İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim dəli, kim ağıllı

Çoxdan oxuduğum bir şeir var idi, müəllifini xatırlamıram, dünən gəldi yadıma düşdü: “Bir dəli bir quyuya bir daş atdı, Min ağıllı çıxara bilmədi. Bir dəli, min ağıllı, Kim dəli, kim ağıllı?!” 

Əlbəttə, bunun bütün ailə üzvlərini qıran Əhməd Əhmədovun məcburi müalicəyə göndərilməsi qərarına dəxli yoxdur. Orada qəribə vəziyyət yaranmışdır. Məhkəmə bəlkə də haqlı olaraq cinayətkarın anlaqsızlığı üzündən adi həbsxanada saxlanmasının mümkün olmadığı qərarını vermişdir. Uca millətimiz isə deyir ki, buyur, indi dəlixanadan çıxıb təzədən hamını qırıb-batıracaq, camaat özünü bundan sonra kütləvi dəliliyə vuracaqdır və sairə.

Halbuki, Əhməd müəllim qanlı cinayəti törədəndə eyni adamlar “Bunu niyə xəstəxanada təcrid etməyiblər” deyirdilər. Bəlkə də belə təzadlı durumların yaranmasının əsas səbəbi ölkəmizdə heç kəsə etibarın qalmamağıdır. Camaat nə ədalətli məhkəməyə, nə qərarların düzgün icrasına inanır. Haqlı deyillərmi? Haqlıdırlar. Çox belə hadisələrə rast gəldikləri üçün: pul verib “anlaqsız” yazılan cinayətkarlar, dəlixanada 3-5 ili yola verib azadlığa çıxan qatillər olmuşdur.

Hərçənd, insaf naminə, biz bu cür tragikomik, hüquqi nihilizm vəziyyətlərində qonum-qonşularımıza hələ çata bilməmişik. Rusiyada adamı öldürüb ürəyini çıxaran, tavada qızardıb yeyən manyakı 1 il həbsdə saxlayandan sonra Ukrayna müharibəsinə göndərmişdilər, orda 6 ay vuruşub azadlığa çıxmış, kəndinə dönmüşdü. Kənd camaatı qorxusundan eşiyə çıxa bilmirdi. Rusiyada dəfələrlə qətl törədib müharibəyə göndərilən və qayıdıb yenidən qətl törədənlərin artıq sayı-hesabı itib. İranda kəkilini açan qadınları polisdə döyüb öldürürlər. Türkiyədə bir kişini səhiyyə naziri qoymuşdular, Mənzil adlanan təriqətin üzvü idi. Bu təriqətin şeyxi bir ip uzadırmış, kim o ipdən tutsa guya narkotik asılılığından qurtulurmuş.

Ta söhbət açılıb, birini də Qırğızıstandan yazaq. Orda hökumət beş-on jurnalisti tutub türməyə basıbdır. Hərəsinə 5-6 il həbs-zad... Səbəb isə “Manas” dastanından “Azadlıq havayı verilmir, onun uğrunda savaşmalısan” cümləsini öz Yutub verilişlərində işlətmələri olmuşdur. Hökumətin qərarına görə bu, ekstremizmə çağırış imiş.

Mən bunu xalqımıza şükranlıq üçün yazdım həm də. Bizdə hələlik heç kimi “Babək” filmindəki “Bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən yaxşıdır” aforizminə görə tutmayıblar. O cümlədən, Xəlil müəllimin “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!” misralarını oxumaq, yazmaq, söyləmək sərbəstdir. Mədəni inkişafımızın nəticəsidir.

Mədəniyyət demişkən, məhkəmənin son iclasında Əhməd müəllimin əynindəki köynəyin yaxasına ingilis dilində “ənənəvi mədəniyyət” sözlərinin yazılması da diqqətimizi cəlb edibdir. Yəni, adam nə qədər dəli olsa da milli adət-ənənələrimizin, muğam, aşıq sənətinin, xalçaçılığın, nehrə yağının, kababın tərəfdarıymış, təzə çıxan əndrəbadi cərəyanlar, modernizmə, postmodernizmə-filana yuvarlanmayıbdır. Balta ilə qırğın törədəndə anlamışdıq. Novator olsa arbalet, lazer silahı, nə bilim, dron-zad istifadə etməli olardı. Bizdə ənənə güclüdür. Xalq artistimiz də balta atmışdı. Yeri gəlmişkən, onun axırı necə oldu? Nəsə xalqa informasiya verilmir. Xalq həqiqəti bilmək istəyir! Bunu da “anlaqsız” deyə yozacaqlarsa, heç zad... Ədalətə olan son inamı da itirəcəyik. “Son” sözünü bəlkə düz yazmadım, çünki ədalətə inamımız hazırda sonsuzdur, sarsılmazdır. İnsanlar məhkəmə hakimlərinin başına, mantiyasına, çəkicinə and içir.

P.S. Çoxdan bu haqda yazmışam, təkrarın faydası var: əslində Babəkin adına çıxılan o aforizmin orijinalında azadlıq sözü yoxdur. Ağa olmaq təbliğ edilir! 9-10-cu əsrlər ərəb salnaməçisi Cəfər ət-Təbəri “Tarix ər-rusul və-l-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərində Babəkin oğluna belə dediyini yazıb: “Qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR