İnsanlara hürriyət, millətlərə istiqlal!

İmaministiya

Bir nəfər yoldaş özünü 12-ci imam elan eləmişdi, sürüylə adamları qazlayırdı. Camaat ev-eşiyini, arvad-uşağını buna qurban eləyirmiş. Pul-para da ki ta heç zad - zibil kimi... Lakin ingilislər demişkən, bərbəzəkli karyeralar adətən zolaqlı paltarlı qurtarır və bunun varlanmağı əlaqədar orqanların diqqətini çəkdi. Bizdə pullu adamın ortaya çıxmağı təxminən bəzəkli paltar geyib cəngəllikdə şıllaq atmağa oxşayır. Parçalayırlar. Dərhal yekə akulalar çıxıb balaca akulanı yeyirlər. Bu bizim köhnə ənənədir. Gərək gözə çarpmadan, xımır-xımır yeyəsən.

İndi isə işin gülünc tərəfi odur ki, imam müəllim türmədən şikayət yazıbdır, müsadirə edilən əmlakını geri istəyir. Püff... Ta sənin MTN generallarından, KİV idarəsinin əski müdirindən, nə bilim, hansısa yolunmuş icra hakimlərindən nə fərqin oldu? İmam da qərardan şikayət verər? Həqiqi imam amin istəyər, amnistiya yox. Düzgün imam qənim olar. Məsələn, uzaqdan buluda əlini uzadar, ordan bir şimşək qılınc kimi çaxıb imama haqsız cəza kəsən hakimin keçəl təpəsinin düz ortasından vurar. Bir bəddua oxuyar, prokurorun - dövlət ittihamçısının övrəti gözəllik salonunda qaşını aldırdığı yerdə pinsetin ucu gözünə girər, boynunun dalından çıxar. Canım sənə desin, müsadirə edilən evin qapısını açmaq istəyərlər, lakin ilahinin hökmündən o qapı bağlı qalar, min dənə olimpiya çempionu çağırsalar, müstəntiqin “Prado”sunun dalına qoşub dartsalar açılmaz. Ta imam azadlığa buraxılıb qapını öz açarı ilə, kamali-ədəblə açana qədər o mənzil bağlı qalmalıdır.

Mən müqəddəs hədislərdə dəfələrlə belə əhvalat oxumuşam. Məsələn, deyir bir dəfə hansısa imam şəhərə qoşunla hücum çəkir, lakin kafirlər qalanın darvazasını bağlayırlar. Bu vaxt qurban olduğum imam çeçələ barmağını salır darvazanın altına, hər tayı 250 ton olan qapını çıxarıb atır.

Bakıda bir seyid olub, 3 dəfə milisyə gəlib bunu həbs eləsin, lakin maşın xarab olub, apara bilməyiblər.

Amma indiki imam apelyasiya verir... Həqiqətən cırlaşma dövründə yaşayırıq. Bütün sahələr üzrə deqradasiya prosesi gedir. Əlaqədar orqanlardan tələb edirəm, buna son qoysunlar.

Bu temada yaxşı ata sözlərimiz var: “İmam şaftalı ağacı deyil hər yerdə bitə”, “İmam tək-tək tapılır, tin başı Şümürdür” və sairə.

Söhbət əxlaqi dəyərlərdən düşmüşkən... Təzəlikcə bir xəbər gördüm, çox dilxor oldum: rayonda uşaq bağçasında uşaqlara az yemək verilirmiş. Bir boşqab videosu çəkmişdilər, içində dörd-beş makaron qırığı vardı və çəkilişin müəllifi kənardan şərh edirdi ki, bəs 1 boşqab “yemək” 5 uşağın naharıdır. “İndi bu uşaqları necə doyuzduraq, bağça müdiri ərzaqları satır-dağıdır” və sairə.

İşin, türkün sözü, ilginc tərəfi bu idi ki, videonu çəkən elə bağçanın əməkdaşı imiş. Sadəcə, keçmiş əməkdaşı. Müdir bunu və bir neçə nəfəri ixtisara salıb, görünür, nöqsanları ifşa etməklə müdirdən qisas almaq fikrinə düşmüşlər.

Bax, qeyri-səmimilik, riyakarlıq elə burada üzə çıxır. Niyə axı bu adamlar bu qüsurları işlədikləri zaman “görmürdülər”? Mənə dəyməyən qurd min yaşasın prinsipi haçana qədər keçərli olacaqdır? Ayıb deyilmi? Utanmırsınızmı? “Oyuncaq” filmindən sitat gətirsək, indi əsl əxlaqsız kimdir? Uşaqların yeməyini oğurlayan müdir, yoxsa işdən çıxarılanadək bunu görməzliyə vuran əməkdaşlar?

Təzəlikcə bir məclisdə söhbət düşmüşdü, iştirakçı zənən xeylağı ərz etdi ki, namaz qılmağa başlayıbdır, çünki... əri vaxtilə orqan işçisi olub, çox günaha batıb, zənn  edir əgər namaz qılsa, ərini “yuxarılarda”, o biri dünyada-filanda bağışlayarlar. Yəni amnistiyaya salarlar.

Əslində bu cür işlərin adı din, mənəviyyat-filan deyil. Tərtəmiz bazarlıqdır. Bizim müsəlmanların Allah-təala ilə bazarlıq münasibətləri isə dərin köklərə məxsusdur. Özünüz fikirləşin, səbəbini anlayarsınız. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR