Onlayn ictimai-siyasi qəzet
Amerikada İfritələr bayramında prezident Bayden xalqla görüşürdü. Orada bir ana cücə paltarı geyindirdiyi uşağını Baydenə tərəf uzatdı, prezident isə uşağın ayağını zarafatyana dişlədi. Ancaq istəsən bunu “Amerikada siyasətçilər xalqı yeyir, dəhşət aclıqdır” başlığı ilə paylaşmaq olmazmı? Olar. Bizdə bu minvalla Almaniyanı dağıdan, Yaponiyanı götürüb yerə qoymayan oğullar olmuşdur, maşallah.
Əslində bu tip söhbətlər “korrupsiya hər yerdə var” əbədi arqument bazamıza yaxşı girir. Odur, biz Sabunçu tunelində 2 nəfəri ağlayıb bitirməmiş sel gəldi, İspaniyada, Valensiyada 100-ə yaxın adam öldü. Xalq narazı qalıb kral 6-cı Filip müəllimin istefasını tələb etdimi? Etmədi. Əksinə, gələcəkdə taxta oturacaq “7-ci Filip”ə dualar oxudular və çıxıb getdilər "Valensiya"-"Barselona" oyununa baxmağa.
Bilirəm, siz də artıq bu temadan boğaza yığılmısınız, ancaq nə edək, yenə gəldik futbola ilişdik. Səbəb var.
Lüksemburqda 17 yaşadək qadınlar arasında futbol üzrə Avropa çempionatı keçirilir. Srağagün Azərbaycan komandası orada Serbiyaya 10:0 uduzub. Maraqlıdır ki, oyunun 88-ci dəqiqəsində Serbiya 8:0 udarkən bir oyunçusu qırmızı vərəqə alıb. Lakin azlıqda qalan serblər bizimkilərə son 2 dəqiqədə daha 2 top nallamışlar (başqa ifadə yaza bilmədim, vulqar oldusa bağışlayın).
İndi mən hörmətli AFFA-dan, uca xalqımızdan soruşmaq istəyirəm: bu komandanı ora göndərmək nə dərəcədə məcburidir? Bu da iqlim konfransı öhdəliyinə daxildirmi? Yoxsa nə qədər dövlət vəsaiti xərclənir, təyyarə bileti alınır, onlarla adam Avropaya uçur ki, gedib orada 10:0 uduzsunlar.
Ondansa heç getməsinlər, texniki məğlubiyyət verilsin. Çünki belə olanda hesab daha az görünür, 3:0 yazırlar. Getdiyin oyun 10:0, getmədiyin 3:0, bu daha uğurlu idman stili deyilmi?
Əlbəttə, yuxarıda yazdığım kimi, uduzmaq dünyanın hər yerində var. Ancaq bunun da nəsə prinsipləri olmalıdır. Məsələn, təzəlikcə Azərbaycan kuboku uğrunda yarış gedirdi, əsas liqanın klubları birinci-ikinci liqa klublarını qabaqlarına qatıb, necə deyərlər, çiləyirdilər. 6:0 udan kim, 7:1 vuran kim... Yaxşı qaz tapmışdılar. Ağdaş klubu sənin üçün “Tottenhem”, “Ayaks”-filan deyil ki. Döşə getsin.
Lakin ola bilər ki, bunlar hamısı respublikamızın imicini ucaltmaq, adımızı dünya arenalarına çıxartmaq üçün vacibdir. Biz sadə, qara camaatıq, belə şeyləri haradan qanaq? Bir örnək verim.
Vaxtilə “Vasmoy” bazarını Eldar müəllimin MTN bandası ələ keçirmişdi. Sonra hətta nəsə məhkəmə-zad da oldu, nəticəsini bilmədik. Bugünlərdə isə bazarla bağlı 2 xəbər diqqətimi çəkdi. Birində yazmışdılar ki, Eldar müəllimin ailəsi İspaniyada, Mayorka adasında 50 milyon dollarlıq əmlak ələ keçiribdir və ispan hüquq orqanları bunun nə dərəcədə qanuni olmasını araşdırır. Pulun mənbəyini axtarırmışlar.
İndi sən o ispan müstəntiqlərə nec izah edəsən ki, bu villalar “Vasmoy” bazarı kimi yerlərdən çıxmışdır? İnanmazlar. Çünki Google-da bazarı axtaracaqlar, görəcəklər bir dəstə belinə şal bağlamış qarı sökülmüş piştaxtaların yerini süpürür, işsiz qalmış satıcılar zibil içində ağlaşır, bir nəfər də qıraqdan qışqırır: “Əəə, məni çəkmə, zibilə salassan!”
Amma rəhmətlik Vespasian pulun qoxusu olmadığını demişdi axı. Bizim generallar da daşdan çörək və villa çıxarmışlar. Hər zaman. Ona görə xalqımız öz generallarını ülvi məhəbbətlə sevir.
Üstəlik, Eldar müəllimin uzaqgörənliyinə bax ki, villanı Valensiyadan yox, Mayorkadan almışdır.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ