İnsanlara hürriyət, millətlərə istiqlal!

Siqnal yenə şimaldandır?..

“Tarix boyu kilsə ermənilər üçün dövləti əvəz edibdir” – düşünürük, erməni baş naziri Paşinyanla kilsə arasındakı savaşı ilk olaraq bu məqamdan araşdırmağa başlamaq lazımdır. İndi, pis-yaxşı, erməni dövləti var və kilsənin onu əvəz etməsinə daha ehtiyac yoxdur, üstəlik, erməni dövləti indi-indi müstəqil olmağa başlayır, hər halda, Paşinyan çətinliklə, ziddiyyətlərlə olsa da, heç də həmişə ardıcıl xarakter daşımasa da buna yönəlik cəhdlər edir...

Amma kilsə ilə hökumətin indiki ziddiyyətlərini təkcə bununla izah etmək də düzgün olmazdı, qarşılıqlı ittihamların bir ucu gedib az qala, əxlaq müstəvisinə, kimin daha əxlaqlı olmasına, erməni millətini təmsil etməyə daha layiq olmasına gedib çıxır: kilsə Paşinyanın şəxsi həyatına qarışır, onu az qala, əxlaqsızlıqda, erməni millətinin mentalitetinə uyğun adam olmamaqda ittiham edir.

Eləcə də N.Paşinyan kilsə elitasını ermənilərin dini və əxlaqi kanonlarını pozmaqda suçlayır...

Sözsüz, bu savaşın bir ucu da Ermənistanda müasirlik, yenilik tərfədarları ilə mühafizəkarlar, Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarlarıyla, erməniləri miflərlə yox, reallıqlarla yaşamağa çağıranlarla “böyük Ermənistan” kimi miflərdən əl çəkmək istəməyən, Dağlıq Qarabağın ermənilərin nəzarətindən çıxması ilə barışmaq istəməyən revanşistlərin savaşıdır və bunun mümkün konstitusiya islahatları və ələlxüsus da qarşıdan gələn seçkilər ərəfəsində qızışması da heç də təəccüblü deyil, əksinə bəlkə də qanunauyğunluqdur. Həm də ona görə ki, dünyada və regionda gedən proseslər də bütün bu hadisələri stimullaşdırır.

Bəli, bugünlərdə Rusiya prezidenti Putin hamıdan əvvəl erməni baş nazirini 50 yaşı münasibətilə təbrik etdi. Amma onun səmimiyyətinə inanırsınız? Axı Putin və komandası az qala, hər gün SSRİ-nin ləğvinin “tarixi yanlışlıq” olduğunu deyir, onun “ideoloqu”, sərsəm Duqinsə bəyan edir ki, Ukrayna problemi həll olunandan sonra ölkəsi “qollarını çırmayıb” digər problemlərin də həllinə girişəcək, yəni keçmiş SSRİ-ni bərpa edəcək, “yeni avrasiyaçılıq ideyası”nı rus əsgərlərinin süngüsü ilə gerçək edəcək.

Odur, qətiyyən təəccüblənməyin, indi haradasa keşişlər, başqa yerdəsə  qeyriləri fəallaşa bilər, çünki buna zəmin və hətta stimul vardır. Görək, hələ bundan sonra nələr olur...

Bəli, Rusiya özü də, elə dünya ölkələri də Ukrayna müharibəsinin nəylə bitəcəyini gözləyirlər. Burada isə ən ziddiyyətli tendensiyalar baş alıb gedir. Bəli, bir tərəfdən, nəzərlər İstanbula yönəlir ki, bəlkə sülh-barışıq baş tutdu, digərlərisə diqqəti Ukrayna ilə Rusiya arasındakı müharibənin daha da güclənməsinə yönəldir: həftə əvvəli Kiyev Rusiyanın ərazisini deyəsən, güclü dron atəşinə tutdu...

Odur ki, sülhə, olsa-olsa, bircə nəfər, cənab prezident Tramp inanır. Onun avropalı həmkarları deyir ki, ən azı bu il heç nə olmayacaq. Ruslar özləri də sülh haqqında yalnız ironiya ilə danışırlar, demək olar ki, bütün danışıqlarda nəinki Krımın, Luqansk və Donetskın, hətta Xersonun və Odessanın da Rusiyanın nəzarətinə verilməsini tələb edirlər. Nə etsinlər? Axı yazıqların ərazisi çox kiçikdir, rus millətinə torpaq - ərazi həqiqətən da çatmır! Siz, Allah, gülməli deyilmi?..

Bir daha deyirik ki, bu fonda keçmiş “qırmızı keşişlər”, daha nə bilim, bəlkə haradasa “qırmızı mollalar” həqiqətən də “siqnal” gözləyirlər. Ən azı, bir məsələdə erməni baş naziri Nikol Paşinyanla razılaşmamaq olmur: həqiqətən, sovetin süqutundan sonra erməni kilsəsi təmizləndimi, onun elitası həqiqətən də yeniləndimi?..

Axı sovetin vaxtında (yenidənqurma zamanı) yazılırdı ki, NKVD ilə əməkdaşlıq etməyən sonuncu patriarx, səhv etmirəmsə, Tixon olubdur, hansının ki, indi də öldürüldüyü deyilir. Doğrusu, yaddaşıma bir o qədər də inanım yoxdur, amma, deyəsən, belə yazırdılar.

Bundan sonra hətta SSRİ - nin ən aparıcı dini institutu olan rus pravoslav kilsəsi dövlətlə əməkdaşlığa razılıq veribdir. Yenidənqurma vaxtı bir dini– dissident, səhv etmirəmsə, Qleb Yakunin adlı keşiş vardı. Bir daha səhv etmirəmsə, on il həbsdə olmuş bu adam deyirdi ki, sovetin vaxtında əksər din adamları, ən azı, dini ierarxiyada yüksək vəzifə tutanlar DTK ilə əməkdaşlıq etməyə məcbur idilər. Elə bu səbəbdən erməni din adamları arasında da yəqin, hələ “paqonlu”lar qalıb və yaxud da onların “paqon”larının yalnız rəngi dəyişib...

Amma bütün bunlara rəğmən, hesab edirik ki, Kremlin Duqin kimi utopist-avantürist “ideoloq”una elə də fikir vermək lazım deyil. Filosof Karl Popper yazırdı ki, təbiət elmlərindən fərqli olaraq, ictimai elmlərin qanunları konvensional xarakter daşıyır, yəni biz istəsək də, istəməsək də gecə olacaq, gündüz olacaq, amma, məsələn, SSRİ o vaxt ola bilər ki, biz bunu istəyək– inanın, istəməsək heç bir vaxt olmayacaq bu! Putin də, onun falabaxan, magiyaçı, ən əsası da sərsəm “ideoloqu” Duqin bir gün rədd olub ya siyasətdən, ya da dünyadan gedəcəklər və hamıya bir daha aydın olacaq ki, tarix kino lenti deyil ki, gah belə fırladasan, gah da elə!..

Amma nə etmək olar, həyat belədir: arada müəyyən problemlərin yaşanması da istisna olunmur, çünki “yad tilova düşənlər” həmişə tapılır. Görünür, həm də mirajlar təkcə səhralarda olmur...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR