İnsanlara hürriyət, millətlərə istiqlal!

Təzadların Comolunqması

Yaşlı adamlar xatırlayar, sovetin vaxtında propaqandanın, televiziyanın belə bir şablonu vardı, davamlı yararlanırdılar: “Qərb, kapitalizm dünyası kontrastlar, təzadlar diyarıdır”. Sonra görürdün qəzetdə bir yekəqarın kapitalist, yanında isə acından ölən, arıq fəhlə karikaturası verilib. Ancaq SSRİ dağılandan sonra qəribədir ki, biz heç yekəqarın kapitalist görmədik, əksinə,  Qərb dünyasının ən varlı kapitalistləri – İlon Mask, Bill Geyts, Uorren Baffet, Corc Soros və sairə - arıq, qarabağlılar demişkən, şivərək adamlar çıxdılar. Yekəqarınlıq pis, qeyri-sağlam yaşayışın simvolu imiş sən demə. İmkanlı adamlar isə idman eləyir, dieta saxlayır, dünyanı gəzirlər.

Sözgəlişi, SSRİ dövrünün televizorlarını xatırlayanda indi ağlıma qəribə bir şey də gəldi ki, nədənsə onun qabaq tərəfində kanalları dəyişdirmək üçün fırlanan bir alət olurdu, adətən camaat onun başlığını itirirdi və kanal fırlatmaq üçün kəlbətindən istifadə edilirdi. Halbuki, SSRİ-də cəmi 2 telekanal vardı, biri yerli respublikanın kanalı (məsələn, bizdəki AzTV), o biri isə Moskvadan translyasiya edilən Mərkəzi Televiziya. Cəmi 2 kanalı olan, camaatın da əsasən onun  birinə baxdığı ölkədə televizoru kanal dəyişən qurğu ilə təchiz eləmək yəqin kommunist rəhbərlərin camaatla qara yumorunun bir növü idi.

Təzadlar mövzusuna qayıdıram. İndi də biz təzadlar ölkəsində yaşayırıq. Lakin bunu təsəvvür eləməyimizə ehtiyac yoxdur, çünki Xırdalan Harlem deyil, varlılarımız da o cümlədən, gözümüzün önündədir.

Məsələn, bir təzadı özüm üçün çözməyə çalışıram: əgər biz uzun illər Naxçıvanın misilsiz inkişafından danışmış, bölgəni bütün Azərbaycana örnək göstərmişiksə, indi ortaya çıxan mənzərə nədir? Sanki Vasif Talıbov dünya şöhrətli rəssam imiş, biz onun istənilən cızmaqarasını milyon manatlarla dəyərləndirmişik. Hazırda təxminən oxşar durum var, kimlərsə Səttar Bəhlulzadənin cızmaqaralarını hərracda 18 milyon dollara satmaq istəyir.

Yaxud, heç çox siyasi söhbətlərə girişmədən elementar məişət mövzusunda bir misala baxaq. Bu yaxında xəbər lentində belə başlıq keçmişdi: “Bakıda 20 nəfərin qıza görə dalaşmasının təfərrüatı”. Möhtəşəm başlıq idi. Onu yazan jurnalistə yayda “Media başlığı” mükafatı verməliyik. Nəyə görə? Xəbərin içini oxuyanda mənzərə, kontrast lap şiddətlə gözümüzə girir. Sən demə Bakıda hansısa küçədə bir qız yaşayır. Bir oğlan bununla dostluq eləyib. Sonra qızın məhləsindən bir oğlanın qeyrət damarı partlayıb, qızın telefonunda yazışmaları oxuyub. Başqa məhəllədən olan oğlanı söhbətə çağırıblar. Hər tərəfdən bir sürü erkək (doğrusu, çağdaş zəmanəmizdə belə düşük, bambılı temaya görə süpürləşənlərə yalnız bioloji cins, tip gözüylə baxmaq lazım olduğu qənaətindəyəm) yığışıblar, dava düşüb, bıçaqlaşma, ölən, yaralanan, həbs edilən... Necə deyərlər, “Qoy məni öldürsünlər, Tello, bir alagöz qız üstdə” xalq mahnısı, ifa edir 20 nəfər gənc oğlandan ibarət xalq çalğı alətləri ansamblı...

İndi gəlin mövzunun lap dərinlərinə gedək. Azərbaycanda bütün müsəlman aləmində olduğu kimi, qız uşaqlarının doğulmasına qarşı allergiya var. Bunun ictimai-siyasi, dini-etnik və sairə əsaslarını qırağa qoyuram. Mən sadəcə nəticəni müzakirə etmək istəyirəm. Nəticə isə odur ki, məmləkətdə qız uşaqlarının doğulması UZİ soyqırımı altındadır, eyni zamanda 20 erkək qız üstündə boğuşur. Bu yaxşı, matah varlıqdırsa, niyə kökünü kəsirsiniz, yox, pisdirsə, niyə üstündə dalaşırsınız? Təzadın zirvəsi, Comolunqması, nə bilim, Bazardüzü dağı deyil, bəs nədir?

Sonda ailə səadəti, can sağlığı arzu edərək nöqtəni bura bərkdən nallayıram.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

12 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

09 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024