İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimin bacısı

 

Bizim bir neçə general var, müharibədə ad çıxartmışdılar. Camaat da düşünürdü ki, daha bunların kəsdiyi başa sorğu-sual ola bilməz. Lakin ola bilirmiş. Müharibədən sonra həmin generalların adları cürbəcür əlləm-qəlləm işlərdə hallandı. Dedilər biri adamları türməyə basıb döydürürmüş. Başqası əsgərləri kölə kimi qapısında işlədirmiş. Halbuki elə həmin generalın guya özünə dövlətin verdiyi mənzili əsgərinə bağışladığı haqda əfsanələr dolaşmışdı.

Niyə “guya” yazdım, onu izah edim. Məncə, yaxşı generalın əsgəri əvvəlcədən evsiz qalmaz, o cümlədən yaxşı generalın evi olmalıdır. Yoxdursa, deməli, ərazidə hansısa işlər düz getmir. İkinci tərəfdən, evi dövlət verir, onsuz bunun yiyəsi sən deyilsənsə, həmin evi bağışlamaq nə dərəcədə messenat hərəkətdir?

Başa düşürəm, müftə ev, oğurluq pul qapmaq üçün hazır dayanmış bir çox zəhmətkeşlərimizə bu sualların mənası yoxdur. Ritorika üçün yazdığımı hesab edin.

Bundan başqa, hərbi səfərbərlik idarələrinə səlib yürüşü davam etməkdədir. Daha bir rayon komissarını - İmişlidə xalqın uşağını əsgərliyə aparan yoldaşı bugünlərdə damladılar. Nə olub? Nə baş verib? Komissarların pul aldığı indi yadınıza düşdü? Bəyəm elə o komissarları tutduranların hansınınsa övladı çətin şəraitdə, cəbhə xəttində, döyüş mövqeyində qulluq etmişdir? Pul alıb sizin uşaqları saxladanda yaxşı idi, başqasının uşağını saxladanda pis?

Məncə, səbəblər daha dərindir və korrupsiya ilə əlaqədar deyil. Heç nöyütün dünya bazarında qiymətinin düşməsi də təsirini göstərmir. O təsir bəlkə su idarəsində bir az var, orada hazırda kütləvi ixtisar gedir, məsələn, mən təzəlikcə oxudum, Kürdəmir su idarəsində matros ştatını ixtisara salmışdılar. Buyur. Neft gəliri çox olanda bizdə hətta Kürdəmirdə də dəniz varmış. Neft quruduqca, dənizlərimiz də quruyur. Qayıdaq mövzuya. Bəs səbəb nədir?

Hesab edirəm ki, kimlərsə silahlı qüvvələrimizi gözdən salmaq istəyir. Qəsdən oradakı tük boyda neqativləri şişirdib şalban boyda edirlər. İstəyirlər generallarımızın nüfuzu olmasın. Axı yaxşı yadımıza gəlir, Qarabağ itən vaxtlarda camaat əsgərə salam belə vermirdi. İndi isə əsgər haqlı olaraq hamının gözünün işığıdır. Bu isə bəzi adamlara, qüvvələrə sərf etmir. Ordu gözüqıpıq, gözükölgəli saxlanmalıdır ki, çaşıb başqa fikirlərə düşməsin. Məncə, bunu edənlər əsasən Avropa, Avstraliya və Amerikanın qara qüvvələridir. Əlaqədar orqanları düşünməyə səsləyirəm.

Belə şərləmə hadisələrinə çox rast gəlirik. Akademiya sistemində bir alim zənən xeylağı vardır, hörmətli məhkəmə hakimlərimizdən birinin bacısıdır. Qarabağlılar demişkən, balaca bacısıdır, ya böyük, onu dəqiq bilmirəm. Həmin hakim yoldaş da hərtərəfli adamdır, asudə vaxtlarında roman yazır, klinika açır və sairə - mövzumuz bu deyil. Xülasə, hakimin bacısı 11 nəfərə qarşı dələduzluq edibdir, lakin məhkəmələr zərərçəkənlərin şikayətinə ümumiyyətlə yaxın durmurmuş. Deyirlər Filankəs müəllimin bacısına qarşı şikayəti biz baxışa, icraya götürsək, Allah başımıza daş yağdırar, İsa peyğəmbər bizə qənim olar.

Təsəvvür eləyin, cəmi 11 nəfərə qarşı dələduzluq olmuşdur. Onların pulunu alıb, deyib sizi yaxşı pullu işə düzəldəcəyəm, lakin yalançı çıxıb. Buna görə alim adamı, hakimin bacısını incitmək axı nə deməkdir?! Guya hansımız həyatda 11 nəfəri aldatmamışıq?

Mən indicə hesabladım, 20-yə yaxın çıxdı. Doğrudur, mənim aldatdıqlarım müftədir, heç birindən pul almamışam. Lakin bu daha pis!

Yazını Sezen Aksunun gözəl şarkısından parça ilə bitirərək bütün Türkiyə sevərlərin keçən günkü Cümhuriyət bayramını qutlayıram:

“Bir çağ yangını bu bütün

Dünya günahkar.

Masum değiliz, hiçbirimiz,

Masum değiliz, hiçbirimiz". 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR