İnsanlara hürriyət, millətlərə istiqlal!

Oksfordda satılan xiyarın pulu

Kasıb itinin adını Gümüş qoyduğu kimi, bizdə də məktəblərə təntənəli, zırıltı adlar qoymaq ənənəsi vardı. Məsələn, indiki uşaqlar bilməz, 1990-cı illərdə Bakıda Futurologiya Məktəbi açılmışdı. Nə az, nə çox. Futurologiya - gələcəyi öyrənmək mənası verir. Amma məktəb heç 2000-lərə də çatmadı, bağlandı çıxdı getdi. Yaxud, San Marino Universitetinin Bakı filialı. Nə bilim, Beynəlxalq Universitet. Adətən belə obyektləri işlədənlər, açanlar beynəlxalq miqyaslı dələduzlar olardı.

Bakı Oksford Məktəbi də belə obyektlərdən biri idi. Ramiz Mehdiyevin qahımları fırladırdı, onu işdən atandan sonra məktəbin də kitabı bağlandı. İndi Ramiz müəllimin qızı Kamilə xanım məktəbin binasına yiyəlik üçün iddia irəli sürüb, lakin hökumətin qərarına görə bina məktəbin yiyəsi olmuş əski poladəridənimiz Rasim müəllimin dövlətə vurduğu ziyanı ödəmək üçün satılmalıdır.

Haşiyə çıxaraq qeyd edim ki, bizdə nədənsə poladəritmə sahəsinə girişənlərin axırı yaxşı olmur. Paolo Pərviz adlı iranlı vardı, birtəhər qaçdı canını qurtardı. Ondan sonra Zülfüqarlı qardaşlarını tutdular. Sonra Rasim Məmmədovu tutdular. Bu il isə keçmiş deputat Nazim Məmmədovu tutmuşlar. Həmin adamları birləşdirən ortaq cəhət isə hamısının polad əritmək həvəsidir. Maraqlı tendensiyadır. Görəsən niyə polad işinə girmək bizdə sağlamlığa bu qədər təhlükəlidir? Əsl mistikadır.

Qayıdaq Oksford Məktəbinə. Yuxarıda yazdığım kimi, əslində bu məktəbin xaricdəki, dünyada ünlü Oksford Universitetinə ağcaqanadın iynəsinin ucu qədər aidiyyatı yox idi, sadəcə, milli dələduzlarımız avam camaatı tovlayıb pulunu ələ keçirmək üçün adı belə qoymuşdular. Camaatı yaxşı tanıyırlar. Bilirlər xalqımız acından ölər, lakin forsundan qalmaz. Qul bazarında acqarına beş-on manatlıq iş gözləyən adamın cibindən bəzən 3 min manata kreditə alınmış “Ayfon” çıxır. Bu məktəb də həmin xanədən idi. “Uşaq hansı məktəbə gedir?”, “Oksfordda oxuyur”. Di get. Bunu eşidən qahım-əqrəbaya, qonum-qonşuya yandıq vermək üçün bəs edirdi.

İndi hökumət binanı hərraca qoyub, lakin sata bilmir. İlkin qiymət 24,7 milyon-filan qədər olmuşdu, alınmamışdı. İkinci dəfə 22 milyon 232 min manat idi. Satılmadı, 3-cü hərraca 18 milyon 527 minə çıxardılar, yenə yaxın duran olmadı. Axırda Ramiz müəllim yəqin özü alar. Qiymət lap öləndən sonra.

Maraqlıdır ki, eyni vaxtda Britaniyada keçmiş şahzadə Diana xanımın bir evini satışa qoymuşdular. Auksionda həmin ev 14 milyona satıldı, çıxdı getdi. Belə çıxır Bakıda hansısa qotur məktəbin binası Britaniyada şahzadə Diananın yaşadığı evdən bahalıdır, üstəlik alan yoxdur.

Belə təzadlı hallara çox rast gəlirik. 24 oktyabrda Baş Prokurorluğun maraqlı açıqlamasını oxudum. Yazmışdılar ki, bir neçə nəfər əlbir olaraq cinayət törətmişlər. Sitat: “Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib”. Deyir malı satıblar, lakin xarici valyutanı ölkəyə qaytarmayıblar. 

Məbləğ yetərincə böyükdür. Eyni zamanda, kənd təsərrüfatı məhsulunu yetişdirən, alan, toplayan, xaricdə satan adamlar özəl şirkət sahibləridir. (Çox ütülü, örtülü məlumatdan bunu öyrənə bildim). Güman edirəm Oksforda pomidor-xiyar vurmuşlar.  Bəs müvəkkil banka niyə öz pullarını gətirib verməlidirlər? Azad bazar, sərbəst ticarət olan ölkədə belə şeylər olmur. Biznesmenə necə zorla demək olar ki, xaricdə mal satıb qazandığını mütləq bizə gətir? Belə siyasət - “xaricdə nə satsan, gətir pulu bizim banka qoy” - Sovetin vaxtında idi. O üzdən də Sovet dağıldı, çünki heç kəs işləyə, pul qazana, varlana, qanuni yolla qabağa gedə bilmirdi.

Ya da ola bilsin prokurorluq açıqlamasında çox dərinə gedə bilmir və bu yoldaşlar öz mallarını yox, başqa adamın mallarını satıb, pulları həzmi-rabedən keçiriblər. Bu da monopoliya şəraitində gözlənilən haldır - hazırda içəridə xeyli yoldaş bunun cəzasını çəkir.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR