Onlayn ictimai-siyasi qəzet
Bakının Nizami rayonunda qazanxana partlayıb, ətraf binalara da xeyli ziyan vurub. Bir bina isə xüsusilə maraqlı gəldi: Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutu. Cəsur kəndlilərimizə vurulan zərərin şiddətindən hətta kənd təsərrüfatı nazirimiz sayın Məcnun müəllim hadisə yerindəydi, necə deyərlər, “əraziyə baxış keçirirdi”.
Əziz yoldaşlar, axı bu, çox gülməlidir. Yox, sadist deyiləm, partlayışı gülməli saymıram. Gülünc olan ilin-günün, zamanın, elmin, dövranın-zadın bu çağında baytarlıq elmi mərkəzinin paytaxtda, üstəlik, neft-qaz sənayesi zonasında yerləşməyidir. Bəyəm bu baytar alimlərimiz heç öz elmi kəşfləri üzərində işlərkən danaların dırnağına, quzuların xınasına, atların yalına, lap elə eşşəklərin palanına baxmırlar? Bütün bu təcrübə vasitələri Nizami rayonunda haradadır, hansı parkda otlayırlar, çobanlar hansı prospektimizdə tütək çalır, deyin, biz də bilək, gedək şənlənək. Şair demişkən, yastı-yastı təpələr, yastığıdır çobanın, yanındakı boz köpək, yoldaşıdır çobanın və sairə.
Düzdür, sovet hökuməti də cahil bir rejim idi, ancaq heç olmazsa onların ağlına gəlmişdi ki, kənd təsərrüfatını araşdıran mərkəzlər elə kəndə yaxın yerlərdə olmalıdır. Ona görə Kənd Təsərrüfatı, (aqrar) Texnologiya institutlarını Gəncədə açmışdılar. Nizami rayonunda savadlı baytar yetişdirmək elə Narxozun Zaqatala filialında İlon Maskın şirkəti üçün menecer yetişdirmək kimi fantastik nəticə olardı.
Əlbəttə, indi araşdırsan görərsən ki, hazırda Gəncəbasar zonasında kənd işlərinə elə dülgərlər baxır. Maşınqayırma sənayemiz isə baytarlıq alimlərinin əlindədir. Ət atın qabağındadır, ot aslanın. Ona görə də qoyun ətinin kilosu 20 manatı mələyə-mələyə keçib, heç orada da dayanan deyil, oynaqlayıb tezliklə 30-40 manat olacaq, baxarsınız. Çünki savadlı mütəxəssis qalmayıb. Danalar orada qırılır, dəzgahlar burada çürüyür. Biri eşşək leşi satır, o biri saxta araq.
Sözgəlişi, elə dünən paytaxtın düz göbəyində, Səbayel rayonu, Xaqani küçəsindəki restoranda saxta araq və viski aşkar olunmuşdu. Qida təhlükəsizliyi agentliyi protokol yazmışdı. İndi təsəvvür elə, əgər mərkəzdə vəziyyət o cürdüsə, Əhmədli və Xırdalanda camaata nə satırlar...
Lakin Allaha şükür, hələ ölməmişik. Başımızı aşağı salıb yaşayırıq. Sadəcə, dünya birliyi bu şücaəti görmək istəmir. Dünən Nobel həftəsi başlamışdı və təbabət üzrə mükafatı iki amerikalı alimə verdilər. Genlər üzərində hansısa araşdırmalarına görə. Nobel qərdeşlərinin Bakı nöyütünün puluyla qurduğu ödülə biz yenə həsrət qalmışıq. Halbuki Xoşqədəm xanım verilişinə elə həkimlər çıxarır, eşşək südü ilə xərçəngi sağaldırlar. Niyə təbabət ödülü Xoşqədəm xanıma verilmir?
Yaxud bizim məhəllədə bir seyid var, dua yazır, sonsuz arvadlar hamilə qalır. Neçə əlil arabasını atıb qaça-qaça marafon yarışına qoşulub. Uşaqların üzünə tüpürür, repetitora getmədən 650 bal toplayıb Ali Neft Məktəbinə girirlər. Qələmi qırılan jurnalistlər, dabağa yoluxan baytarlar, yeşiyindən işarəli pul çıxan icra başçıları, əsgər öldürdüyü üçün tutulan generallar və sairə - kim bizim seyidin xeyir-duasını alsa işi avanda düşür. Ancaq Nobeli hansısa amerikalılar aparır. Niyə, nə üçün? Ədalətin bumu dünya?
Sonra camaat mırıldaşır ki, niyə Laçında həyətdə toyuq saxlamağa qoymurlar. Atam, orda işlərə Bakı Abadlıq Xidməti baxır, ona görədir. Bakı Abadlığın ərazisində isə baytarlıq alimləri kolba qaynadır.
Amma sonuncu ümid ölür. Yəqin heç olmazsa ədəbiyyat Nobelini ya Kamal müəllimə, ya da Çingiz müəllimə verərlər. Bəd ayaqda Elza xanıma da razıyıq. Mükafat haqqımızdır.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ