Onlayn ictimai-siyasi qəzet
“Birini gör fikir eylə, birini gör şükür eylə”
(Azərbaycan ata sözü)
Milton qasırğası Floridanı vurduğu anlarda Hacıqabulu da sel-su basmışdı. Lakin biz milli fəlakətimizə bərbəzəkli ad qoymadıq. Yaxşı olar gələcəkdə bu amerikan üslubundan yararlanaq. “Fatmanisə qasırğası Hacıqabulu 5 ballıq şkala ilə vurdu” – gör necə maraqlı səslənir. Bəlkə turistlər də bölgəyə cəlb olunar.
Hamısı qlobal istiləşmənin, planetar iqlim dəyişmələrinin nəticəsidir. Yoxsa Hacıqabula çiskin yağış da nadir hallarda yağardı. İndi isə, yalan olmasın, tropik qasırğalar rayonun üzərində cövlan edir, yallı oynayır.
İşin tragikomik cəhətlərindən biri də budur ki, Hacıqabul tərəflərdə Quba-Qusar bölgəsi heyvandarlarının çoxlu qış yataqları var. Onlar dağlarda hava soyuyanda qışlaq üçün buralara enirdilər. Bəs indi hara gedəcəklər? İlməsi qaçmış corab kimi, sökülə-sökülə gedirik. Tək bizim deyil, planetin problemidir, bir az buna şükür edirik. Elnən gələn dərd-bəla məsəli. Təzəlikcə hətta Böyük Səhra Mərakeş tərəflərdə suyun altında qalmışdı. Buzlaqlar, Şimal qütbü əriyir, dünya okeanlarında su qalxır, eyni zamanda bizdə Xəzər quruyur. Çox əcaib proseslərdir. Əgər təbiətdə su dövran edirsə, niyə o əriyən buzlaqların, qalxan okeanların suyu Xəzərdən də çıxmır? Məncə qarşıdan gələn COP tədbirində bu suallara cavab axtarılmalıdır.
Həmçinin, velosiped zolağından avtobus zolağına, ordan piyada səkisinə keçidin milli problemləri üzərində düşünməyə borcluyuq. Hər gün bu istiqamətlərdə yeni-yeni diskussiyalar üzə çıxır. Görürsən dövlət idarəsi açıqlama yayır: “Filan küçədə avtobus zolağından o biri zolağa keçid sərbəstdir”. Yaxud: “Körpüyə çatmamış velosipedə yol verin, sonra düz gedin, qəti sağa-sola baxmayın”. “Sağ ayağınızı əvvəlcə atın, sonra sol ayağın dabanına təkan verin”. “Avtobusun dal qapısından düşməyə konstitusiya üzrə icazə vardır” və sairə və ilaxır.
Sanki biz iməkləməyə təzə başlayan çağalarıq. Ya da ola bilsin sevindiyimizdən yerişimizi itirmişik. Axı hər millətə belə müdrik hökumət qismət olmur! Yavaş-yavaş hamımıza yeriməyi, yürüməyi öyrədəcəklər, “vaxtımız çoxdur”, Erkin müəllim demişkən.
Üstəlik, bəzən biz ifrata varırıq, tənqidin dozasını çox edirik. Örnək üçün, milli futbol komandamızın, o cümlədən əsas futbol çempionatımızın səviyyəsi çox aşağıdır, hətta Estoniya kimi zəif komandaya uduzuruq. Ancaq mənim bu istiqamətdə tənqidlərim həddini aşıbmış, etiraf edirəm. Nəyə görə?
Birincisi, türk əsilli almaniyalı futbolçu, dünya çempionu Məsut Özil Bakıya səfər etdi, “Qarabağ”dan “Zirə” klubuna qədər çox yerdə qonaq oldu. Əgər bizdə futbol olmasa, Məsut müəllim nə üçün gəlmişdi? Hərdən belə ulduzları gətirib camaata göstərək, bəs edər, özümüz parlamasaq da olar. Lap sönmüş ulduz olsun, min şükür.
İkincisi, əsas milli komandamız oynaya bilmir, doğrudur, ancaq ümid gənclərədir! Onları əvəz etmək üçün 21 (U-21) və 16 yaşlı (U-16) komandalarımız əzmlə çalışır. U-21 və U-16 komandalarımızın uğursuzluğu daha parlaqdır! (Bu temaya diqqətimi yönəldən Ruslan Səfərova təşəkkür edirəm).
Məsələn, hazırda U-21 komandamız UEFA liqasında doqquz oyunun səkkizini uduzmaqla axırdan birinci yerdədir. Hətta oyun zamanı top başqa ölkənin ərazisinə düşən cırtdan Lüksemburqa da uduzublar.
U-16 komandamız isə Ərzurumda Türkdilli ölkələr turnirində əsas “qazlardan” biridir. Türkiyəyə 6:0, Qırğızıstana 4:2 uduzublar, hətta Türkmənistana da 3:0 uduzublar!
Heyrətamizdir. Şəxsən mən türkmən qardaşlarımızın futbol oynadığını indi bildim. Niyə də olmasın? Havalar belə keçsə tezliklə Hacıqabulda vaterpol komandası yaranacaqdır.
Deməli estafet sağlam əllərdədir, sabah 16 yaşlılarımız 21 yaşlıları, onlar isə əsas milli komandanı uğurla əvəz edəcək, yenə uduzaraq tarixi ənənələrimizi qoruyacaqdır!
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ