İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabab mövsümü

“Baqqal müştəridən kəsər, siçan baqqaldan”

(Azərbaycan ata sözü)

Mərkəzi Bankın xəbərinə görə hazırda bizdə illik inflyasiya 4 plyus, minus 2 faiz həcmindədir. Gələn il isə, inşallah, 5 tam onda 8 faizdən çox olmayacaqdır.

Əlbəttə, bunlar hamısı əhaliyə göstərilən yüksək diqqətin, qayğının nəticəsidir. Əks halda inflyasiya necə 4 plyus-minus 2 olardı? Gördüyünüz kimi, hətta mənim kompüterimdə bu riyazi işarəni qoymağa simvol da tapılmadı, məcbur sözlə yazdım. Saz olsa, dastan qoşaram. Mərkəzi Bankımız nə qədər dəyərli, intellektual, modernist işlər görür...

Eyni zamanda, könül istər ki, gələn il belə plyus-minus işlər olmasın, yalnız plyus olsun. İnflyasiya yalnız müsbət xarakter daşısın. Bizə yaraşmaz nəsə aşağı düşsün. Üstəlik, dərəcənin 2 aşağı, 2 yuxarı olmağı qərarsızlıq effekti yaradır. Sanki bizdə sabitliyə xal düşür. Gələn dəfə, zəhmət olmasa, bizə dəqiq məlumat verin. Ya 6 yazın, ya 2.

Bəlkə inflyasiyanı, qiymət artımını 0 faizlə də göstərmək mümkündür. Elmi baxımdan yazıram. Çünki qiymətlər artdıqca əhalinin alış imkanları aşağı düşür, nəticədə dükan-bazarda məhsullara baxıb, boş zənbillə evə dönürük. Yəni, bu zaman istehlak səbətimiz 0-la dolu olmuş olur. (Təzə yanıltmac düzəltdim, 2-ci sinfin Ana dili dərsliyinə sala bilərsiniz: “Dolu olmuş olur”). Bu isə inflyasiya faizinin sıfıra düşməsini göstərir. Dükana muzey kimi getdiyimiz üçün mədəni obyektlərə giriş sayında artım müşahidə edilməkdədir.

Əsas da bu deyildirmi? Mənim qazi dostum Məğrub bəy bugünlərdə elektron namə yazıb, deyir hər şeydən razıyıq, bircə üzərliyin qiyməti qalxmasın, çünki inkişafımıza göz dəyə bilər.

Doğru mövqedir. Əsl vətəndaşlıq nümunəsidir. İndicə araşdırdım, son 5 ildə üzərliyin qiymətində artış müşahidə edilmir, yenə 50 qramı 1 manat 15 qəpiyə satılmaqdadır. Hətta topa ilə alsan 1 manata da verirlər.

Yeri gəlmişkən, çoxlu yağış Xəzər dənizimizi doldurdu, dünən Bulvar Nazirliyinin əməkdaşları jurnalistləri dəniz sahilinə yığmışdılar, neçə ildir üzməyən səyahət gəmisi yenidən işə düşmüşdür!

Buyur. Artıq dəniz də doldurulur. Gözümüz aydın olsun. Dəniz dayazlaşdığı üçün gəmi səyahətinə çıxmaqda çətinlik çəkirdik. İndi isə 5 manat ver, üz. Bu məlumatı da bulvarın mətbuat katibi xalqımıza çatdırdı. Deyir 2015-ci ildən bəri biz gəmiyə girişin qiymətini qaldırmamışıq. Doqquz ildir 5 manatdır!

Təbii ki. Niyə də qalxsın, əgər inflyasiya plyus-minusdursa... Tez yazını bitirib gəmiyə minməyə tələsirəm, son abzaslar mənasız olsa üzrlü sayın.

Dünən paytaxta qəribə qoxu yayılmışdı. Bəzi ekoloq alimlər guya bunun zibil iyi olduğunu söylədilər. Guya yağışdan sonra çürüntü artmışdır, hətta su vurub bəzi zibil işlərimizi üzə çıxarmışdır. (Qısaca şərh edim ki, belə ekoloqları tutub içəri qoymaq lazımdır). Halbuki, mən də iylədim, qətiyyən zibil iyi deyildi. Gül kimi kabab iyinə oxşayırdı. Mərkəzi Bankın açıqlamasından sonra əhali kütləvi şəkildə mağazalara, ət dükanlarına axın edib, hamı kabab bişirib. Vəssalam. İzahat budur. Nə zibil? Kimə nə lazımdırsa, kimin daxili aləmində nə varsa, ətrafda da onu görür. Yaxşı şeylər düşünün, yaxşı baxın, yaxşı görün.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin burnunuza dünən hansı iy gəlmişdir? Plyus-minus işləriniz necə gedir? 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR