İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üç yox” prinsipindən “İbrahim sazişi”nədək...

1967-cı il. Məşhur “Altı günlük müharibə”dən az sonra! Sudanın  paytaxtı Xartum şəhəri. Bəli, məhz onda Ərəb Liqası ölkələri məşhur “Xartum sazişi”ni qəbul etdilər, hansınn ki, əsas məğzi “üç yox” prinsipi idi: İsraillə sülhə yox, İsraili bir dövlət kimi tanımamaq, onunla heç bir danışıq aparmamaq.

Bəli, bu hadisədən sonra Yaxın Şərq müstəvisində də sanki əsl “soyuq müharibə” başladı, Fələstin-İsrail münaqişəsi sözün əsl mənasında dönüb ərəb - İsrail qarşıdurması oldu, “Xartum sazişi” də bunun ideoloji fundamentinə çevrildi.

Düzdür, regiondakı proseslər bununla tamamilə statik bir məzmun almadı, “üç yox” prinsipindən də xeyli kənaraçıxmalar oldu: müxtəlif dövrlərdə ən müxtəlif ərəb dövlətləri öz problemlərini həll etmək üçün İsrail dövlətilə seperat danışıqlara getdilər və odur, illər keçəndən sonra “Xartum sazişi” də daha çox tarixin bir səhifəsi kimi anılmağa başladı...

İndi 2025-ci ildir. Amma ki, Yaxın Şərq bölgəsində atəşlər hələ də sönmür, neçə ildir Qəzzada müharibə dayanmır, fəqət, bununla belə, ərəb-İsrail müstəvisində birləşdirici təşəbbüslər edilir, İsraillə ərəb ölkələrinin münasibətlərini nəinki nizamlamağa, hətta sahmana salmağa da cəhdlər olunur.

Bu cəhdlərin ən böyüyü indi də “İbrahim sazişi”dir. Lap əvvəlcə qeyd edək ki, İbrahim peyğəmbər yəhudilərin və ərəblərin ulu babası sayılır və həm də iudazim, xristianlıq və islam kimi təkallahlıq dinləri də məhz onun adı ilə bağlanır.

Ona görə də düşünürük ki, birləşdirici bir məqam kimi bu amil çox uğurlu ola bilər, axı məhz İbrahim peyğəmbərə görə bəzən yəhudilərə və ərəblərə “əmiuşağı” deyirlər.

Fəqət, təkcə hansısa dini, teoloji təşəbbüs deyil bu, həm də siyasi, hətta deyərdim, geosiyasi məzmun kəsb edir: onun arxasında ABŞ, xüsusən də indiki prezident Donald Tramp dayanır. Sonuncunun birinci idarəçiliyinin vaxtında bir sıra ərəb dövlətləri ilə İsrailin yaxınlaşmasına faktiki olaraq nail olunmuşdu. İndi Tramp yenidən bu prosesə start verir, deyəsən. Odur ki, görək nə olur?

Hələlik məlumu budur ki, ABŞ prezidenti ilk xarici səfərini Səudiyyə Krallığına etdi. Əlbəttə, Ər-Riyad Tramp üçün ilk növbədə “pul dağarcığı” sayılır. ABŞ prezidenti bu ölkə ilə iqtisadi əlaqələri bir trilyon dollar səviyyəsinə qaldırmağı hədəfləyirdi - bəli, Səudiyyə ABŞ-dan ən çox silah-sursat alan bir ölkədir, amma deyəsən, trilyon dollar alınmadı, səhv etmirəmsə, altı yüz milyard dollarlıq (bir az artıq!) sövdələşmə baş tutdu. Amma bu, da kiçik ədəd deyil. Üstəgəl, Səudiyyəni Vaşinqtonun gözlərində qaldıran məqam rolunda çıxış etmək gücündədir.

Trampın birinci idarəçiliyi vaxtı da belə vəziyyət hökm sürürdü. O vaxt məşhur ərəb jurnalisti qətlə yetirilərkən Tramp açıq şəkildə demişdi ki, bir jurnalistə görə biz Səudiyyə ilə bir neçə yüz milyard dollarlıq hərbi sövdələşməmizdən əl çəkə bilmərik...

Sözsüz, Səudiyyəyə belə diqqətin geosiyasi tərəfi də var: Ər-Riyad ərəb dünyasının əsas ölkələrindəndir və Trampın Yaxın Şərq planlarında aparıcı rol oynaya bilər...

O ki qaldı bizim “İbrahim sazişi”nə münasibətimizə, Yaxın Şərqdə sülh, ərəb dövlətləri ilə İsrail arasında yaxınlaşma və barış bizim maraqlarımıza cavab verən proseslərdir.

Bu məsələyə görə nəinki ərəb dünyası (bu, müsəlman dünyasının böyük  seqmenti deməkdir), qonşu İranla, hətta qardaş Türkiyə ilə də problemlərimiz yaranır, çox hallarda ciddi seçim qarşısında qalırıq...

İndi bizim Azərbaycanı (hətta Ermənistanı da!) “İbrahim sazişi”nə qoşmaq haqqında söhbətlər gəzir. Amma İran kateqorik olaraq bu sazişin əleyhinədir, hətta ərəb dövlətlərini satqınlıqda ittiham edir və adıçəkilən sazişə qoşulsaq, İrandakı mollakratiyanın bizə qarşı onsuz da soyuq və kinli münasibəti bir az da artacaq. Olsun! Bilirsiniz, dövlətlər arasındakı münasibətlərin ən son həddi onlar arasındakı iqtisadi-ticari əməkdaşlıqdır ki, bəzən onlar bundan qəti imtina edə bilmirlər.

Azərbaycanın xarici iqtisadi əlaqələrində İranın payı olduqca kiçikdir, ona görə qoy Tehran bizim üçün “önəm”ini çox da şişirtməsin, bəlkə də o, bizə yox, biz ona daha çox lazımıq...

Burada başqa bir məqam da var. Qardaş Türkiyənin də “İbrahim sazişi”nə münasibəti neqativdir, üstəlik, İsraillə problemləri var. Amma indi Bakı çox pozitiv təşəbbüslər edir, Ankara ilə Təl-Əvivi barışdırmağa çalışır. Düşünürük ki, bu cəhdlər davam etdirilməlidir, ona görə ki, Türkiyə qardaş ölkə, İsrail isə yaxın müttəfiqdir və bizim onların hər ikisinə ehtiyacımız var...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR