Onlayn ictimai-siyasi qəzet
Kremlin adət etdiyimiz, ənənəvi olaraq sərt reaksiyasına baxmayaraq Ermənistan və Azərbaycan Vaşinqtonun NATO-nun sammitində iştirak etməklə bağlı dəvətini cavabsız qoymadı – İrəvan dərhal bildirdi ki, sammitdə iştirak edəcək, Azərbaycan isə açıqlamalarla bir az tələsməsə də, xarici işlər naziri Ceyhun Bayramov da sammitin işində iştirak etmək üçün Vaşinqtona yola düşdü.
Maraqlıdır ki, sammit başa çatsa da, İrəvan və Bakı onun işində iştirak etsə də, Kremlin hirsi soyumur, Azərbaycanın adını çəkməsə də, Ermənistana yönəlik gündə bir sərt bəyanatla çıxış edir, çünki onun qəzəbini “başa düşmək” olar: İrəvan, necə deyərlər, qulağının dibində yerləşən KTMT-nin bütün tədbirlərini saymır, onlara qoşulmur, NATO-nun isə bir tədbirini belə buraxmır!
Moskva hələ də özünə təskinlik verir ki, guya belə “diqqətsizliyin” arxasında N.Paşinyan dayanır. Amma həqiqətdə belədirmi? Əlbəttə ki, yox. Bu yaxınlarda nüfuzlu ABŞ sosioloji xidməti Ermənistanda sorğu keçirmişdi. Rəyi soruşulanların yalnız on yeddi faizi ölkəsinin KTMT-də qalmasına tərəfdar olduğunu bildirmişdi!..
Bütün bunların heç də Nikol Paşinyandan və onun qərbçi siyasətindən qaynaqlanmadığını göstərmək üçün qeyd edək ki, elə həmin sorğuda cəmi 14 faiz Paşinyanın partiyasını dəstəklədiyini demişdi. Əlbəttə, Ermənistanda vəziyyət birmənalı deyil. Cəmiyyət Rusiya ilə münasibətlərə yenidən baxılmasını istəyir, amma başa düşmür ki, bunun üçün ölkələri regional siyasətini dəyişməli, Azərbaycan və Türkiyə ilə tamam yeni münasibətlər qurmalıdır. Amma erməni cəmiyyəti hələ bunu anlamır – bəli, o, müharibə istəmir, amma “böyük Ermənistan” xülyasından da əl çəkməyi düşünmür, belə ki, rəyi soruşulanların yalnız üç faizi Nikol Paşinyanın konstitusiya ilə bağlı çağırışlarına səs verib!
Qayıdaq Azərbaycana. Bizim ölkəmiz prinsipcə, NATO ilə əməkdaşlıq üçün ən hazırlıqlı ölkədir – burada Ermənistandakı kimi Rusiyanın hərbi bazaları yoxdur, ərazisinin bir hissəsi Gürcüstandakı kimi Rusiyanın nəzarətində deyil. Ölkə Ermənistandan və Gürcüstandan fərqli olaraq, iqtisadi cəhətdən daha müstəqildir. Amma Vaşinqtondan dəvət gəlməsi bizə bir az təəccüblü gəldi, çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun NATO-ya və Aİ-a inteqrasiya olunmaq planları yoxdur, üstəgəl, son illər Bakı digər geosiyasi bloklarla daha çox yaxınlıq edir, nəinki NATO ilə. Amma buna baxmayaq dəvət gəldi və ən başlıcası isə, NATO ümidlərini itirmir, Cənubi Qafqaz ölkələrinə münasibətdə paritet saxlamağa çalışır. Amma Bakının da siyasəti birmənalı deyil. Ölkə bu yaxınlarda ordusunu bütünlüklə Türkiyə standartlarına keçirmək istəyir. Türkiyə standartları isə elə NATO standartlarıdır. Bu, əslində o deməkdir ki, bizim ordumuz da dolayı yolla NATO standartlarına keçir.
Bundan başqa, biz bu sətirləri yazanda Azərbaycan prezidenti İlham Əliyev qardaş Pakistanda rəsmi səfərdə idi. Bəlli olduğu kimi, Bakı İslamabadla da çox yaxınlıq edir. Odur ki, sual yaranır: Türkiyə və Pakistanla yaxın olmaq ABŞ və NATO ilə yaxın olmaq demək deyilmi? Düzdür, son illərdə çox şey dəyişib və indi də dəyişməkdədir, amma soyuq müharibə dövründə Türkiyə və Pakistan Qərbin əsas hərbi platsdarmları idilər. Türkiyə elə indi də NATO-nun üzvüdür. Düzdür, müəyyən narazılıqlar var, tənqid də müşahidə olunur. Hətta Vaşinqton sammiti ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğan dedi ki, NATO ümidləri doğrultmur. Amma növbəti NATO sammitinin İstanbulda keçirilməsi haqqında söhbətlər də var. Pakistana gəldikdə, son illərdə onun geosiyasi meyllərini bütün təfərrüatları ilə bilmirik, bir daha deyirik ki, soyuq müharibə dövrü ilə müqayisədə çox şey dəyişibdir. Amma Pakistan da Rusiya ilə müqayisədə ABŞ-a və NATO-ya bir köynək yaxındır. Ən əsası isə, İslamabad Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünə görə Ermənistanla hələ də diplomatik əlaqələr qurmayan üç dövlətdən biridir və əlbəttə ki, bu da çox mühüm faktordur. Üstəgəl, Pakistan bizə qarşı həqiqətən də səmimi münasibət bəsləyən müsəlman ölkələrindən biridir. Qeyd edək ki, bu amil də çox mühümdür və Bakı daim onu nəzərə alır, eyni səmimiyyətlə cavab verməyə çalışır...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ