrudan da saxtakar axtarıb öz tayını - saxtakarı tapar. Yaxud atı atın yanında bağlayanda o məsələ. Mədəni irsimzin, o cümlədən xalçalarımızı, musiqimizi, yeməklərimizi, adlarımızı, nəhayət, torpaqlarımızı öz adına çıxmaqda “ustalaşan” bədnam ermənilər azmış kimi, bunlar da bu yandan zəhlə tökürlər. Bəlkə Şəhriyardan şeirlər deyən prezident Məsud Pezeşkian da farsdır, xəbərimiz yox?..

Movahedian ardınca utanmazcasına rəsmi Tehrandan sərgi ilə bağlı Bakıya qarşı cavab addımı gözlədiyini yazıb: “Bakının İranın kimliyini, tarixini və sivilizasiyasını saxtalaşdırmaq cəhdlərinə XİN-dən nə vaxt qəti cavab veriləcək?”

Heç vaxt. Rəsmi cavab olmayacaq. Ola bilməz. Çünki inanmaq istərdik ki, İran rəsmilərinin heç də hamısı Movahedian kimi ağlını itirməyib. Cavab olacaqsa da ümid edək ki, Təbriz və Ərdəbildəki soydaşlarımızdan bu erməni qatışığı olan sarsağa layiqli etiraz şəkilində olacaq...

Lənət şeytana. Tarix oğrularına, mədəniyyət dəllallarına görə, Azərbaycan xalqının heç nəyi yoxmuş. Bölgədə də qəfildən peyda olmuşuq. Halbuki tam əksinədir. İran adlı dövlətin etnik tərkibi bəlli. Erməni Güney Qafqazda necə yerləşib, onlara kim və necə dövlət qurub, necə himayə edib, az qala uşaq da bunu bilir. Eləcə də Azərbaycan torpaqlarını illərlə işğal altında saxlayan, onun müsəlman əhalisinə qarşı etnik təmizləmələr, soyqırımları törədən bir vəhşi qəbilənin on illər ərzində sadiq dostları kimlər olub və hazırda kimdir, o da hamıya məlum.

Yalançı yalançını tapar. Yadınıza gələr. Hazırda Bakıda ədalət məhkəməsində hakimlərin haqlı və əzici suallarına tuş gələn milyarder-quldur Ruben Vardanyan vaxtilə İran şirkəti vasitəsilə guya humanistlik edərək, Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “təmir” etdirmişdi. Əslində isə ibadət evinin tarixi görkəmini dəyişdirib fars “görkəmi”nə salmaqla Azərbaycan izini itirməyə çalışmışdılar (1883-cü ildə tikilən və memarı Kərbəlayi Səfi Xan Qarabağinin olduğu məscid artıq əzəli görünüşünə qaytarılıb).

Həmçinin İrəvandakı Göy Məscidin zahiri görkəmi İranın xeyrinə dəyişdirilib. Gör hələ alban kilsələrinin başına nə oyun açıblar. Saymaqla bitməz. Odur ki, gedin olan-qalan ağlınıza dua yazdırın nə qədər gec deyil. Gərək ki, bunun üçün fars mollaları da var. Bir də boş-boş danışmaqdansa tarixi öyrənin. Gerçək tarixi...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR