İnsanlara hürriyət, millətlərə istiqlal!

Mən niyə gecəbəgündüz oxucu axtarıram?..

 

Günün günorta çağı əlində şam bir filosof Afinanın küçələrini dolaşırmış. Şəhər əhli ondan soruşanda ki, nə gəzirsən, nə axtarırsan, qayıdırmış ki, İNSAN axtarıram...

Mənim qismətim bir az fərqlidir, filosof deyiləm, jurnalistəm, amma mən də az qala, “günün günorta çağında əlimdə qələm” OXUCU axtarıram, baxmayaraq ki, “orta statistik azərbaycanlı adamı”nın “xarakteristika”sını neçə illər bundan əvvəl vermişəm: bəli, dəfələrlə yazmışam ki, Azərbaycanda ALLAH ADINDAN DANIŞAN çoxdur, az qala, hamımız belə edirik, amma əsl ALLAH ADAMI olduqca azdır, hər halda, mən belələrinə az rast gəlmişəm...

Fəqət, bir daha deyirəm: bəli, tale elə gətirdi ki, jurnalist oldum, mən də bir növ bu məmləkətin insanlarına möhtac oldum, çünki bir yazar kimi, mənə də OXUCU lazımdır bu məmləkətdə, oxucusuz keçinə bilmərəm.

Bilirsiniz, jurnalist üçün də hər şey bitəndə ən azı baş verənlərə, hadisələrə münasibət bildirmək istəyi - yanğısı qalır. Yox, bunu qətiyyən özümün də neçə illər bundan əvvəl “MÜNASİBƏT JURNALİSTİKASI” adlandırdığım və hətta lağa qoyduğum bir “media fenomeni” ilə qarışdırmayın.

“MÜNASİBƏT JURNALİSTİKASI” deyəndə mən nəyi nəzərdə tuturdum? Təsəvvür edin, hansısa jurnalist nəsə eşidirdi və dərhal müxalifət liderlərinə və ya ekspertlərə, hətta məmurlara zəng edirdi ki, bu haqda nə düşünürsünüz? Onlar da başlayırdılar danışmağa, həvəssiz-həvəssiz nəsə deməyə. Jurnalist də bunları bircə-bircə yazır və ya efirə verirdi, bununla da onun “missiyası” bitirdi...

Bəlkə də modern, hətta “klassik jurnalistika” baxımından bir azca əvvəldə təsvir etdiyim jurnalist daha doğru-düzgün edirdi, çünki bəzi media nəzəriyyəçilərinin də fikrincə guya, jurnalistin missiyası daha çox ötürücülük, hətta “xəbərçilik”dir. Heç vaxt qəti bunun fərqində olmamışam, düşünmüşəm, qoy, məni heç jurnalist saymasınlar, lap necə istəyir, elə də adlandırsınlar. Bu səbəbdən həmişə hər şeyi öz beynimin süzgəcindən keçirməyə alışmışam və çalışmışam, bunun üçün də qalaq-qalaq kitab, jurnal oxumuşam. OXUCU da ona görə lazımdır mənə ki, bütün bunları onlara çatdırım.

Yox, əslində? mən heç vaxt “kütləvi jurnalist” olmamışam, kütlə üçün yazmamışam, həmişə demişəm ki, qoy, yazılarmı bir İNTELLEKTUAL oxucu oxusun, bu, mənə bəsdir.

Amma oxucuların azlığına tamam biganə də qala bilmirəm, çünki OXUCU marağı demokratiya, insan haqları, liberal dəyərlər, keçmiş Dağlıq Qarabağ problemi və Azərbaycan-Ermənistan münasibətləri, siyasətin və geosiyasətin ən incə problemlərilə bağlı yazdığım yazılara bir növ insanların reaksiyasiyasının göstəricisi kimi lazımdır mənə!

Demirəm, oxucu sarıdan tamam, dəhşətli kasadlıq çəkirəm, yox, belə deyil, təvazökarlıqdan (həmkarlarım və oxucular üzrlü sayar, məni bağışlar! mən də bu altmış yaşımda, heç olmasa, bircə dəfə “nadinclik” edə bilərəm, ya yox? qoy, bu bir-iki söz də özümün özümə “yubiley ərəfəsi tərifim” olsun!) uzaq olsa da, deyim ki, ölkədə mənim kimi siyasi mediaya gətirdiyi ifadələri, deyimləri təkrarlanan - tirajlanan, fikirləri istifadə olunan siyasi yazarlar azdır.

Məsələn, hamının dilindən “geosiyasi arxitektura” və ya “siyasi konfiqurasiya” sözləri, “çoxvektorlu siyasət”, “aktorlar və rollar” (məsələn, bunu amerikalı sosioloq T.Parsonsdan götürmüşdüm) və s. kimi ifadələr düşmür, gəl, kimsə fərqində deyil ki, bunları kim uydurub və yaxud da mediaya kim gətiribdir!..

Lap yaxın vaxtların söhbətidir, dörd-beş həftə bundan əvvəl yüksək vəzifəli məmurlardan biri mənim “Yeni Müsavat” və rusdilli “Zerkalo” saytlarında dəfələrlə yazdığım bir fikri necə təkrarladısa, bir neçə gün medianın gündəmindən düşmədi!..

Yox, bunlardan qəti narahatlıq keçirmirəm, “müəlliflik iddiası”nda da bulunmuram! Məgər biz bütün siyasi yazıları ona görə yazamırıqmı ki, bundan insanlarımız, ilk növbədə də siyasətçilərimiz, diplomatlarımız və məmurlarıpmız istifadə etsinlər! Bəli, mən də, düşünürəm, elə digər dəyərli siyasi yazarlarımız da ilk növbədə bununçün yazmışıq və indi də bunun üçün yazırıq.

Məsələn, hətta son illərdə belə, misal üçün deyim ki, “vesti.az” rusdilli saytının keçmiş baş redaktoru, rəhmətlik Araz Zeynalov (Allah rəhmət eləsin! Gözəl jurnalistlərdən, gözəl ziyalılardan biri idi!) həmişə mənim yazılarımı elə təqdim edirdi ki, onları siyasətçilər və yaxud da məmurlar dərhal görsün. Onun xüsusi ifadəsi - təqdimatı da vardı: “siyasətçilərin menyusu üçün” ...

Odur, bir daha deyirəm ki, heç vaxt ciddi şəkildə oxunmamaq problemim olmayıb, indi də yoxdur. Təəssüf, çox böyük diqqətlə öyünə bilməsəm də, az-çox, kimə lazımdırsa, oxuyur – hamısına minnətdaram! Gəl, daha çox OXUCU diqqəti umduğumu gizlətmirəm, bəli, görəndə ki, bizim oxucular yaltaqlıqla dolu və yaltaqlıqdan başqa heç nəyi özündə ehtiva etməyən bəzi “yazı”ları sənin yazılarından daha çox, hətta qat-qat çox oxuyur, adam özünə yer tapmir.

Sanki bizim oxucuların çoxu deyir ki, OYATMA, AYILTMA məni, qoy, yatım, MƏN BELƏ DAHA XOŞBƏXTƏM! Həm də bizim ölkədə jurnalistikaya və jurnalistə qəribə bir münasibət var və bu münasibət qəti dəyişmir: böyük əksəriyyət düşünür ki, axı jurnalist nə edə bilər? Uzağı, kimisə SÖYƏR və yaxud da TƏRİFLƏYƏR!..

Düz otuz iki ildir sərasər, az qala, hər gün yazıram, amma həyatımda eşitdiyim ən böyük “tərif” heç bilirsiniz, nə olub? Deyiblər ki, bəy, sənin QƏLƏMİNƏ böyük hörmətim var! Bir dəfə dözmədim, qayıtdım ki, məsələ qələmdədirsə, öz qələmimi sənə bağışlaya bilərəm, gör, onunla sən də maraqlı yazılar yaza bilirsənmi?..

Həm də rəhmətlik Zərdabi “Əkinçi”ni ona görə açmışdımı ki, kimisə SÖYSÜN, xüsusən də TƏRİFLƏSİN? Yox, ona görə qəzet açmışdı ki, insanlara ağıllı söz, ağıllı fikir desin, doğru - dürüst məlumat çatdırsın! Amma millət ona dedi ki, OYATMA bizi, qoy, YATAQ, bizə belə daha xoşdur, biz belə daha XOŞBƏXTİK! Elə böyük Mirzə Cəlilə də eyni sözləri dedilər, eyni münasibəti göstərdilər, ondan qala, bizim kimi adi, sıravi bəndələr, ala-babat yazarlar ola!..

Onu da etiraf edim ki, bəlkə də mənim jurnalist kimi “kütləvi sevgi” sarıdan bir az kasadlıq çəkməyimin bir səbəbi də var. Əvvəldə də qeyd etdim, heç vaxt “klassik mənada” jurnalist olmamışam, inanmazsınız, hətta yazmağa keçmiş Azərbaycan Xalq Cəhbəsinin (bəli, indiki Azərbaycan Xalq Cəbhəsi Partiyasının yox, keçmiş Azərbaycan Xalq Cəbhəsinin!) “ideologiya şöbəsi”nin müdiri kimi başlamışam. Elə indi də bəzən özümü, az qala, bu statusda hiss edir, hansısa fikri çatdırmaq üçün min fənd işlədirəm və bunu etməyənə qədər rahatlıq tapa bilmirəm. Hətta bu son illərdə bir rusdilli saytın redaktoru daim mənə  irad tuturdu ki, siz hökumətə məsləhət verirsiniz...   

Amma onu da deyiim ki, yazmağa bir “ideoloq”, bir “ideoloji işçi” (totalitar sovet keçmişindən qalma ştamplar kimi adamın lap beynini deşsə, qıcıqlandırsa da!) kimi başlasam da, çox tez, bir-iki yazıdan sonra ayılıb gördüm, jurnalistəm .

Bundan indi qətiyyən peşman da deyiləm. Otuz ildir nə keçmiş AXC var, nə də onun bir illik sərsəm, bivec “hakimiyyəti” (bunu ürək ağrısı ilə deyirəm, amma həqiqətən belə idi!) və mən, belə demək mümkünsə, indi daha böyük bir “cəbhə”ni təmsil edirəm, konkret bir siyasi partiya və hətta hansısa ictimai təşkilatla heç bir bağlılığım, ünsiyyətim yoxdur.

Mən, sadəcə, hələ də mənəvi cəhətdən keçmiş hərəkatçıyam (baxmayaraq ki, o vaxtki qaraguruha nifrətim və qəzəbim hələ də soyumayıbdır – bəli, onlar çox şeyi məhv etdilər!) və ən əsası da, bir NARAHAT jurnalistəm, başqa bir iddiam olmayıb və indi də yoxdur...       

Bilirsiniz, mənim yazar kimi başqa “özəlliklərim” də var. İndi hamı bu qədər söyür, amma mən, məsələn, Fransaya və ya fransızlara nifrət edə bilmirəm, çünki bəşəriyyət də, elə bu aciz və sıravi bəndəniz də çox şeyi onlardan öyrənibdir.

Nə gizlədim, hələ uşaqlıqda fransız riyaziyyatçılarından və həm də Fransanın böyük inqilablarından bəhs edən “Evarist Qalua”, “Marselyoza və həndəsə” kitabları, akademik Y.Tarlenin məşhur “Napoleon” əsəri və nəhayət, Hüqonun “Səfilləri” əlimdən düşmürdü!

Həm də düşünürəm və çox ümid edirəm ki, E.Makron rədd olub hakimiyyətdən gedəndən sonra çox şey dəyişəcək, hərçənd, elə əvvəlki Fransa hakimiyyətləri də, çox təəssüf, Azərbaycana xüsusi səmimiyyətlərilə seçilməyiblər: bəli, bir azca Jak Şirak Azərbaycanla Ermənistan arasında “paritet” saxlamağa cəhd edirdi, amma neçə illər bundan əvvəl deputatlarımızdan birinin parlamentdə haqlı olaraq dediyi “Jak Şirak qudurub!” sözləri hələ də yaddaşlardan tamam silinməyibdir.

Açığınız tutmasın, qədim yunanlar və qədim romalılar bəndənizdə qədim türklərdən daha çox simpatiya oyadır, baxmayaraq ki, özümü həmişə xalis türk, bəli, türk oğlu türk hesab etmişəm və indi də edirəm!

Əlbəttə, burada da bir istisna var: bəli, mən böyük Əmir Teymuru nəzərdə tuturam. Səhv etmirəmsə, bu gün də turistlər Özbəkistana onun şəhərlərinə, tikililərinə tamaşa etməkçün gəlirlər. Həm də Əmir Teymur Uluqbəyin babası olubdu, sonuncu isə Qərbdə ən çox sayğı ilə yanaşılan son orta əsrlər şərq-müsəlman alimi-astronomudur.

Burada onu da qeyd edim ki, Uluqbəydən sonra şərq-islam elmi mühitində böyük bir fasilə və hətta sükut yarandı. Bu sükut yalnız 20-ci əsrdə, Abdus Salam, Əli Cavan (o, da azərbaycanlıdır, Cənubdandır!), Fəza Gursey, Lütfi Zadə, Əziz Sancar və b. bu kimi çox böyük alimlərin fəaliyyəti nəticəsində pozuldu...

İnsanlarımızın, elə yazarlarımızın da bir qismi üçün indi Dünyamız sanki yalnız və yalnız Azərbaycandan ibarətdir və onlar guya gecəbəgündüz yalnız onu “düşünürlər” ki, görəsən, Azərbaycanı necə daha “böyük” və “güclü” etsinlər? Söz yox, uzun illərin biganəliyindən və nihilizmindən sonra belə bir patriotizmin insanlara hakim kəsilməsi yalnız sevindirə bilər, amma çox, təəssüf ki, indi hər şey, o cümlədən də elə “patriotizm” də siyasi biznesə çevrilibdir.      

Həm də, əlbəttə, Azərbaycanın, hətta türk dünyasının problemləri  hamımız üçün daim daha öndə olmalıdır və öndədir də, amma mən heç də həmişə bu cür “dar” və “məhdud” düşünə, heç də bütün yazılarımda (Xüsusən də indi, keçmiş Dağlıq Qarabağ problemi, nəhayət ki, həll olunandan, torpaqlarımız, şükr ki, azad olunandan və ölkənin suverenliyi, nəhayət ki, onun BÜTÜN COĞRAFİYASINA şamil ediləndən sonra! Bəli, indi daha sərbəst və həm də daha arxayınıq!) daim bu imperativə əməl edə bilmirəm, hərçənd, elə mən də, məsələn, “Cənubi Azərbaycan problemi”nə qətiyyən biganə deyiləm və daim düşünürəm ki, oradakı otuz milyondan çox  azərbaycanlının da problemləri hansısa formada öz həllini tapmalıdır – qoy, İranda da türk dilinə ikinci dövlət dili statusu verilsin! Dövlətlər var ki, az qala, on rəsmi dövlət dili var! İran niyə belə dövlətlərdən olmasın?

Məsələn, hətta uzaq Cənubi Afrika Respublikasında belə düz on iki rəsmi dil var! Məgər İranda ictimai-siyasi mədəniyyət Afrikadakı qədər də deyil?

İranın sevmədiyi və bəyənmədiyi İsraildə rəsmi dövlət dili ivritdir, amma ərəb dilinin də xüsusi statusu var! Bəs niyə qırx milyondan çox türkün yaşadığı İranda türk dilinin də belə statusu olmasın?..

Amma yenə də, adam həmişə olmasa da, hərdən, arabir bir az daha geniş düşünmək istəyir. Mənimçün Planet, bəli, Yer kürəsi də çox əzizdir, çox kiçikdir, bapbalacadır və daim fikirləşirəm ki, İlahi, doğrudanmı, milyon illər sonra, Günəş sönəndən sonra Planet izsiz- soraqsız itəcək, tamamilə məhv olacaqdır?

Yəni doğrudanmı bu qədər unikal bir hadisə - HƏYAT, İNSANLAR bir gün tamamilə heç və yox olacaqlar!..

Axı Yer və onun üzərindəki həyat da çox unikaldır. Alimlər də təsdiq edir ki, ən azı yaxın Kosmosda – bizim qalaktikada və yaxud da yaxın qalaktikalarda Yerin bənzəri yoxdur, həyat yoxdur! Bəlkə də Kainatın tam ucqarlarında, bizdən milyard işıq ili məsafəsində hansısa bir ekzo-planetdə həyat var, amma bunun bizə nə dəxli var? Hətta yüz min illər bundan sonra bəşəriyyətin icad edə biləcəyi ən sürətli kosmik gəmi belə onlara çatmaq iqtidarında olmayacaq, çünki təbiətdə və ya Kainatda işıq sürətindən böyük sürət yoxdur - əlbəttə, mən hipotetik taxionları nəzərə almıram, onlarçün ən kiçik, minimal sürət işıq sürətidir! Onu da demirəm ki, bəlkə yüz min illər sonra insanlar teleportasiyanın sirlərinə vaqif olacaqlar, lap jurnalistlərin uydurduğu məşhur “Filadelfiya təcrübəsi”ndə olduğu kimi – onda ən böyük məsafələr də tamam qısala bilər! Amma bunların hamısı xəyaldır, alimlərin hipotezidir!

Odur, özümü həm də Yer kürəsinin, Planetin adi bir, sıravi, amma narahat sakini hesab edirəm. İnanın, bu, gec-tez hamının labüd seçimi olacaq, çünki hamımız həm də bəşəriyyətin hissəsiyik, ona görə də Putin  (bu KQB-çi hamımızı radioaktiv külə döndərməsə yaxşıdır!) təfəkkürlü siyasətçilərə nifrət edirəm!

Lap öldürün məni, amma qətiyyən anlaya bilmirəm ki, axı Rusiya nə boyda olmalıdır ki, bunlar “doyduq!” desin, yazıq ukraynalılardan, hətta belaruslardan əl çəksinlər!..

Buna görə də böyük hesabla, insanların, daha çox da siyasətçilərin yaratdıqları bu sərhədlər, hətta dövlətlər, ölkələr mənimçün son, hələki çox, xeyli uzaq bir nəticə, perspektiv etbarilə, müvəqqəti bir şərtilikdir və mən rusiyalı “politoloq” Aleksandr Duqinə yox, kenisberqli (bəli, kalininqradlı yox, kenisberqli!) qoca Kanta daha çox inanıram, əminən ki, gec-tez, yüz, bəlkə də min illərdən sonra Dünya dövləti və yaxud da buna bənzər nəsə yaranacaqdır...

Hələliksə bütün bu sərhədləri, şərtilikləri (elə bütün mənalarda!) real olaraq, hətta psixoloji, xəyali cəhətdən də dəf etmək mənimçün də çox, olduqca çətindir, heç də həmişə asan deyildir, ən azı ona görə ki, lokal düşünmək vərdişindən birdən-birə qurtulmaq olmur, hamımız daha çox hansısa ölkəyə bağlıyıq və birdən-birə “planetar düşüncə”li ola bilmərik, bunun üçün hələ çox böyük zaman, bəlkə də min illər lazımdır.     

Bir daha vurğulayıram ki, demirəm, bunlar bugün-sabah olacaq, yox, bəlkə də yüz illər, hətta min illər tələb olunacaq bununçün, amma gec-tez belə olacaq – bir daha deyirəm ki, əgər o vaxta qədər Putin cənabları hamımızı radioaktiv külə döndərməsə...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024