İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni növ gəlin videoları

Camaatın başı əsas futbol yığmasına, Santuş müəllimə səy-səy suallar verməyə qarışıb, 21 yaşlı futbolçularımız sakitcə xarüqələr yaradırlar. Son oyunda Şimali İrlandiyaya 5:0 uduzmuşdular, lakin bunun hələ tam son olmadığını bizə isbat edərək srağagün İngiltərəyə 7:0 uduzmuşlar. Mən oyunun qısa icmalına baxdım, hələ yaxşı qurtarmışıq, hesab 14:0 da ola bilərmiş.

Açığı, bu 21 yaşlılar komandasını niyə saxlayırlar, mənə məlum deyil. Axı bu, tərtəmiz biabırçılıqdır. Respublikamızın adını batırmaqdır. Bütün dünya bizə gülür. Ola bilməz ki, hansısa komanda oyun ərzində mərkəz xətti keçib rəqibin qapısına 1 dənə də hücum düzəltməsin. Ola bilirmiş. Ancaq ədalət naminə, İngiltərə ilə oyunda toplardan birini öz oyunçumuz qapımıza vurdu və belə gözəl avtoqol gördüyüm yadıma gəlmir. Çox usta vurdu. Qapıçımız “mıqq” da eləyə bilmədi. Hətta vurduğu qolun gözəlliyini dərk edən gənc istedadımız gülərək dilini də çıxartdı. Ümid eləyək buna tezliklə bahalı “Porşe” zad verilər. Yoxsa bəzi süpürgəçi qarılar ağ ediblər, yol qırağında sərbəst gəzirlər.

Bunu niyə yazdım, onu izah edim. Dünən internetdə gözümə bir xəbər dəydi, yazmışdılar ki, filan oyunçumuz Lökbatan komandasına transfer edilibdir, bundan əvvəl isə İngiltərədə “Everton”da oynamışdır.

Fısqırıq, dəhşət. Bizim “Everton” kimi tanınmış ingilis klubunda oyunçumuz olub, xəbərsiz qalmışıq. Hər halda, “Everton” “Neftçi” deyil. Bir ara hətta Ançelotti “Everton”un baş məşqçisi olmuşdu.

Lakin bu ünlü oyunçumuzun (adını da yazım, biləsiniz: Araz Abdullayev) “Everton”dan Lökbatana yüksəlişinin səbəblərini anlamaq üçün internetə baxdım, məlum oldu yoldaşın ingilis klubunda oyun sayı sıfıra (0) bərabərdir. Yəni necəsə çaşıb transfer ediblər, lakin 1 oyun belə oynatmayıblar. Zati-alilərinin əsas əmək fəaliyyəti isə bahalı maşınlara qaz verib süpürgəçi qarıları qorxutmaq imiş, 2013-cü ildə isə birini vurub öldürüb, birini də şikəst edib. O vaxt bunu türməyə düşməkdən də, şayiələrə görə, AFFA şefi Rövnəq müəllimin “tapışı” xilas edibdir.

Buyur. Bizim idman, “fitbol” uğurlarımız, məşğulatlarımız məhz bu cür çirkin, alçaldıcı işlər üçündür. Kimi komanda adıyla çirkli pul yuyur, kimi də idman şərəfimizi yerlə bir edir.

Ümumiyyətlə, əgər diqqət eləmisinizsə bizim cəmiyyətin müxtəlif sferalarında bir-birini alçaltmaq, bunu videoya çəkib yaymaq, belə işlərdən həzz almaq dəbə minir. Tək İngiltərə 21 yaşlıları milli 21 yaşlılarımızı yaşıl meydanda alçaltmır ki... Daha qlobal proseslər gedir - zırpı politoloqlar demişkən. “Rövşən Lənkəranskini təhqir edən tiktokeri oğurlayıb gəlinlik paltarı geyindirdi”, “Ağcabədidə iki nəfər birləşib kişini soyunduraraq işgəncə verdilər”, “Kişini alçaldıb maşının baqajına saldılar” və sairə - bunlar yalnız son 1 ayda xəbər lentində qarşıma çıxan başlıqlardan qısa xülasə idi.

Bu nə trenddir, təzə terminlə yazsaq? Kökləri haradan qaynaqlanır? Niyə camaat xoşu gəlməyən, özünün nöqteyi-nəzərinə görə səhv yolda olan adamı tutub təhqir etməyə, videosunu çəkib yaymağa belə meyllənmişdir? Bunun psixoloji, sosioloji səbəbləri üzərində düşünmək lazımdır, yalnız işgəncəçiləri (yeni peşə adıdır, özüm qoydum; məsəl üçün, “gənc işgəncəçi” gör necə maraqlı səslənir) cəzalandırmaqla iş bitmir. Profilaktika önəmlidir.

Yoxsa əlaqədar orqanlara şikayət etmək, hansısa mübahisəli məsələni məhkəmə yoluyla həll etmək artıq mümkün deyildir? TikTok, internet təzə cəza, islah koloniyasıdır?

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz bu gün kimə bəyaz, müqəddəs gəlinlik donu geyindirmisiniz.

P.S. Santuş müəllimə isə məsləhət verərdim özündən əvvəlki Byazi müəllimlə əlaqə saxlasın. Ondan jurnalistlərlə necə danışmağı öyrənsin. Yoxsa pressanın nazı ilə çox oynayır. 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR