İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi Zəngəzurla şirnikləndirə bilərlərmi?..

Erməni baş nazirinin Böyük Britaniyada Avropa Siyasi Birliyinin dördüncü sammitində Azərbaycan prezidentilə görüşdən qaçmasının bir səbəbi kimi də belə deyildi ki, guya Nikol Paşinyanın müzakirə etmək üçün hazırda predmeti yoxdur: o, vədlər versə də sülh sazişinin imzalanmasını yaxınlaşdıra bilmir, Ermənistan əhalisini konstitusiyanın dəyişdirilməsinin zəruri olmasına inandırmağı bacarmır. 

Amma bütün bunlara rəğmən bizə belə gəlir ki, bu arqument əslində həqiqətdən bir qədər uzaqdır, çünki müzakirə üçün predmet çoxdur: masa üstündə dörd kənd məsələsi var, Azərbaycanla Ermənistanın sərhədləri min kilometrdən çox olsa da bunun cəmi on-iyirmi kilometri razılaşdırılıbdır, nəhayət, ortada Zəngəzur dəhlizi kimi müstəsna əhəmiyyətli bir problem var, hansı ki, təkcə qlobal geoiqtisadi layihələr baxımından maraq kəsb etmir, həm də ona görə mühümdür ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi Naxçıvanın on illərlə davam edən blokadasına da son qoymalıdır...

Elə biz də bu kiçik yazıda daha çox Zəngəzur problemindən bəhs edəcəyik. Problemin nə səbəbdən müstəsna əhəmiyyət kəsb etdiyini artıq vurğuladıq. Amma Azərbaycanda Zəngəzura baxış diplomatların bu vaxta qədər müzakirə etdiklərindən bir qədər genişdir. Burada söhbət təkcə Naxçıvanın blokadasından getmir, məsələ təkcə “Orta yol dəhlizi” layihəsi ilə çərçivələnmir, Zəngəzur həm də Azərbaycanın tarixi torpaqlarıdır. Odur ki, bu kontekstdə ən müxtəlif çağırışlar səslənir: güc yolu ilə Naxçıvana yol açmağa, hətta Zəngəzuru hərb yolu ilə qaytarmağa çağıranlar da var. Hətta Azərbaycan rəhbərliyi adından bu xüsusda “bəyanat”lar da yayılır. Güman, bu səbəbdəndir ki, bugünlərdə Şuşada keçirilmiş Qlobal Media Forumunda Azərbaycan Prezidenti bir daha dedi ki, biz Zəngəzura tanklar üstündə deyil, avtomobillərlə qayıdacağıq, yəni Azərbaycanın Zəngəzurla bağlı hər hansı bir hərbi-militarist planı yoxdur. 

Amma bununla belə, bu mövzuda müzakirələr səngimir. Bəlkə də ona görə ki, İrəvan müxtəlif vasitələrlə problemin həllini yubadır, halbuki hələ dörd il bundan əvvəl bu məsələ ilə də bağlı öhdəlik götürmüşdü.

Bəli, məsələ Azərbaycanla Ermənistanın ixtiyarına qalsa, Bakı onu bir neçə günün içində həll edə bilər. Amma bu müstəvidəki siyasi vektorlar tək Bakı və İrəvanla məhdudlaşmır. Bəzi ölkələr hələ də keçmiş Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə barışmaq istəmir. Görün, Bakı Zəngəzur məsələsini güc yolu ilə həll etmək fikrinə düşsə, nə mərəkə qopar! Odur, ehtiyatlı olmalıyıq. 

Hazırda Qərb-Rusiya geosiyasi qarşıdurmasının bir xətti də Ermənistandan keçir. Fransa ciddi şəkildə burada suyu bulandırmağa çalışır. Amma o, tək deyil, ABŞ da var burada - hansı ki, Ermənistanda hərbi təlimlər keçirir, bu ölkənin müdafiə nazirliyində öz adamını və hərbi missiyasını yerləşdirir. Hazırda Ermənistanda sözün əsl mənasında geosiyasi xaos hökm sürür. Bilmək olmur ki, ölkə kiminlə bir geosiyasi müstəvidədir? Əlbəttə, bütün bunlar narahat etməyə bilməz. Ermənistan sürətli şəkildə silahlandırılır və hətta “Hindistandan ən çox silah alan ölkə”yə çevrilir. Nədən ötrü edilir bütün bunlar? Hələ ki bilmək olmur. 

ABŞ bu gün də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirir. Biz buna şübhə etməməyə çalışırıq, çünki İrəvandan fərqli olaraq, güman, Vaşinqtonda anlayırlar ki, Rusiyadan uzaqlaşmaq üçün Ermənistan digər ölkələrlə, xüsusən də Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Ola bilsin ki, Ermənistanın sürətlə silahlandırılması da bu məqsədə xidmət edir - Qərb Rusiyanın bu ölkədə hərbi mövcudluğuna və iştirakına son qoymaq istəyir. Rusiya isə hələ buna qarşı ciddi qərar verməyibdir. Onlar hələ də belə hesab edir ki, İrəvanla Moskvanın münasibətlərinin soyuması daha çox Paşinyanın “xidməti”dir. Həm də Kremlə Ukrayna müharibəsi mane olur - Moskva Cənubi Qafqazda “ikinci cəbhə” açmağı hələ də yubadır. 

Amma hətta bunsuz da bölgə hazırda qaynar qazanı xatırladır. Odur ki, çox ehtiyatlı olmalıyıq - müxtəlif ünvanlar (lap elə Rusiyanın özü!), necə deyərlər, ilanı Seyid Əhməd əli ilə tutmaq üçün bizi Zəngəzurla şirnikləndirməyə çalışa bilərlərt, amma biz ehtiyatlı, tədbirli olmalıyıq...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024