İnsanlara hürriyət, millətlərə istiqlal!

“Böyük geosiyasət erası” başlayır?..

Əslində həmişə belə olub. Min illər bundan əvvəl də müharibələr ondan ötrü idi ki, qənimət əldə olunsun, böyük sərvət və bazarlar ələ keçirilsin, həm də dünya ticarəti və əsasən də böyük ticarət yolları nəzarətə götürülsün.

Sadəcə, bütün bu xüsusdakı biliklər və təcrübə on doqquzuncu əsrin sonralarında ayrıca “elm” halına gəitirildi və kimi ona siyasi coğrafiya, geopolitika və kimi də geo-ekonomika dedi.

Bəli, çox tez bir zamanda yeni “elm”in yeni-yeni məktəbləri yarandı, amma siyasət adamları bunlarsız da illərlə öz fəaliyyətlərində özlərindən də xəbərsiz bu “elm”in məntiqindən istifadə edirdilər.

Bircə misal deyəcəm burada. Uinston Çörçillin bioqrafiyalarından birində belə bir maraqlı detal var. Gənc Çörçillə və bir neçə başqa gənc deputat-parlamentarilərlə görüşən o vaxtın baş naziri (təəssüf ki, adını unutmuşam!) onlardan ayrılarkən deyir ki, cavan oğlanlar, tarifləri, bəli, çalışın, tarifləri öyrənin!..

Etiraf edim ki, prezident Donald Tramp özünün “tarif müharibəsi”nə başlayanda istər-istəməz bu detal yadıma düşdü.

Həm də ona görə ki, geopolitika tranzit yolları, nə bilim, boğazlar, böyük sulara çıxışlar, yerləşdiyin coğrafiyadan necə faydalanmaq və bir daha deyirəm ki, böyük ticarət infrastrurkturu, eləcə də tarifləri haqqında elmdir.

Amma dünyada həmişə tendensiya ilə antitendensiya qoşa addımlayıb, qaydasızlığa və xaosa meyllə birlikdə dünyada bir qayda-nizam yaratmaq cəhdləri də olub həmişə. Məgər ötən əsrdə az qala, yarım əsrlik gərgin səylərdən sonra Dünya Ticarət Təşkilatı yaranmadımı? Az qala, BMT kimi bütün dövlətlər ona da üzv olmadılarmı ki, qlobal ticarəti, tarifləri bir nizama salsınlar? İndi nə olsun? Bütün bunlardan imtina edilsinmi? Hərə durub özünün “oyun qaydaları”nı sırısınmı bütün dünyaya?..

Ötən əsrdə təxminən yarım əsr soyuq savaş, iki siyasi-iqtisadi cəbhə-blok arasında savaş oldu: Qərb kommunist SSRİ-sinə, onun ideologiyasına qarşı qlobal demokratiya və insan haqlarını, azad bazar iqtisadiyyatını qoydu və qalib gəldi! Amma sonra nə oldu? Tez bir zamanda hər şey unuduldu: hətta başladılar başqa “qlobal təhlükələr” uydurmağa, sonra isə hər şeyi bir tərəfə tullayıb öz mahiyyətlərini necə var, elə qoydular ortaya! Halbuki belə olmalı deyildi, çünki soyuq savaş demokratiya və insan haqları, azad bazar iqtisadiyyatı yolundakı heç də bütün maneələri aradan götürməmişdi, hələ xeyli problem qalıb həmin bu müstəvidə! Ona görə də NATO-nun, nə bilim, Dünya Ticarət Təşkilatının qalmasında, BMT-in təkmilləşməsində və güclənməsində məntiq vardı. Bir daha deyirik: baxın dünyaya, görün, nə qədər problem var? Hamı bu problemləri öz maraqlarına uyğun “həll etməyə” çalışsa, bir görün, necə bir xaos yaranar?..

Həm də planetar təfəkkür indiki məqamda labüd bir düşüncə tərzidir, o, heç də kiminsə qlobal iddialarını pərdələmək, ört-basdır etmək üçün deyil, yox, ona görədir ki, bizim hamımızın cəmi bir Yer kürəsi var və o, heç də amerikalıların və ya rusların deyil, bütün bəşəriyyətindir!..

Son prosesləri, o cümlədən də prezident Trampın son addımlarını izləyənlərin bir qismi deyir ki, o, düz edir: məsələn, Çinin Panamada, Panama kanalında nə işi var? Bilirsiniz, biz də bu məntiqlə razılaşmağa hazırıq, amma kontr-sual da yaranır: bəs ABŞ-ın Tayvanda və ya qeyri-nöqtələrdə nə işi var? Və yaxud onunla razıyıq ki, Çinin Ukraynada nə işi var və ya niyə görə dünya daim Rusiya üçün istisnalar etməlidir və onun bazarlaşmağa çalışmalıdır? Axı əlli il bundan əvvəl belə olmadı, heç kim kommunist Rusiyası ilə bazarlaşmadı! İndi nə oldu?

Doğrudanmı o dövrün yüksək prinsipləri artıq bir heçdir və daha heç kimə lazım deyil? Hətta ingilislərin, bəli, faktiki olaraq dünyanı idarə edən anqlosaksların özlərinin sözüdür ki, istənilən qayda qaydasızlıqdan yaxşıdır! Bəli, qaydalardan imtina etmək, qaydasızlığın özünü belə bir “qaydaya” çevirmək olar, amma bunun axırı necə olacaq? İnanın, gec-tez böyük bir müharibə ilə bitəcək bu!

Bir az əvvəl, məsələn, Panama kanalı haqda bir cümlə yazdıq. Amma Trampa qədər kanallar, boğazlar, körfəzlər, daha nə bilim, nələr və nələr, yox idimi? Bütün bunları tənzimləyən beynəlxalq qanunvericilik, sazişlər və s. yox idimi?

Bəli, ola bilsin ki, onların bir az da təkmilləşməsinə ehtiyac yaranıb. Olsun! Amma hamının “yorğanı öz üstünə çəkməsi” düzgün deyil axı, elə etmək lazımdır ki, dünya ABŞ, Rusiya və yaxud Çin üçün yox, hamı üçün, bütün xalqlar və bəşəriyyət üçün olsun...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR