Onlayn ictimai-siyasi qəzet
Bəlkə heç rəssam Pirosmani yerli-dibli yoxuymuş? Bəlkə gürcü Pirosmani yox, bir azərbaycanlı ədibin iddia etdiyi kimi, azərbaycanlı Pirosmanlı varmış?..
Bilmirəm, bildiyim odur ki, hər halda, belə rəssam həqiqətən olub, bəzi rəsmləri də qalıb, muzeylərdə sərgiləri var, haqqında çox yazılar yazılıb.
İlk dəfə haqqında oxuyanda-eşidəndə diqqətimi bir ştrix çəkmişdi: əsərlərindəki varlıqların qeyri-adi dərəcədə böyük gözləri vardı! Sanki heyrətdən bərəlmiş bu gözlərdə bir sual həkk olunmuşdu: “Tanrım, sənin tərifli Dünyan elə bu imiş?”..
Buna bənzər təəssüratı müxtəlif vaxtlarda daha iki rəsmlə bağlı da yayamışdım. Biri səhv etmirəmsə, rus rəssamı Vrubelin rəsmi idi: qadının gözlərində qeyri - adi təlaş, həyəcan vardı və konkret tarixi dövrə proyeksiya olunsaydı deyərdin ki, bu qadın-əfsanə sanki qarşıdan gələn qanlı qovğaları – dünya müharibəsini, qanlı-qadalı inqilabları, on milyonlarla insanın həyatını aparan böyük siyasi utopiyaları irəlicədən duyub, hiss edibmiş...
Digər bir məşhur rəsmsə, başqalarını bilmirəm, şəxsən mənə yenidənqurma illərində açılan bir rəsm oldu – söhbət Maleviçin “Qara kvadrat”ından gedir.
Ona da mən heyrətdən bərəlmiş göz və hər tərəfi bürümüş qatı, qara zülmət kimi baxıram. Əlbəttə, Maleviçdən ruhlanıb başqa “düzgün qara çoxbucaqlılar, çoxüzlülər”, məsələn, “qara kublar” çəkənlər də olub deyilənlərə görə, amma tamam mənasız məşğuliyyətdir, “Qara kvadratı” bircə dəfə çəkmək olar, elə Pirosmaninin personajlarının gözləri kimi...
Bəli, Pirosmaninin, Vrubelin və yaxud da Maleviçin ardınca bu qos-qoca, “üzü üzlər görmüş” Dünyaya baxır-baxır, axırda da durub təkrar-təkrar deyirsən: “Tanrım, Sənin tərifli Dünyan budurmu? Axı bunun, lap elə bizim gözəl şairlərdən birinin dediyi kimi, iti bazarında atından bahaymış!”...
Bağırmaq istəyirsən ki, Tanrım, bu nə dərddir vermisən mənə, hamıya çəkə biləcəyi qədər dərd versəydin daha yaxşı olmazdımı?..
Həm də artıq bilmirəm, mən neçənci azərbaycanlıyam ki, lap hayqırmaq istəyirəm: nə yaman olurmuş anlamaq dərdi!
Lap elə böyük Sabir demişkən: “Neyləməli, göz görür, əqlim kəsir, mən Günəşi göydə dana bilmirəm!”
Mən də çox çalışıram, özümü görməzliyə-eşitməzliyə vurmaq, çoxu kimi lal-kar-kor olmaq istəyirəm, amma alınmır ki, alınmır! Sabir dedim, illər öncə özümə verdiyim bir sual düşdü yadıma: Tanrım, bizim uşaqlarımız da Sabiri oxuyacaqsa, onlar üçün də böyük Sabir aktuallıqda qalacaqsa, bəs Brodskini kim oxuyacaq?..
Bəli, dərd böyükdür. Həm də yaşlaşmışam, daha gücüm də çatmır ki, hərdən azacıq da olsa, araqla ovundurum özümü.
Burada yadıma bir detal düşür, özü də şair Əlağa Vahiddən bəhs edən “Qəzəlxan” filmindən.
Bəri başdan deyim ki, Vahidi heç də poeziya ulduzu hesab etmirəm, baxmayaraq, dəfələrlə demişəm və hətta yazmışam ki, ən azı nə qədər muğamat var, üç şair yaşayacaq – Fizuli, Seyid Əzim və Vahid!..
Fəqət, şəxsən mənə elə gəlir ki, bir çoxunun sevmədiyi Süleyman Rüstəm (məncə, o, Azərbaycan sovet şairləri arasında ən istedadlılardan idi!) yalnız qəzəl yazmağı qarşısına məqsəd qoysaydı Vahiddən qat-qat güclü qəzəlxan olardı!
Amma şair Vahiddən başqa insan Vahid də vardı və odur ki, deyirəm: bəli, Vahiddən güclü qəzəlxan ola biləcək şairlər vardı, fəqət, onlar insan Vahidin ömrünü yaşaya bilərdilərmi?..
Bilmirəm, nə qədər həqiqətdir, amma filmdə bir maraqlı epizod var. M.Bağırov Vahidə deyir: “De ki, mən ölüm, daha içməyəcəksən!” Vahid qayıdır ki: “Yox, ağa, içəcəm!”...
Bunu həm də o səbəbdən qeyd etdim ki, bugünlərdə yenə də “bizim sovet şairləri və yazıçıları” mövzusu gəldi gündəmə və mən də onu ötəri seyr etdim.
Bilirsiniz, hətta M.Bulqakov da İ.Stalinə mədhiyyə yazıb! Amma bizə qalan onun “Usta və Marqarita”sı, “Ağ qvardiya”sı, “İt ürəyi” və başqa əsərləri olub!
M.Şoloxov sovet yazıçısı, hətta bir az da stalinçi olub, hamı Stalini söyəndə məşhur “Bəli, şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı axı!” sözlərini deyibdir! Ondan qalanlardan da təkcə “Sakit Don” bəs edir!
Deyilənə görə, B.Pasternak kimi poeziya nəhəngi də rəhbərə heç də az pərəstiş etmirmiş. Bu adamdan da həm böyük poeziya, həm də “Doktor Jivaqo” kimi roman qalıb...
Faciə onda olur ki, kimdəsə nə bu var, nə də o birisi! Belədə isə, tarixi necə var elə də qəbul etmək lazımdır. Həm də gəlin özümüzdən danıışaq və özümüzdən soruşaq ki, bəs 37-də yaşasaydım mən nə edərdim?
Mənə elə gəlir ki, bu həm də bir az individual əxlaqi-mənəvi seçim məsələsidir və kəmiyyət etibarilə böyük ehtimalla böyük dəyişiklik olmazdı: o qanlı-qadalı illərdə böyük əksəriyyətimiz heç nəyin fərqinə varmadan öz həyatını yaşayardı, iki – üç faizimiz hər şeyi bilsə də, anlasa da susardı, cəmi bir, yaxud da yarımca faizimizin (bəlkə daha da az!) yolu Sibirdən düşərdi...
O ki qaldı mən bəndənizə, əlbəttə, nə Vahidəm, nə də qeyri bir ədib! Üstəlik, artıq altmışı da keçmişəm, bir tərəfdən də zəhrimara qalmış bu ürək! Odur ki, daha ürəyim istəyəndə azacıq araq da içə bilmirəm...
Arabir, təsadüfdən-təsadüfə bir-iki bokal pivə içirəm yaxınlıqdakı pivnoylarda, amma bu da gözümdən gəlir: orada da mənə “ağsaqqal, ora keç, bura keç!” deyirlər. Az qalıram, bağıram ki, ay uşaqlar, mən bura, iraq-iraq, ibadətə yox, bir-iki bokal pivə içməyə gəlmişəm!..
Beləcə, Tanrının işlərinə heyrət edə-edə kor-peşiman qayıdıram evə, amma yenə də özümə qoyulmuram, yolboyu elə hey başqa bir şairimizin misrasını deyirəm özüm - özümə: “salam, dar ağacı, əleykümsalam!”
Ona görə ki, düşünürəm, mənim kimilər o qədər bədbəxtdirlər ki, onları heç o biri Dünyada da cənnətdə gözləmirlər!
Bu səbəbdən bəzən misranı dəyişib “Salam, QIR QZANI, əleykümsalam!” pıçıldayıram özümə! Qoy, bu da mənim Dünyaya, onun qəddar gərdişinə bir ironiyam, etirazım olsun...
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ