İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar tuneli

Yaponiyada bir meşə var, Fudzi dağının yamacındadır, adı Aokiqaxara meşəsidir, lakin bütün dünyada “İntihar meşəsi” kimi tanınır. Camaat özünü öldürmək istəyəndə gedib həmin meşədə azır, acından ölür. Bu meşə haqda çoxlu sənədli, bədii filmlər çəkilib, məsələn, Qas Van Sentin “Ağac dənizi” filminə baxmaq olar. Doğrudur, bir qəpiklik film kimi tanınmır, ancaq Vaqif Mustafayevin son kinosundan yaxşıdır.

Aokiqaxara meşəsini dünən səhər yağan yağış yadıma saldı. Hökumətimiz cəld tərpənib bədnam Sabunçu tunelini bağlamışdı, yoxsa Allah bilir orada yaranan süni gölməçədə bu dəfə neçə zəhmətkeşimiz boğulacaqdı. Sanki ora bizim milli intihar tunelimizə, gölməçəmizə dönmüşdür.

İlk hadisə deyil. Tunelin bağlanmağını nəzərdə tuturam. Bundan qabaq da azərbaycanlılar Qız qalasının üstündən tullanır, ömürlərini hökumətimizə bağışlayırdılar. Nəticədə İçərişəhərin turizm potensialı ziyan görürdü, çünki şəhərimizin milyonlarla nəğməli qonaqları ərazidə məsud şəkildə dolaşarkən başlarına göydən hansısa orta statistik azərbaycanlının düşmək ehtimalı yaranırdı. Ümumiyyətlə, çox dərinə getmək istəmirəm, o şəkildə canına qıymaq estetik baxımdan da düz deyildi. Şəhərimizin mənzərəsini pozurdu. Nə etməli? Qalanın başına şüşə hasar çəkildi, problem həll olundu. Bizdə hasarsız mümkün deyil.

Daha sonra “Koroğlu” metrosu tərəfdəki asma körpüdə intihar dəbə mindi. Hökumət məcbur oldu körpü tağlarına tikanlı məftil çəksin, aşağıda polis postu qoysun. Bu xatadan birtəhər atladıq, indi tuneldə boğulmaq çıxıb.

Əslində təkcə tunelləri bağlamaqla körpə qəlbli Azərbaycan xalqını xilas etmək alınmayacaq. Yaxşı olar profilaktik tədbirlər görülsün, göyə bulud gələn anda hamı evə qapadılsın. Koronavirus pandemiyası zamanı necə idi? Hətta mənim yadıma gəlir, hansısa Bakıətrafı qəsəbədə Daxili Qoşunların əsgərləri həyət evinin hasarı üzərində oturub xəyala dalmış vətəndaşı çəkələklərindən dartıb yerə salmaq istəmişdilər, bu, vətənpərvər xalqımızda qəzəbə səbəb olmuşdu, hamı vətəndaşı söyürdü, deyirdilər əsgərə belə münasibət göstərən, sabah vətəni satar. Mən də məcburam o fikirlə razı olduğumu gec də olsa burada yazım.

İndi ağlıma gəldi, niyə biz Sabunçu tuneli haqda bədii film çəkib festivallara göndərməyək? Kino idarəsi, onun hörmətli sədri Orxan müəllim, kino ittifaqının müdiri Rasim müəllim bu barədə düşünsələr yaxşı olar. Sabirin şeirindən ssenaridə istifadə etmək mümkündür: “Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş”. Rəhmətlik şairin Sabunçu ərazisində, Balaxanıda yaşayıb-işləməsi, sabun bişirib satması, axırda vərəmləyib ölməsi də süjetdə mütləq əks edilməlidir.

Niyə hökumət sərhədləri bağlı saxlayır, məhz belə tragik anlarda anlaşılır. Diqqət edin, görün dünyada nə qədər təbii fəlakətlər vardır... Hindistanda daşqınlar, Yaponiyada sunami, Türkiyədə zəlzələ, ABŞ-da tornado, canım sənə desin, Avstraliyada qara hörümçək basqını və sairə və ilaxır. Az qala İndoneziyadakı vulkan yadımdan çıxmışdı, onu da mütləq buraya əlavə edirəm. Hökumətimiz bizi bunlardan qoruyur, ona görə xaricə piyada getməyimizə qoymur. Təyyarə ilə getmək olar. Çünki təyyarə buluddan yuxarıda uçur, ona yağışın ziyanı yoxdur. Bunlar hamısı strateji planlaşdırmanın nəticəsidir.

Elə şeylər var qadağan eləməsən mümkün deyil. Məsələn, bugünlərdə mən xəbər lentində rastlaşdım, işıq idarəsinin 2 montyorunu tok vurmuşdur. Allah rəhmət eləsin. Bəs necə edək ki, işıq idarəsinin işçiləri işıqdan ölməsin? Bircə çıxış yolu var: işığı söndürmək. Mən artıq anlayıram niyə son günlər işıqlarımız tez-tez sönür. Hamısı profilaktikadır. Tədbirdir. İşdir.

Eldar müəllim də o gün demişdi ki, axşam yığışıb iclas eləyəcəklər, görsünlər nə qərar verilir. Yəqin qərar bu olub. Hər yağış yağanda tuneli bağlayaq. Əla qərardır. İnsanlar ölməsin. Əsas bu deyilmi? Həyatda ən vacibi can sağlığıdır, qalanı düzələr.

Ya da ola bilər axşam elektriki tok vurduğu üçün iclas qaranlığa düşüb, təxirə salınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR