İnsanlara hürriyət, millətlərə istiqlal!

Mələyən demokratiya

Öncə Trampı təbrik edirəm, ümidvaram bu təbrik də siyahıya salınar. Hətta mən Salvador prezidentindən daha öncə təbrik eləmişdim, lakin hələlik bizi nəzərə almırlar. İnşallah, vaxt gələcək, bu dünyada sadə vətəndaşların təbrik mesajları manşetdən veriləcəkdir. O gün uzaqda deyildir. Sabaha-birigünə düzələr. 

Əslində bu “sabah-birigün” ifadəsini havadan yazmıram, Tramp seçki öncəsi Amerika xalqına söz verib ki, məni prezident seçin, 3 günə hamınızı xoşbəxt eləyəcəyəm. Yağ-bal içində üzəcəksiniz. 

Edə bilərmi? Şübhəsiz. Əgər Amerika camaatının yarıdan çoxu Tramp ağıldadırsa, niyə olmasın? Əsas insanın qəlbi, daxili inamıdır. Özünə təlqin edə bilirsənsə, həmişə xoşbəxt olarsan. Məsələn, Hindistanda bunun təlimi də var. Küçədə yatırsan, acından günorta durursan, lakin yoqa ilə məşğul olub əbədi xoşbəxtliyə yetişirsən. Orada bir Sadquru adında kişi var, hərdən bizim vilayətə də gəlir, millətdən pul yığır, xoşbəxtlik səpir, gedir. Prinsipcə, bizim onun xoşbəxtliyinə çox ehtiyacımız yoxdur, sadəcə, nə ziyanı var ki. Xoşbəxtlikdən hələ heç kim ziyan görməyib. Bu haqda mən xəbərlərdə də oxumuşam: “Xoşbəxtlikdən insan tələfatı olmayıb”. 

Sözgəlişi, 3 günlük səadət prosedurunu biz bir dəfə yaşamışıq, xalqın yadından çıxıb bəlkə. 1992-ci ildə rəhmətlik Nizami müəllim eynilə Tramp tipli vədlərlə az qalmışdı qələbəni Elçibəyin əlindən qapsın. Bizim bir gənc qahım həmin vaxt seçkidən gəlib fəxrlə demişdi ki, Nizami müəllimə səs verdim, mən səbəbini soruşanda belə izah etmişdi: “Hamımıza 2 otaqlı ev verəcək, pul-para da üstündə”.

Dünya miqyasında isə Tramp müəllim 1 gecədə Rusiya-Ukrayna savaşını bitirməyə söz veribdir. Hazırda xeyli adam da intizarla bu vədin yerinə yetməsini gözləyir. Edəcəkmi? Yenə, şübhəsiz! Koronavirus təzə çıxanda onu müalicə etmək üçün Amerika xalqına ağardıcı içməyi məsləhət görən adamdan nə desən gözləmək olar. Üstəlik, 90 cinayət işi üstündə ola-ola gəlib dünyanın ağasına çevrilirsən. Möhtəşəm adamdır. Kriminal dünyada kriminal avtoritet olmasan həyatın mənası nədir?

Əgər hansısa avamlar çıxıb “bəs niyə müharibəni 1 günə bitirmirsən” soruşsa, Tramp Aytmatovdan sitat gətirə də bilər: “Gün var əsrə bərabər”. Yalandırmı? Yox.  

İnsanların ən çox nifrət elədiyi şey əslində pislik deyil ki. Müdriklər tarix boyunca dəfələrlə təkrar ediblər: “Bəşəriyyətin ən sevmədiyi hal, proses təmənnasız yaxşılıqdır”. Yaxşılıq, düzgünlük, mərdlik bağışlanmır. Tək-tük adamların özlərinə təskinlik üçün uydurduqları “balığı at dəryaya, xaliq bilər”-filan tipli gözəlləmələrə də inanmayın. Necə deyərlər, istisnalar ümumini dəyişmir. Orta statistik insanın şüuraltısında, qəlbinin ən dərin guşələrində yaxşı adama, qəhrəmana, xeyirə, mərhəmətə gizli nifrət yatır. (Bu abzasın ABŞ seçkisinə dəxli yoxdur, ümumi fikirlərimi yazdım və nə Trampı qorxu tanrısı Deymos, nə Harrisi müdriklik ilahəsi Afina sayıram. Və indi bu cümləni yazarkən ağlıma gəldi ki, Deymos-la demosu, yəni xalqı qədim yunan mifolojisində bir-birindən cəmi 1 hərf ayırırmış. Xalqı qorxutmağın çox asan olduğuna işarə ediblər sanki).

Yazını isə ta müdrik fikirlərə keçmişkən, Həsən bəy Zərdabidən sitatla bitirək:  “Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR