Onlayn ictimai-siyasi qəzet
Əlbəttə, bir dövlətin mətbuat xidmətinin rəhbərinin sözlərini hələ bu dövlətin rəsmi mövqeyi kimi qəbul etmək olmaz, hətta bu, Xarici İşlər Nazirliyi kimi mühüm bir qurum olsa da.
Amma o da var ki, bir peşəkar və məsuliyyətli diplomat kimi XİN sözçüsü gözəl bilir ki, o, mətbuat üçün açıqlamalarda özünün hansısa “fikir və mülahizə”lərini deyil, təmsil etdiyi nazirliyin və dövlətin mövqeyini çatdırmalıdır, əks halda, bu, ciddi bir hökumət deyil, sadəcə, özfəaliyyət olardı.
Odur, bu yaxınlarda Rusiya XİN-in sözçüçü Mariya Zaxarovanın Gürcüstana Abxaziya və Cənubi Osetiya ilə bu ölkə arasında Moskvanın vasitəçilik etməyə hazır olduğunu söyləməsini də havadan deyilmiş fikir kimi qəbul etmirik, ən azı ona görə ki, indiki vaxtda, Tiflislə Qərb arasında soyuq küləklər əsməyə başladığı dövrdə Rusiyanın Gürcüstana qarmaq atmağa çalışması çox məntiqli görünür - belə ki, hətta ən kritik və pessimist mövqeli siyasi təhlilçilər belə Tiflislə Moskva arasındakı münasibətlərin istləşməyə başladığını qeyd edirlər.
Əlbəttə, burada tələskən oxucu dərhal sual verərdi: axı hansı üzlə? Məgər bir neçə il bundan əvvəl Gürcüstana müharibə açan elə Rusiya deyildimi? Məgər o vaxt Moskva Abxaziyanı və Cənubi Osetiyanı tamam işğal edərək öz "tərkibinə" qatmadımı? Doğrudur, doğrudur və bir daha doğrudur! Amma siyasət də təbiət kimi boşluğu sevmir, xüsusən də hansısa geosiyasi aktor bu boşluğu doldurmaq üçün güdükdə olanda!
Kreml hazırda çox ciddi şəkildə Gürcüstandakı prosesləri izləyir, proseslərsə onun müəyyən xəyallara düşməsinin heç də tamam əsassız olmadığını deməyə əsas verir, çünki hakim “Gürcü arzusu” koalisiyasının ambisiyaları Tiflislə Qərb arasındakı münasibətləri kəskin şəkildə soyudub. Gürcüstanın bu illər ərzində çox çətinliklə qazandığı nailiyyətlərdən, hətta ən əsaslarından biri onun Qərb istiqamətində inteqrasiya yolunda etdiyi irəliləyişlər idi. İvanişvili və onun “siyasi uşaqları” guya Gürcüstanın “təhlükəsizliyini təmin etmək” adı altında ölkənin demokratik strukturlarına və partnyorlarına qarşı demarş etdi. Nəticədə Avropa İttifaqı Tiflisin quruma inteqrasiyasını dayandırdı, ABŞ da bu vaxta qədər böyük dəstək verdiyi bu ölkə ilə demək olar ki, bütün proqramları dayandırdı. Düzdür, hələ hər şey itirilməyib, hamı oktyabr ayında baş tutacaq parlament seçkilərini gözləyir və gürcülər sübut edə bilsələr ki, onlar həqiqətən də avropalı millətdirlər, proseslər yenidən əvvəlki orbitinə qayıdacaq.
Burada başqa bir detal da var. Kremldə başa düşürlər ki, onlar nə qədər çalışsalar da Abxaziyanı və Cənubi Osetiyanı tamam özününküləşdirə bilməyəcəklər, çünki dünyada hələ heç bir siyasətçi deməyib ki, gəlin bu iki subyekti Rusiyanın tərkib hissəsi və yaxud müstəqil qurumlar kimi tanıyaq, baxmayaraq ki, gürcülərin özləri dəfələrlə belə təkliflər veriblər ki, bizi NATO-ya ən azı hələlik Abxaziyasız və Cənubi Osetiyasız qəbul edin! Odur, Kreml də bir az realist olmaq, ən azı bu iki bölgə ilə yenidən Gürcüstanı şirnikləndirmək və öz orbitinə çəkmək istəyir.
Ola bilsin, Gürcüstan hakimiyyətini həm də qonşu Azərbaycanın apardığı siyasət cəlb edir - bəli, Bakı çox ağıllı və tədbirli siyasətlə nəinki Rusiya ilə normal münasibətlər qura bildi, hətta Dağlıq Qarabağı və işğal olunmuş digər əraziləri qaytardı. Amma Bakının misalında Türkiyə kimi çox ciddi amil var, Gürcüstanın isə öz Türkiyəsi yoxdur.
Qərəz, bütün bunları ümumiləşdirərək demək olar ki, hazırda bütün Cənubi Qafqazda, o cümlədən də onun tərkib hissəsi olan Gürcüstanda çox ciddi proseslər gedir - Qərblə Rusiya yamanca çəkişir. Biz bu sətirləri yazanda digər bir bölgədə, haradakı Qərblə Rusiya, sadəcə, çəkişmir, hətta üçüncü ildir ki, müharibə aparır, proseslər bizi ən azı müvəqqəti olaraq Yaxın Şərq məsələsindən qoparıb ayırdı. Bəli, söhbət Ukraynadan və onun Rusiyanın içərilərində apardığı çox uğurlu əməliyyatlarından gedir. Prinsipcə, belə bir gediş istisna olunmurdu və bizə elə gəlir ki, onun bir izi okeanın o biri tayına da aparır: ABŞ demokratlarına bir neçə istiqamətdə ciddi dönüş lazımdır. Onlar öz seçicilərinə ən azı göstərməlidirlər ki, məsələn, Ukraynada apardıqları siyasət doğru və dürüstdür, bu bölgədə Rusiya ilə müharibə aparmaq heç də tamam mənasız və perspektivsiz iş deyil...
Bir sözlə, bir daha deyirik ki, hara baxırsan, Qərblə Rusiya arasında ciddi müharibə gedir - fərq etməz, qaynar, yoxsa soyuq! Mümkündür ki, Ukraynanın üstünlüyü sistemli xarakter alsa, gürcü hakimiyyəti də siyasətini bir az təftiş edərək bir suala cavab axtarmağa çalışacaq: Tiflis Qərbdən məyus olmağa tələsmirmi? Amma bir məsələ də var ki, Qərblə Gürcüstan arasındakı münasibətlərin soyuması İvanişvili və onun siyasi uşaqlarının özəl hakimiyyət ambisiyalarından irəli gəlir - onlar, sadəcə, hakimiyyətdən getmək istəmirlər...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ