İnsanlara hürriyət, millətlərə istiqlal!

Platon Karatayev hara, qaçaq Nəbi hara?..

 

O qədər yorulmuşam, inanın, məni də güllələyən tapılsaydı hətta bəlkə də nifrət də etməzdim ona, lap böyük Tolstoyun Platon Karatayevi onu güllələyən əsgərə baxan kimi baxardım ona, nifrətsiz-filansız...

Amma əvvəlcə onu deyim ki, L.Tolstoyun möhtəşəm “Hərb və sülh”nü məktəb vaxtlarında oxumuşam.

O vaxtdan 40-45 il vaxt keçibdir, ona görə adam yazmağa da çox ehtiyat edir, düşünürsən, əcaba, görəsən, nəyisə qarışdırmıram ki?..

Yaddaşım aldatmırsa, Karatayev Lev Tolstoyun ölməz romanında epizodik, ədəbiyyatşünaslar demişkən, “ikinci plan obrazı” idi. Amma böyük sənətkar onun boynuna daha böyük missiya qoymuşdu.

Biz də həyat deyilən bu İlahi əsərdə nəinki ikinci, hətta dördüncü -beşinci plan qəhrəmanlarıyıq, amma bizim də çiyinlərimizə yerimizə-statusumuza heç də adekvat olmayan yük qoyuldu və on illərdir bu yükün altında çabalayır, nəsə etmək istəyirik, amma alınmır ki, alınmır...

Karatayevə gəldikdə isə, bu, rus romanında, səhv etmirəmsə, Yer üzündə, adamlar arasında İsa peyğəmbərin kiçicik bənzərini yaratmaq cəhdi idi.

Bəli, o, İsa peyğəmbərin ki, özündən əvvəlki Musa peyğəmbərdən (Firon ailəsində böyüyən və əsl aristokrat olan) fərqli olaraq yəhudilərə “Gözə görə göz!”, “Dişə görə diş!” yox, çox qəribə, hətta indinin özü üçün çox irreal səslənən şeylər deyirdi: “Düşmənlərinizi sevin!”. Bunun da guya yozumu bu idi ki, axı sizi sevənləri sevmək nə böyük fədakarlıqdır? Bacarırsınızsa, sizi sevməyənləri, sizə nifrət edənləri və hətta sizə düşmənçilik edənləri sevin!..

Bəli, vaxtilə klassik rus romanında bunun kiçik bənzərini, tipini yaratmağa çox cəhdlər edildi, xüsusən də iki ədəbi nəhəng – Tolstoy və Dostoyevski buna çox çalışdılar.

Dostoyevskinin də məşhur knyaz Mışkini (gözəl insan obrazı!) belə cəhdlərdən biridir və dünya ədəbiyyatşünaslarının – tənqidçilərinin fikrincə, heç də uğursuz cəhd deyil.

Eyni sözləri Lev Tolstoyun qəhrəmanı haqqında da deyirlər – əlbəttə, bir surət ki, böyük Qrafın qələmindən çıxa, uğursuz olarmı?

Hərçənd, Tolstoyla razılaşmayan, “Rusiya Karatayevlərdən ibarət deyil!” və hətta “Bizə belələri lazım deyil!” deyən ruslar da çox idi.

Min illər bundan əvvəl elə yəhudilərin də din xadimləri məhz bu mülahizələrə görə Roma prokuratorundan, İudeyanın prefektindən bir qulduru bağışlamağı, İsa peyğəmbəri isə edam etməyi xahiş etmişdilər, çünki onların fikrincə, İsa peyğəmbərdən fərqli olaraq, adicə bir quldur belə onlara romalılara qarşı üsyanlarında daha çox yardımçı ola bilərdi – bilmirəm, hər halda, tarix və ilahiyyat adamları belə yazır, belə deyir...

Yeri gəlmişkən, İsa peyğəmbərin rus ədəbiyyatında daha bir obrazını sonralar Mixail Bulqakov “Usta və Marqarita” əsərində yaratmağa cəhd etdi: Romalı prokurator Pontiy Pilatın İsa Peyğəmbəri necə mühakimə etməsi yadınızdadırmı!..

Çox maraqlıdır, eyni bir mövzunu ötən əsrin sonlarında böyük türk-qırğız yazıçısı Çingiz Aytmatov da özünün “Cəllad kötüyü” əsərində qabartmağa çalışmışdı.

O vaxt biz Moskvada tələbə idik və bu əsər böyük müzakirələrə səbəb olmuşdu. Bizim üçün bu xüsusda rus tələbələrin fikri maraqlı idi. Amma onlar ironiyayla deyirdi: “Müsəlman xristianlıq haqqında yazır! Burada maraqlı nə ola bilər ki?”...

O vaxt bir nəfər dedi ki: “Elə məsələnin ən maraqlı tərəfi də məhz bu deyilmi? Xristianlar xristianlıq haqda çox yazıb, qoy, indi də bu haqda müsəlmanlar yazsınlar, görək, onlar bunu necə təsəvvür edirlər?” Daha  maraqlısısa bilirsinizmi, nədir? İllər keçəndən sonra oxudum ki, rusların ən xristian yazıçısı F.M.Dostoyevskinin əcdadları türkmüş! Özü də bunu hansısa qeyri-ciddi nəşrlərdən yox, çox ciddi mənbələrdən oxumuşdum və onu deyim ki, Dostoyevski heç də yeganə türk mənşəli Rusiya dahisi deyil, belələri, o cümlədən ədəbiyyat adamları arasında çox olubdur.

Qayıdaq “missiya məsələsi”nə. Əvvəldə dedik ki, L.N.Tolstoy Karatayevin boynuna, səhv etmirəmsə, Pyer Bezuxovun belə çiyinlərinə qoyulmuş ədəbi-tarixi missiyadan da böyük missiya qoymuşdu.

Burada ağlıma başqa şey gəlir. Biz də, bəli, səksəninci - doxsanıncı illərin siyasi nəsli də öz missiyamızın heç üçdən birini həyata keçirə bilmədik və nail olduqlarımız son nəticə etibarilə hətta Mərkəzi Asiya ölkələrinin də nail olduqlarından elə də çox olmadı: onlar indi bizdən az müstəqildirmi və yaxud ölkəmiz onlardan daha demokratikdirmi?..

Yox, tələsik hökm verməyin və görünür, bir daha razılaşmaq lazım gələcəkdir ki, bəs demokratiya həqiqətən də uzun bir yoldur, xüsusən də dünya siyasətində son illərdə baş verən ziqzaqları, geri dönmələri nəzərə alanda.

Əlbəttə, çox insanlar bu yolda çox böyük fədakarlıqlar göstərdilər, amma real nəticəsi demək olar ki, olmadı. Ən çox da adamı düşündürən bilirsiniz, heç nədir? Mənim yazılarımı oxuyanlar bilirlər ki, kinonu çox sevirəm, hətta bizim bəzi sovet filmlərini.

Bu sətirləri yazanda da nədənsə yadıma bir başqa, bir az fərqli, qaçaq Nəbiyə həsr olunmuş məşhur filmimizdən (Onu gah “Qanlı zəmi”, gah da “Atları yəhərləyin” kimi təqdim edirlər!) çox maraqlı bir detal düşür.

Filmin əsas personajlarından biri–səhv etmirəmsə, Səlim bəy qaçaq Nəbinin qoluna qandal vurmaq istəyən kiçik və xain bir kəndxudaya (halbuki bu adamı elə Nəbi özü kəndxuda etmişdi!) necə ikrahla baxdığını görüb deyir: “Haqlısan, Nəbi, mərdin qoluna qandalı da mərd vurmalıdır!”. Sonra da qandalı alıb özü onu Nəbinin qoluna vurur – bəli, səhv etmirəmsə, filmdə belə idi...

Bu kiçicik detalı niyə xatırladım burada? Məgər on illərlə davam edən siyasi – ictimai çabalarımızda azmı gördük bu cür kiçik “kəndxuda”ları? Yox, bəlkə də onlarla oldu belələri!..

Amma ən azı öz millətimizdən olduqlarına görə onları da qətiyyən qınamırıq. Ən azı özümüzkü olduqlarından onlara da kin bəsləmirik: nə etmək olar, həyat belədir, aktyorlardan və rollardan ibarətdir. Tanrı sanki  bu həyatda hərəyə bir rol verir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR