Onlayn ictimai-siyasi qəzet
Hökumət suyun qiymətinin diferensiallaşdırılacağını açıqladı və bu, millətin müəyyən qədər nigarançılığına səbəb oldu. Klassik isə bu temada yaxşı yazıbdır: “Nigarançılıq çox pis şeydir”.
Axı təcrübə var, hökumətin qərarında nəsə anlaşılmaz, xarici sözlər olursa, adətən yaxşı qurtarmır. Millət düşünməyə, tapmağa çalışır ki, görəsən, indi bizə hansı torbanı tikirlər. Yoxsa diferensial sözü elə pis söz deyil, hətta 18 plyus da deyil. Məktəbi Misir müəllimin qaranlıq epoxasından qabaq bitirənlər diferensial tənliklər, diferensial funksiya kimi söhbətləri xatırlamalıdır. Bu sözün hərfi mənası isə qədim latınca “fərqlilik, ayırmaq” deməkdir.
Qısa yazsaq, hökumətin qərarına görə bundan sonra suyun vahid qiyməti olmayacaq. İstifadə həcminə, vaxtına, yerinə-filana görə ayrı qiymətlər qoyulmalıdır. Lakin bu, yalnız kənd təsərrüfatı məqsədli sulara aiddirmi, yoxsa Bakıda və Abşeron yarımadasında da qiymətlər fərqlənəcək? Hələlik bunu bilmirik. Hər halda, yaxşı olar gələcəkdə içməli suyu “moyka”da işlətməklə çay qaynatmağın nəsə fərqi olsun. O cümlədən, Əhmədlidə Kür suyu alan yetimlə Səbayeldə villada Şollar suyu hortdadan oliqarx “Ramiz Mehdiyev” arasında ödəmə fərqi qoyulsun. Eyni həcmə görə biri az, o biri çox ödəsin. Hərçənd buna elə şərti “Ramiz müəllim” nəzarət edəcəksə, qərarın fatihəsi indidən verilsin. Həmişəki, gözdən pərdə bir qərar, əlavə korrupsiya mənbəyi olacaqdır.
Yeri gəlmişkən, bu “su diferensiasiyası” əslində təzə söhbət deyil, neçə illər öncə də oxşar qərarlar olmuşdur. Görünür NK-da dəftərxanaya baxan adamı işdən çıxarıblar, gedəndə köhnə qərarları qəsdən özü ilə aparıb. Amma qərarda tam yeni, sevindirici hissələr də var, məsələn, çimərlikdə çimərkən, qayıqda gəzərkən, balıq tutarkən sudan istifadə pulsuzdur.
Böyük hörmətdir. Oxuyanda gözlərim yaşardı. İndi mən növbəti yayı gözləyirəm. Qərarı götürüb Abşeron yarımadası ətrafında dövr edəcək, harada istəsəm çiməcəyəm, oliqarx məmurların hücuma keçən dəniz-plyaj qarovulçularının gözünə hökumətimizin bu parlaq, iti, kəsici-deşici qərarını soxacağam! Bəs necə, artıq çimərlik suyu bizə ödənişsizdir! (Bəlkə yayı gözləməyə hövsələm çatmadı, indi getdim. Sətəlcəm olub ölsəm belə, NK-nın qərarının düzgünlüyünü isbat etməliyəm).
Ancaq suyun diferensiallaşdırılması başqa məna da daşıya bilər. Bəlkə hökumət suyu parçalayıb bizə oksigen və hidrogen şəklində verəcək (diferensialın ayırmaq anlamı). Özünü yaxşı aparanlara həm oksigen, həm hidrogen veriləcək, müxalifətçilərə təkcə hidrogen. Yaltaqlara mineral su, tənqidçilərə ağır su. Hər şey ola bilər. İqtisadi imkanlarımız sonsuzdur.
Bu ayırmaq, birləşdirmək fəlsəfəsi hökumətimizin siyasətində daimidir. Məsələn, bələdiyyələri də oxşar üsullarla diferensiallaşdırırlar. Lap əvvəl, 1999-cu ildə birinci bələdiyyə seçkisi keçiriləndə ölkəmizdə 2700 bələdiyyə var idi. Zamanla onların çoxu balacalaşdı (oxu: regionların inkişaf planı sayəsində bölgələr xaraba qaldı), əridi, yoxa çıxdı və say 1771 oldu. Ancaq növbəti illərdə 1400 bələdiyyəyə düşdü. İndi isə deputatlar belə qanun düzəldirlər ki, bu da çoxdur, xırda-mırda bələdiyyələri bir-birinin gözünə qatmalıyıq və sonucda Azərbaycanda cəmi 684 bələdiyyə qalmalıdır.
Əla, gözəl, fısqırıq. Ta bu 684-ü niyə saxlayırsınız? Bələdiyyənin leşi belə bu dərəcədə qorxuludurmu? Azərbaycan xalqı özünü idarə edə bilmədi, eləmi? Halal olsun. Mən alqışlayıram və düzgün nəticə çıxarıram. Ölünü özbaşına qoysan, kəfəni batırar. Bələdiyyə ixtisar edilməli, icra hakimiyyətləri çoxaldılmalıdır. Hər məhəllədə, lazım gəlsə hər küçə və evdə icra nümayəndəliyi yaradılmalıdır.
Ən tragikomik detal isə budur ki, xırda kəndlərin bələdiyyələrini səmərəli olsun deyə birləşdirirlər, lakin ölkənin ən iri yaşayış məntəqəsinin - paytaxtın bələdiyyəsi yoxdur.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ