İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğrudanmı cəmi bir neçə il qalıb?

Nəhayət ki, qonşu Gürcüstan da Avropa İttifaqına namizəd-dövlət statusunu aldı. Əslində noyabrın əvvəlində keçirilən sammitdə aydın idi ki, bu ilin sonuna qədər Tiflisə bu status veriləcəkdir, belə ki, o vaxt tövsiyə olunmuşdu ki, Gürcüstana namizəd-ölkə statusu verilsin, bircə şərtlə ki, o, qarşısında qoyulan 12 tələbin hamısını tədricən yerinə yetirsin. Burada onu da qeyd edək ki, gürcü baş nazir namizəd-dövlət statusunu almaq üçün gecə və gündüz çalışdıqlarını desə də, ən sonuncu günə qədər Tiflis on iki şərtdən yalnız üçünə əməl etmişdi...

İndi bütün hallarda mühüm mərhələlərdən biri arxadadır. Düzdür, Gürcüstan digər iki GUAM ölkəsi ilə - Moldova və Ukrayna ilə müqayisədə bir az gecikdi. Qeyd edək ki, sonuncu iki ölkə namizəd-dövlət statusunu təxminən il yarım bundan əvvəl almışdı. İndi isə Aİ bu dövlətlərlə üzvlüklə bağlı danışıqlara başlamağa start verməyi qərarlaşdırıbdır ki, bu da onların yenə də Tiflisdən öndə olması anlamına gəlir. 

Bəs prosesin perspektivi necə görünür? Bu ölkələr yaxın vaxtlarda Avropa İttifaqının üzvü olacaqlarmı? Qeyd edək ki, onların özləri çox nikbin görünür və ümid edirlər ki, uzağı, 2030-cu ilə qədər birliyin tam hüquqlu üzvü ola biləcək.

Amma siyasi müşahidəçilər elə də nikbin deyillər. Birincisi, onlar digər ölkələrin, məsələn, Türkiyənin təcrübəsindən misal gətirirlər, hansı ki, on illərdir ki, bu statusu alıbdır, amma hələ də İttifaqın üzvü ola bilməyibdir. İkincisi, Gürcüstanın da, Ukraynanın da, Moldovanın da ciddi, hələ tənzimlənməmiş ərazi problemləri var. Bunların yaxın vaxtda həll olunub-olmayacağı heç kimə bəlli deyil. Amma ekspertlər bu məsələdə də Kipri nümunə gətirirlər. Bəlli olduğu kimi, onun böyük bir hissəsi Türkiyənin nəzarətindədir, amma bu, Kiprə Avropa İttifaqının üzvü olmağa mane olmadı. Üçüncüsü, Avropa İttifaqının özünün perspektivilə bağlı müəyyən tərəddüdlər var. Belə hesab olunur ki, avro-ehtiraslar, məsələn, Ukraynaya çox baha başa gəldi. Ona görə də təhlilçilər sual verməkdə davam edirlər ki, Avropa İttifaqına üzv olmaq üçün bu qədər itki verməyə dəyərdimi? Axı indi iqtisadi tərəqqi, xüsusən də texnoloji inkişaf təkcə Avropada cəmləşməyibdir, Uzaq Şərq ölkələri, Çin, Yaponiya və ya Cənubi Koreya nəinki Avropa ölkələrindən geri qalmır, hətta bir sıra parametrlərə görə onları üstələyirlər də!.. 

Daha bir məqam budur ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması bu birliyin perspektivi ilə bağlı hətta siyasi-fəlsəfi mübahisələrə yol açdı, ekspertlər bu günə qədər mübahisə etməkdədirlər...

Bir sözlə, heç də hər şey “iki üstəgəl iki” kimi aydın deyil. Qaranlıq məqamlar çoxdur. Amma əsas bilirsinizmi nədir? Bu üç ölkənin insanları heç nəyə baxmadan ölklərinin Avropa İttifaqına üzv olmağında maraqlıdırlar. Gürcülər ölkələrinin namizəd-dövlət status almasını hətta bayram edirdilər. Bu ölkələrin insanları özlərini avropalı hiss edirlər və Rusiyanın artıq keçmiş olduqlarını bildirirlər. Avropanın özünün bu cür istəklərə qarşı nə qədər səmimi olması artıq bir ayrı müzakirənin mövzusudur. Biz bu sətirləri yazanda Brüssel hələ Ukrayna üçün 60 milyard dollarlıq hərbi yardımı razılaşdıra bilməmişdi. 

Üstəgəl, ildən-ilə ABŞ-ın və ya Aİ-nin Ukraynaya hərbi yardım ayırmaq cəhdləri çox ciddi maneələrlə qarşılaşır. Növbəti il isə ümumiyyətlə, seçki ilidir. Hələ də aydın deyil ki, məsələn, sıravi ABŞ seçicisinin Ukrayna müharibəsinə münasibəti necədir? Hələlik bəlli olanı budur ki, sosioloji sorğularda respondentlərin əlli altı faizi artıq Co Baydenə səs vermir! Bu isə o deməkdir ki, digər namizədin - keçmiş prezident Donald Trampın şansları artır. Sonuncunun hakimiyyətə gəlişi isə Avropa İttifaqı və NATO üçün çox ciddi fəsadlara və problemlərə yol aça bilər...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024