Onlayn ictimai-siyasi qəzet
“Dua eləmək lazımdır, yağış qəbiristanlığı yuyub və yazıq ölülər orada üzürlər”
(Qabriel Qarsia Markes, “İsabel Makondoda yağışa baxır” əsərindən)
İki nəfərin boğulub öldüyü tunellə bağlı sözardı kimi bir məsələyə münasibət bildirmək istəyirəm, çünki nədənsə heç kəsin diqqətini həmin tunelin qəribə şəkildə dərin olması çəkmədi. Bu, yeganə dərin tunel deyil ki. Bakıda, Abşeron yarımadasında son illər belə dərin tunellərin sayı artmaqdadır. Sanarsan biz hansısa dağlıq ərazidəyik. Bəs səbəb nədir? Səbəb... sürət qatarlarıdır. Qabaqlar Abşeronda elektrik qatarları avtomobil yollarıyla kəsişirdi, qatar keçərkən maşınlar gözləyirdi. Sürət qatarının yolu fərqlidir. Bəs maşınları nə edək? “Başbilənlərimiz” bunun üçün guya müdrik qərara varmışlar, dəmir yol keçidlərinin altında cəhənnəmə çatan dərinlikdə tunellər düzəltmişlər. Maşınlar o quyulara girir, digər üzdən çıxır. Yağış suyu isə çıxa bilmir. Orada, həmin dərinlikdə mexaniki drenaj qurğuları quraşdırmaq da mənasızdır, yalnız güclü su mühərrikləri qoymaq, suyu dayanmadan kənara vurmaqla haradasa əlac tapılar, lakin bunun pulunu kim verəcək? Motora kim baxacaq?
Mən bunu havadan yazmıram, Abşeronda bir neçə yerdə belə dərin yeraltı keçidlərdən ictimai nəqliyyatın necə zülümlə keçdiyini görmüşəm. Avtobuslar xüsusilə dolu olanda nərildəyir, guruldayır, güc-bəla bu quyudan işıqlı dünyaya çıxırlar. Elə bilirsən avtobusda yox, “Boinq” təyyarəsindəsən.
Hər tərəfə doldurulan tragikomik, əndirəbadi, şəhərin görkəmini inanılmaz çirkinləşdirən yerüstü keçidlər azmış kimi, bir tərəfdə də yeraltı tunel bəlasına düşmüşük. İşləməyən eskalatorlarda əziyyət çəkən adamları heç yazmıram.
Bəzi stansiyalarda sürət qatarından perrona yox, əks tərəfə çıxış qoyublar. Nəticədə adamlar ağır çantalarla, əşyalarla dəmir-beton, sovetdənqalma pilləkənlərdə dırmaşmağa, yol ölçməyə, zülüm çəkməyə məcbur olur. Bu idiotizmləri hansı müdirlər, hansı mühəndislər fikirləşib tapır, maraqlıdır?
Mühəndis demişkən... Yadınıza gəlirmi, bir uşaq var idi, neçə il öncə onu “xüsusi istedad” kimi üfürmüşdülər, guya yağış suyunu enerjiyə çevirən qurğu düzəltmişdi. Hanı o qız, çağırın gəlsin, nə qədər yağış enerjimiz arada boşa getdi...
Əlbəttə, yəqin qızı NASA-ya işə götürüblər. Bizdə adətən belə olur, istedadlarımızın hamısı NASA-ya gedib çıxır. Aşağı yeri yoxdur. Daha doğrusu, Sabunçu keçidindən aşağı yerimiz yoxdur...
Adama deyərlər nə qoyub, nə axtarırsan, sənin əsas elm mərkəzinin müdiri 30 il Ramiz Mehdiyev olubdur. Gündə haqqında nəsə iş tapırıq, lakin tuta bilmirik. Yəqin ələkeçməzlik üzrə akademik olmuşdur. Fizikada belə bölmə var axı, hansısa elektron zərrəciyi ehtimal edirlər, lakin axtarıb tapa bilmirlər. Hətta birinə bu səbəbdən “İlahi zərrəcik” adı vermişdilər. Ramiz müəllim də bizim ilahi, gözəgörünməz, ələkeçməz elektronumuzdur.
Bunu belə arxayın yazdığıma baxmayın, bir neçə il qabaq heç belə şeyləri yazmağa cürət də eləməzdik, adamı cərəyan vurardı. AMEA ərazisindəki qara dəliyə düşüb yoxa çıxardıq. Ramiz müəllim istəsə bizi qurbağaya çevirib Sabunçu dəryaçasına buraxardı.
Tragikomik işlərə hər yerdə rast gəlirik. Bir xəbər gördüm, mobil rabitə şirkəti kitabları təbliğ etmək üçün tədbir düzəldəcəkmiş. Çıxış edənlərdən biri isə tanınmış aktyorumuzdur. Başqa nə cür ola bilər? Bizdə bütün məsələləri aktyorlar və müğənnilər müzakirə edir. İndi görərsiniz, bu tunel-körpü işlərini də muğam artistləri və pantomim teatrının rejissorları ilə müzakirə edəcəklər. Sözüm buna deyil. Sadəcə, sayın aktyorumuzun adını görəndə gülmək məni tutdu, çünki bir dəfə onun intervüsünə rast gəlmişdim, jurnalist hansı kitabları oxuduğunu soruşanda demişdi kitab oxumağa vaxtı yoxdur.
Kitab oxumayan aktyor elə bizdə olur, bununla da işim yox. Sadəcə, heç olmazsa kitab oxumağın vacibliyini bu adamla təbliğ eləməyin.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ