Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Münhen Təhlükəsizlik Konfransının növbəti toplantısı baş tutdu. Bu dəfə mövzu “çoxqütblülük” idi. Aydın məsələdir ki, ruslar konfransın işində iştirak etmirdilər. Amma maraqlısı bilirsiniz, nədir? Hətta qonşu gürcülər də tədbirə qatılmamışdılar, halbuki “çoxqütblülük” onlar üçün maraqsız mövzu olmamalı idi, çünki gürcülər Avropa və yaxud da Qərb istiqamətində xeyli çabalayandan və vurnuxandan sonra belə kəşf etdilər ki, dünyada başqa güc mərkəzləri də var və ən salamatı, rahatı onların arasında manevr etmək və balans yaratmaqdır, çünki belə olsa, ən azı “Gürcü Arzusu” daha çox hakimiyyətdə qalar.
Ona görə də Tiflis bu qədər mürəkkəb şəraitdə, Ukraynanın Rusiyaya qarşı müharibə apardığı dönəmdə, Ermənistanla (İrəvan demək olar ki, Avropaya yönəlik siyasətinə qanuni-konstitusion məzmun veribdir) Rusiya arasında gərginlik yaşandığı vaxtda və hətta Bakı ilə Moskva arasında çox ciddi soyuqluq müşahidə olunan məqamda özünün geosiyasi oriyentasiyasına yenidən baxmağa qərar verdi: gürcülər Ukrayna-Rusiya müharibəsindən düzgünmü nəticə çıxardılar? Hər halda, zaman özü bu sualın cavabını verəcəkdir...
Nə isə, qayıdaq Münhenə. Hələ konfransın açılışında Almaniyanın lideri ABŞ-ı nəzərdə tutaraq dedi ki, bizim dünyaya baxışımız fərqlidir və bu, bir daha göstərdi ki, Avropa ilə yeni ABŞ hakimiyyəti arasındakı çatlar elə də dayaz deyil, əksinə, dərinləşməkdə davam edir, çünki Avropa ilə münasibətlər heç də ABŞ-dakı cari siyasi konyunkturanın predmeti olmamalıdır. ABŞ ya onlarla dostluq və müttəfiqlik etməlidir, ya da ən azı, başağrısı verməməlidir.
Hər halda, güman, konfransda iştirak edən ABŞ dövlət katibi və yaxud da vitse-prezidenti bu işarəni tuta bildilər, amma bunun nə qədər effektli olacağını hələ deyə bilmərik, çünki yeni ABŞ prezidenti özündən razı və özünü hamıdan ağıllı hesab edən bir adamdır...
Belədə isə Tramp artıq ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından, BMT-nin Fələstin qaçqınlarına kömək üçün nəzərdə tutulan Yaxın Şərq Agentliyindən, Paris iqlim sazişindən, Dünya Səhiyyə Təşkilatından çıxarıb, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı müharibəyə (yəqin ki, İsrail baş naziri Benyamin Netanyahuynu həbs etməyə qərar verdiyi üçün!) başlayıb, Kanadaya və Meksikaya qarşı tarif müharibəsi açıb, Qrenlandiyanı ABŞ-a birləşdirəcəyindən danışır!
Hamı düşünür ki, indi də növbə UNESCO-nun, Beynəlxalq Olimpiya Komitəsinindir. Bir sözlə, görək cənab Trampın daha hansı sərgüzəştləri olacaq?
İndilərdə isə keçən dəfələrdə qeyd etdiyimiz kimi, hamı onun Putinlə telefon danışığını müzakirə etməkdədir. Elə Münhen konfransına da daha çox bu aspektdən baxırdı insanlar - görsünlər ki, ABŞ-Rusiya danışıqları ilə bağlı burada hər hansı sızıntı olacaqmı? Doğrusu, biz bu xüsusda hər hansı detal hiss etmədik, - yəqin həm də ona görə ki, bir az əvvəl qeyd etdiyimiz kimi, ruslar konfransda iştirak etmirdilər...
Amma bu, bir faktdır ki, Tramp hakimiyyətə gələndən sonra Kremlin, elə Putin cənablarının da təkəbbürü bir az artıb. Putin artıq Trampı bir siyasətçi kimi görüb və onun stilinə bələddir, gözəl bilir ki, bu adam heç bir çətinlik çəkmədən keçmiş sovet məkanını Rusiyanın həyati və qanuni maraq zonası elan edə bilər. Ona görə də düşünür ki, Baydendən və eləcə də digərlərindən fərqli olaraq Trampdan daha çox şey qopara bilər. Odur ki, Bayden dövründən fərqli olaraq, sülhdən daha az danışır, daha çox bu xüsusda Trampa meydan verir ki, o, Kremli razı salmaq üçün imkan qədər fantaziyasına daha çox meydan versin, halbuki heç olmasa, ətrafındakı siyasi biznesmenlər Donalda başa sala bilərdilər ki, üç illik müharibədən və bu qədər itkidən sonra Ukraynanı Rusiyanın ayaqlarının altına atmaq böyük siyasi fərasət deyil, heç biznes də deyil, çünki hətta biznesdə belə hamı hər şeyi necə gəldi satmağa deyil, daha çox mənfəət götürməyə çalışır...
Amma burada mənim yadıma ABŞ-ın bir vaxtlar Cənub-Şərqi Asiyadakı müharibələri düşür. O vaxt, səhv etmirəmsə, iki Vyetnam, iki Koreya yarandı! İndi də iki Ukrayna yaranmayacaq kiı? Axı bu haqda da çoxdan nəinki şayiələr, hətta söhbətlər də dolaşır...
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ