İnsanlara hürriyət, millətlərə istiqlal!

Saziş hazırdır, bəs siyasətçilər necə?

Nəhayət ki, proses yekunlaşdı və sülh sazişinin bütün mətni razılaşdırıldı: bəli, ötən həftə Bakı ilə İrəvan arasında imzalanacaq saziş haqda belə deyildi və məlum oldu ki, bu vaxta qədər mübahisələrə və müzakirələrə səbəb olan iki maddə də razılaşdırılıbdır.

İndi qalır onu imzalamaq. Amma bu da heç də asan bir məsələ deyil, çünki sazişin nə vaxt və harada imzalanacağı haqda bir kəlmə deyilmir.

Hətta bu da ən əsas məsələ deyil. Ən çox sual doğuran budur ki, saziş Ermənistan Konstitusiyasına düzəlişlər ediləndən sonra imzalanacaq, yoxsa bunu əvvəl də etmək mümkündür?

Sual hələ açıq qalır. Ermənistanda yeni konstitusiya layihəsi üzərində ciddi iş getdiyi və hətta onun da mətninin demək olar ki, artıq hazır olduğu deyilsə də, rəsmi Bakı hələ götür-qoy edir, tələsmir, çünki ona gələcək sülh sazişi ilə bağlı ciddi təminatlar lazımdır. Bunlar olacaqmı? Rəsmi İrəvan bu təminatları verə biləcəkmi?

Doğrusu, bizə elə gəlir ki, Paşinyan dayanmır, prosesi yaxınlaşdırmaq və sürətləndirmək, maneələri aradan qaldırmaq, ölkəsinin regional siyasətini dəyişmək üçün nəsə etməyə çalışır. Amma Paşinyan nə qədər hakimiyyətdə olacaq? Sazişin imzalanması üçün beynəlxalq fon necə görünür, o, bunun üçün əlverişlidirmi?..

Düşünmürük ki, indiki durumda, məsələn, qonşu Rusiya bunu sidqi-ürəkdən istəmiş olsun, çünki Kremlin düşüncəsinə görə, hazırda Rusiyanın geosiyasi iddiaları üçün ən əlverişli dövrdür, cəmi dünyada qaydasızlıq qaydaya çevrilir; ABŞ Qrenlandiyaya və ya Kanadaya iddia edir! Bütün bunlar Moskvanın geosiyasi planları üçün münbit bir zəmin yaratmırmı?

Məsələ də bundadır ki, yaradır. Odur ki, Kreml Bakı ilə İrəvan arasında sülh sazişinmin imzalanmasını istəsə də bunu müəyyən şərtlər daxilində edər; məsələn, saziş Rusiyada imzalansın və prosesdə Kreml üçün də bir “tutacaq” olsun...

O ki qaldı ABŞ-a, bu ölkənin yeni hökumətini Cənubi Qafqaz “on birinci barmaq” qədər maraqlandırır. Ukraynada böyük güzəştlərə hazır olan Vaşinqtonun Cənubi Qafqazda böyük dividendlərə iddia edəcəyini yalnız çox “optimist” təhlilçilər iddia edə bilər, əksinə, Tramp da, onun biznesmen ətrafı da Rusiyanın “qanuni maraq sferaları”nı tanımağa daha meylli görünürlər, nəinki “yorğanı” Rusiyanın üstündən çəkməyə!

Bu adamlar, təkrar-təkrar deyirik ki, beynəlxalq hüququn əsaslarını sarsıtmağa, dünyanı az qala, xaosa sürükləməyə cəhdlər edirlər və bütün bunlar “siyasətə iqtisadi yanaşma, siyasətdə biznes təfəkkürü” kimi təqdim olunur! Dəfələrlə yazmışıq ki, indiyədək ABŞ prezidentlərinin heç biri biznesdən tamam uzaq insanlar olmayıb, çünki bu ölkədə böyük siyasət həmişə bahalı məşğuliyyət olub, ona görə də prezidentlərin və ya prezidentliyə namizədlərin böyük kapitala və biznesə çıxışı olub. Amma heç vaxt heç kimin ağlına gəlməyib ki, siyasəti tamam biznesə, xüsusən də indiki kimi “alverə” çevrisin...

Demək olar ki, Cənubi Qafqaz məsələsində Avropa və xüsusən də Fransa kimi faktorlar var. Düzdür, var. Amma Avropanın Ukrayna kimi böyük problemi də var. Bu saat Brüssel səksəkədədir ki, birdən ABŞ prosesdən tam çəkilsə, məsələ necə olacaq? Axı faktiki olaraq Rusiya ilə müharibə aparmaq Avropanın təkbaşına çəkə biləcəyi yük deyil! Onlar gəlib Azərbaycan-Ermənistan sərhədində drubinlərini bizə tərəf tuşlaya bilərlər, amma inanın, məsələ bundan o tərəfə getməyəcək!

Eyni sözü elə Fransa haqqında da demək olar. Birincisi, Makron gec-tez hakimiyyətlə vidalaşmalı olacaq. İkincisi, hazırda Avropa İttifaqı daha çox Almaniya və Fransa deməkdir. Ukraynanın yükünü çəkməli olacaq ölkələrdən biri də Fransadır və Fransa olacaq. Ona görə də çox istəsə də o, erməni revanşistlərinə ciddi dəstək verə bilməyəcək.

Elə bu səbəbdən də Azərbaycanla sülh məsələsi Ermənistanda daha çox daxili faktorlardan asılı olacaq. Kriminal siyasi klan, o cümlədən də kilsə işləri qarışdırmasa, bu məsələ həllini tapacaq - ya bu il, ya növbəti il! Əsas odur Ermənistanda indiki siyasət və hakimiyyət konfiqurasiyası dəyişməsin, Nikol və komandası hakimiyyətdə qalsın, çünki bu adamlar bir az könülsüz olsa da realist olmağa, reallıqları nəzərə almağa çalışır...

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR