Onlayn ictimai-siyasi qəzet
Vaxt gələcək, Rusiya daha azad və demokratik olacaq, başqa xalqlara, xüsusən də öz qonşularına daha səmimi yanaşacaq...
“Ağılla dərk etmək, ümumi arşınla ölçmək olmur”. Mənə həmişə elə gəlib ki, böyük rus şairi Fyodor Tyutçevin- hansı ki, çox çətin çarizm dövründə təkcə uğurlu ədəbiyyatçı ömrü yox, həm də uğurlu məmur ömrü yaşayıb - bu sözləri qonşu Rusiyanın siyasi özəllikllərini daha yaxşı əks etdirir, nəinki hansısa politoloji-fəlsəfi konsepsiyalar və ya traktatlar...
Buradan belə nəticə hasil olur ki, rus intellektualları nahaqdan yazmırlar ki, rus milli düşüncəsi və hətta fəlsəfəsi ilk növbədə məhz rus ədəbiyyatıdır. Bura bunu da əlavə edərdik ki, hətta Rusiyanın politoloji fikri də rus ədəbiiyatıdır: o, Rusiyanın siyasi intellektualları qarşısında daha hansı probemləri qaldırmayıbdı?
Hakimiyyətlə ədib - şair və ya ziyalı arasındakı çox mürəkkəb münasibətlər, problemlər (A.Puşkin), yeni nəslin problemləri, onun özünü çar Rusiyasında reallaşdıra bilməməsi, sosial marginallaşması, onlarla cəmiyyət və dövlət arasındakı yadlaşma, rabitənin qırılması (M.Lermontov), nəsillərin toqquşması - “atalar və oğullar problemi” (İ.Turgenev), rus adamının ideoloji-mənəvi axtarışları (keçmiş katorqaçı F.Dostoyevski), rusların və böyük Rusiyanın dünyəvi identikliyi (ədəbi nəhəng L.Tolstoy), nəhayət ki, Rusiyanın tarixi və hətta geosiyasi seçimi (A.Blok)...
Burada yenə şair Tyutçevə qayıtmaq, daha doğrusu, bir daha onun məşhur şeirinə müraciət etmək istərdik, harada ki, belə bir sətir də var: "Rusiyaya yalnız inanmaq olar..."
Amma böyük rus şairi ilə razılaşmaq elə də asan və sadə məsələ deyil. Etiraf edək ki, daha inanmırıq Rusiyaya. Yox, biz heç də ruslar demiş, tarixçi “bukvayed” deyilik, kimisə keçmişin detallarında eşələnməyə çağırmırıq - yox, bütün bunlar artıq keçmişdir və akademik tarixin təmsilçiləri üçün tədqiqat predmetidir...
Belədə isə rus siyasətçilərinin və siyasi intellektuallarının öz tarixlərindən hansısa nəticə çıxarmaq arzusu varmı? Təəssüf! Ötən həftə Rusiyada faşizm üzərində qələbəyə həsr olunmuş növbəti tədbirlər keçirildi. Biz həmişə düşünmüşük ki, belə təntənəli paradlar Rusiya və dünya üçün birləşdirici amil-vektor olmalıdır. Amma Moskva daim tarixin bu seqmentini özəlləşdirməyə çalışır, bütün bəşəriyyəti belə qorxunc və qanlı müharibə yaşadığına görə ittiham edir.
Amma tam şəkildə belə olmayıbdır axı! Müharibəni Avropa kontingentinin böyük hissəsi yaşamışdı, müharibədə bu və ya digər şəkildə demək olar, bütün ölkələr və xalqlar iştirak etmişdi. Əgər səhv etmiriksə, ABŞ və İngiltərə kimi ölkələr hətta SSRİ-dən əvvəl faşist Almaniyasına müharibə elan etmişdilər... “Ribbentrop-Molotov paktı”nı necə inkar etmək olar? Axı bu da tarixdi, özü də elə də uzaq tarix də deyil...
Amma bununla belə, heç kim inkar etmir ki, müharibənin əsas yükü məhz SSRİ-nin və onun xalqlarının çiyinlərinə düşmüşdü. Sovet xalqının faşizmə qarşı müharibədə rolu və xidməti çox böyükdür, başqa xalqların və ölkələrin rolu ilə müqayisəolunmaz dərəcədə böyükdür! Amma digər, xüsusən də müttəfiq ölkələr SSRİ-yə faşizmə qarşı müharibədə nə qədər maddi və hərbi dəstək vermişdilər!..
Azərbaycan faşizm üzərindəki qələbə gününə həmişə xüsusi diqqətlə yanaşıb. Amma Prezident İlham Əliyev bu dəfə qonşu Rusiyanın paytaxtında - Moskvada keçirilən tədbirlərə qatılmadı. Ona görə ki, məlum aviaqəzanın üstündən az qala altı ay keçsə də, Moskva təqsirkarları tapıb cəzalandırmaq üçün bir addım belə atmayıb. Daha bir səbəb kimi, hətta əsas səbəb kimi Rusiyanın Azərbaycan saytlarına son kiberhücumları göstərilir.
Kiçik bir haşiyə kimi qeyd edək ki, erməni baş naziri Nikol Paşinyan çox “götür-qoydan” sonra Moskvaya yollanmağa qərar verdi...
Qayıdaq bizim Azərbaycana. Bundan sonra Rusiyaya hansısa isti və səmimi münasibətlərdən danışmaq olarmı?
Əlbəttə, hakimiyyətlər əbədi deyil, onlar gəlirlər və gedirlər, amma ölkələr və xalqlar qalır. İndiki Rusiya ilə də belə olacaq. Vaxt gələcək, bu ölkə daha azad və demokratik olacaq, başqa xalqlara, xüsusən də öz qonşularına daha səmimi yanaşacaq. Bax, onda həqiqi səmimiyyət və dostluq haqqında danışarıq.
Amma bir daha deyirik ki, bütün bunlar həm də simmetrik olmalıdır, çünki biz hansısa “platonçu”lar - idealistlər deyilik, ən adi insanlarıq...
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ