Onlayn ictimai-siyasi qəzet
Qonşu İranda keçirilən son prezident seçkiləri siyasi təhlilçiləri də iki böyük qrupa bölüb. Birincilər realist-pessimistlərdir və onların bir neçə ciddi arqumenti var ki, hətta istəsək də bunları nəzərə almaya bilmərik.
Birincisi, bu qrup belə hesab edir ki, prezident seçilmiş türk mənşəli Məsud Pezeşkian heç nə etməyəcək, nəinki bizim Azərbaycanın, hətta cənublu soydaşlarımızın da müəyyən ümidlərini və gözləntilərini doğrultmayacaq, ona görə ki, unutmaq lazım deyil ki, İranın dini lideri S.Ə.Xameneyi də türk kökənlidir və bu, indiyə qədər heç nəyi dəyişməyib – Tehran nə Bakı ilə səmimi münasibətlər qurub, nə də cənublu azərbaycanlılar hansısa haqlar və hüquqlar qazanıblar!
İkincisi, bu qrup təkrar– təkrar diqqəti hamıya məlum olan bir detala çəkir və o da budur ki, İranda prezident həlledici siyasi fiqur deyil və o, hakimiyyət olimpində ikinci şəxs hesab edilir, hər şeyi, demək olar ki, ali dini rəhbər həll edir...
Amma romantik– optimistlər adlandırmaq mümkün olan ikinci qrup siyasi təhlilçilər də təslim olmurlar, onlar özləri ümid edir və başqalarını da ümid etməyə çağırırlar.
Bu qrupun da müəyyən arqumentləri var və onları belə sadalamaq olar. Onlar belə hesab edir ki, İranda hər şeyi mühafizəkarlar və hətta ali dini lider həll etsəydi, onda son prezident seçkilərində islahatçı Məsud Pezeşkian deyil, ali dini liderin və yerdə qalan hakimiyyətin müdafiə etdiyi mühafizəkar S.Cəlili qalib gələrdi, amma belə olmadı, seçkini islahatçı uddu. İkinci arqument budur ki, bütün mübarizələrdə gec-tez azadlıq ideyası və azadlıq tərəfdarları qalib gəlir və İran xalqı da on illərdir ki, azadlığa təşnədir və odur ki, onlar ya islahatlar yolu ilə, ya da başqa bir yolla gec-tez azadlığa qovuşacaqlar. Həm də optimistlər düşərgəsi belə hesab edir ki, biz bir siyasətçi kimi Məsud Pezeşkianı hələ yaxşı tanımırıq, onun siyasi bioqrafiyasında bu adamı həqiqi islahatçı və cənublu azərbaycanlıların təəssübkeşi hesab etmək üçün xeyli ciddi epizodlar var...
Nə demək olar? Biz nəticələrlə tələsməzdik. Hələlik diqqətə çəkən Pezeşkianın Qərbə yönəlik ismarışlarıdır və düşünürük ki, Qərb də həqiqətən İranda islahatların olmasını istəyirsə, bu ismarışlara daha diqqətlə yanaşmalıdır.
Cənublu azərbaycanlılara gəldikdə isə, onların problemi köklü şəkildə İranda ikinci dövlət dilinin türk dili elan olunması yolu həll oluna bilərdi. Belədə isə, İranda irançılıq güclüdür, hətta cənublu azərbaycanlıların böyük hissəsi bütün İranı öz dövlətləri hesab edirlər. Ona görə də bu müstəvidə də ciddi İran-Turan çarpışması gedir.
Belə hesab olunur ki, guya heç vaxt Turan olmayıb və bu, Firdovsinin bədii təxəyyülünün məhsuludur. Amma hətta müasir dünya xəritəsində də Turanla bağlı məkanlar-yerlər var, məsələn, Turan yaylası və ya ovalığı! Oxucu elə yəqin Turan pələngi haqqında da eşidibdir. Bundan başqa, tarixi Türküstan etno-arealı olubdur, Mərkəzi Asiyanı elə indi də Türküstan adlandıranlar var. İndiki çağda isə Turan artıq siyasi reallıqdır və bu vəziyyət həm də İranı əndişələndirir...
Hər şeyi bir tərəfə qoysaq, bizim Azərbaycan İranı Cənubi Azərbaycana potensial iddiaçı kimi qorxutmur, həm də türk birliyinin mühüm həlqəsi kimi ehtiyatlandırır. Ona görə də vəziyyət mürəkkəbdir, baxmayaraq ki, bizim Azərbaycanın da geosiyasi axtarışları türk birliyilə məhdudlaşmır, sorağımız Şanxay Əməkdaşlıq Təşkilatından (Bakı burada “müşahidəçi dövlət” statusu almaq istəyir!), indi də BRİKS-dən gəlir – deyilənə görə, Azərbaycan BRİKS-ə üzv olmaq istəyir! Amma burada iki məqam var.
Birincisi, qardaş Türkiyə də Şanxay Təşkilatına biganə deyil və bu yaxınlarda Ankaranın da BRİKS-ə üzv olmaq istədiyi deyildi. Düzdür, son bir-iki həftə ərzində başqa hadisələr də oldu – Bakı NATO - nun Vaşinqton sammitinə qatıldı, Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammitinin işində iştirak etdi. Amma bununla belə BRİKS-lə bağlı müəyyən narahatlıqlar var.
Birincisi, bu təşkilatın aparıcı üzvlərindən biri Hindistandır və onun bizim çox yaxın müttəfiqimiz olan Pakistanla çox soyuq münasibətləri var. İkincisi, Dehli İrəvanla çox isti münasibətlər saxlayır, ona təkcə silah satmır, həm də haylarla müxtəlif “geosiyasi oxlar” qurmağa çalışır. Üçüncüsü, bizim geosiyasi axtarışlarımız Cənubi Qafqazdakı geosiyasi reallıqlara nə qədər adekvat görünür? Bəlli olduğu kimi, Ermənistan ABŞ və Qərblə çox intensiv əlaqələr qurmaqdadır. Belə olan təqdirdə, bizim əks geosiyasi qütblərdə, ABŞ-a və Qərbə dost olmayan geosiyasi qurumlarda yer axtarmağımız nə dərəcədə düzgündür?
Bəli, demək olar ki, Ermənistanın çabaları müəyyən mənada mövsümi xarakter daşıyır, məsələn, ABŞ-da bu il baş tutacaq prezident seçkiləri bu prosesə köklü korrektələr edə bilər. Amma İrəvanın da çabalarında müəyyən sistem müşahidə olunur: Moskvadan qurtulmaq istəyən İrəvan Kremlin digər geosiyasi layihələrinə elə də maraq göstərmir, çünki ŞƏT də, BRİKS də daha çox Moskvanın geosiyasi və geoiqtisadi layihələridir.
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ