Onlayn ictimai-siyasi qəzet
Məhəllə marketinin müdiri yaxınlarda məni kənara çəkib bildirdi ki, internetdə şanlı jurnalistlərimizin elmi-kosmik xəbərdarlığını eşidəndən eşiyə çıxmağa qorxur: “Dedilər göydən daş yağacaq. Tək mən deyiləm, bütün məhəllə küçəyə qorxa-qorxa çıxır”. Sən demə, meteorit axınları haqda hansısa xəbəri saytlarımız qorxunc şəkildə təqdim etmişlər, bu da xalqın narahatlığına səbəb olubdur.
Dedim çox təşvişə ehtiyac yoxdur, sabitlik və asayiş etibarlı əllərdədir, istədiyiniz zaman, gecə-gündüz küçədə gəzə bilərsiniz, sadəcə, çalışın velosiped, avtobus, Evroviziya, Avropa oyunları və COP üçün ayrılan zolaqlara girməyəsiniz. Sonra ona 1990-cı illərdə, AXC-Müsavat cütlüyü dönəmində Bakı səmalarında elədən belə şütüyən quyruqlu fəlakət kometalarını xatırlatdım. Həqiqətən acınacaqlı vəziyyət idi. Bəy də axırda quyruqlu ulduzdan tutub kəndə qaçmışdı.
Dükandan aldığım qatığı içə-içə, aydın və ulduzlu səmanın altında evə getdim, Milli Elmlər Akademiyamızın saytına girdim. Gördüm orada İlon Maskın təzə düzəltdiyi sürücüsüz maşının sxemi tənqid edilmişdir... Əşşi, zarafat edirəm, umsuq olmayın. Saytda yuxarı, sərbəst, piyada zolağında belə xəbər verilmişdi: “Xalq şairi Məmməd Arazın Naxçıvandakı Ev muzeyinin direktoru Əzizə Süleymanova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. Qonağı ekspozisiya ilə muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq tanış edib. O, Nizami Muzeyinin Azərbaycan ədəbiyyatının inkişaf yolunu əks etdirən ekspozisiya zallarını gəzib”. Sitatın sonu. Xəbər hələ xeylax uzun idi, dərk etməyə çalışıram. Analizim bitəndə oxucularla bölüşərəm.
Yəqin növbəti elmi xəbərimiz Nizami muzeyinin əməkdaşının Məmməd Arazın ev muzeyinə səfəri haqda olacaqdır. Hətta yaxşı olar BDU Qazax filialında camış dönərindən zəhərlənən tələbələrin Səməd Vurğunun ev muzeyinə səfəri təşkil edilsin.
Bunlar hamısı işdir, fəaliyyətdir, gələcəyə salınan körpüdür, canım sənə desin, infrastruktur layihəsidir.
Bu “infrastruktur” sözünün çətin tələffüz olunmağına baxmayın, artıq xalqımız əzbər bilir. Yaxınlarda rayona toya getmişdim, bir qahım mənə belə də dedi: “Toy infrastrukturumuza xoş gəlmisən”. Sonra dedi ki, hansısa dövlət idarəsində maşın sürücüsü işləyir, aldığı maaş həmin maşının bakını bir dəfə doldurmaq üçün çəkilən məsrəfdən azdır. Ancaq bunlar xırda məişət dedi-qodularıdır, ona görə çox fikir vermədim.
Qayıdaq mövzumuza. Mövzu isə Acemoğlu və Robinsonun iqtisadiyyat üzrə Nobel ödülü almağıdır. Mən bu müəlliflərin əsas kitablarından birini oxumuşam, “Millətlər niyə tənəzzül edir: hakimiyyətin, tərəqqi və yoxsulluğun kökləri” adlanır. Mükəmməl kitabdır, ana dilimizə də tərcümə edilib, tapın, oxuyun, inkişaf edin. Həmin əsəri oxuyanda millətimizin niyə inkişaf etdiyini anlamaq asandır.
O cümlədən Mask müəllimin düzəltdiyi sükansız, sürücüsüz, pedalsız avtomobillər əslində bizim üçün yenilik deyil. Bakıda çoxdandır eyni maşınlardan var. Düzdür, sükan və sürücünün maketi içəridə olur, lakin bunun hərəkət üçün hansısa əhəmiyyəti yoxdur - adətən Allah umuduna gedirik.
Mask bir dənə avtobus da düzəltmişdi. Eyni prinsiplə. Lakin bunu nənəm də düzəldər. Hünəri var elə avtobus düzəltsin ki, onun sürücüsü bir əliylə tum qırsın, bir əli ilə xırda qaytarsın, eyni anda siqaret çəksin və sükanı qarnıyla fırlatsın. Kəşf budur!
Meteorit yağışları, göydən daş atıılması mövzusunu isə başqa bir qahım mənim üçün bağladı. Deyir kaş onun biri həyətə düşəydi, satıb kasıbçılığın daşını atardıq, göydən düşən daşlar xaricdə yaxşı pula gedir.
Bəlkə buna görə başımıza daş yağmır?
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ