İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayquş boynu – ermənilərlə yaponların fərqi

 

14 il öncəydi, bir qrup azərbaycanlı jurnalist ABŞ-nin Cənubi Karolina ştatında Amerika həyatı ilə tanış olurduq, hər gün 2-3 məkana gedir, populyar qəzet və saytlarla, tanınmış jurnalistlərlə, parlamentarlarla görüşürdük.

Bir gün Cənubi Karolina parlamentinin üzdə olan deputatlarından biri ilə görüşdük. 35-40 yaşlarında, bir suyu Alek Bolduinə oxşayan biriydi. Deputat əlindəki fincan-termosdan hərdənbir qəhvə qurtuldada-qurtuldada iş təcrübəsindən, qəbul etdikləri qaninvericilik sənədlərindən danışırdı. Son dərəcə kübar, gülərüz bu adama qanımız qaynamağa başlamışdı. Hətta aramızda “deputat belə olar” deyənlər də oldu. Birdən adam yalın əllə canavar boğmuş ovçu ədasıyla dedi ki, “erməni genosidi” haqqında qanunu bu parlamentdə qəbul etdirmək üçün çox ciddi lobbiçilik işi aparıb.

Əvvəlcə qulaqlarımıza, sonra tərcüməçiyə inanmadıq. “Bu nə danışır” sualı yağan gözlərlə baxışdıq. Amma sıramızda ingilis dilini yaxşı bilən iki nəfər vardı, onlar təsdiq etdilər ki, tərcümədə yanlışlıq yoxdur, deputat necə deyir, tərcüməçimiz Bəhruz da elə çevirir. Biz deputatdan soruşduq ki, yəni “erməni genosidi” haqqında qanun onun köməkliyi ilə qəbul olunub. Bolduin yosunlu parlamentar “yes, yes” dedi, tərcüməçisiz də anladıq ki, bəli, ser bu işi görüb və hazırda fərqində deyil ki, onunla bir audensiyadakı ermənilər deyil, azərbaycanlılardır.

Pərtlik yarandı. Amma fasilitator və tərcüməçi söhbəti dəyişdilər, deputat da çox ləngimədi, silkinib getdi.

Axşan müvəqqəti toplanış yeri kimi istifadə etdiyimiz ofisdə günün hesabatını verərkən səfərimizin təşkilatçıları bugünkü görüşlər barədə təəssüratlarımızı soruşanda dedik, hər şey yaxşıydı, amma parlamentinizin deputatı axırda qatıqladı. Eynilə belə dedik. Tərcüməçi də eynilə belə çevirdi, hətta bərkdən güldü. Bizə rəhbərlik və bələdçilik edən ser və ledi də gülümsədilər, amma onların gülümsəməsində bir az da pərtlik vardı.

Deputat doğrudan da bir çuval ənciri xəşil eləmişdi. Onlar çalışırdılar ki, bizdə Amerikanın ədaləti, obyektivliyi barədə xoş təəssüratlar yaratsınlar, amma Bolduinə oxşayan deputat parlamentarların pul-parayla, sözləşməylə, kampaniyaçılıqla “erməni genosidi” haqqındakı sənədi parlamentdə necə keçirdiklərindən danışmış və bizdə mənfi rəy yaratmışdı.

Sonradan şəxsən özüm belə fikirləşdim ki, böyük ehtimalla bizimlə görüşməyə gələn o deputata qonaqların Qafqaz respublikasından gəldiyini deyiblər, onun bilgi dairəsində Qafqaza dair yalnız ermənilərlə bağlı həmin detal olub, ona görə gəlib elə danışıb, heç bilməyib ki, Qafqazda başqa dövlətlər və xalqlar da var.

Budur, “harda aş, orda baş” olan ermənilər indi də ABŞ-da keçirilən prezident və parlament seçkilərinin nəticələri barədə danışaraq bildiriblər ki, 20 ştatda 84 deputatın parlamentə keçməsinə kömək ediblər və “artsax” ABŞ-nin siyasi arenasında Amerikanın seçki prioritetlərindən biridir.

Yəni hamı ermənilərin səsinə möhtacdır və bunlar kimə səs verirlər, o seçilir. Ona görə də həmin deputatlar Konqresdə ermənilərə lobbiçilik edəcəklər, öz dairələrinin, ştatlarının dərdi qalacaq bir tərəfdə, hər gün parlamentin zalına girəndə fikirləşəcəklər ki, bu gün ermənilərin xeyrinə nə edək, nə iş görək ki, bir də seçilək.

İndi buna nə ad verək? Bu, həm “suda boğulanın saman çöpündən yapışması”dır, həm də “dəvədən yıxılan, amma höt-höt deməyindən qalmayan bədəvi”nin hərəkətidir.

Vallahi, yazıqdırlar, 4 ildir ümidlə cənuba, şimala, şərqə, qərbə boylanmaqdan boyunları bayquş boynuna dönüb, hər qüdrətli ölkədə keçirilən seçkiyə dörd gözlə baxır, “bizim adamlar gələcək, bizə yaxşı olacaq” deyə azarkeşlik edirlər. Həmin ölkələrin başı öz dərd-sərlərinə qarışanda məyus olur, başqa bir ümid qapısı axtarırlar.

Onlara mütləq bir güclü day-day lazımdır, elə bir dayı ki, vaxtaşırı ortaya çıxsın, onun bacıoğlusunu incidənə təpinsin, desin, ey, mənim bacıoğlumla işiniz olmasın, nə istəyir, eləsin, yoxsa gəlib sizi döyərəm. Hamı da o dayıdan qorxsun, kim qorxmasa, bunlar “dayıııı, sənin sözünə baxmırlar” deyib üstünə qaçsınlar.

109 ildir onun-bunun yardımı, fitvası ilə özlərindən güclülərlə müharibə aparırlar, arada döyülür, bir müddət özlərinə yığışırlar, amma yenə də başları çönür, təzə himayədar tapır, yeni davaya girişirlər. İnsan balası ağıllanmazmı, başına gələnlərdən dərs çıxarmazmı?

Odur, yaponlar 79 il öncə müharibəni uduzdular, ondan sonra anladılar ki, bu yaxşı sənət deyil, başlarını aşağı salıb elm öyrəndilər, iqtisadiyyat qurdular, dünyanın ən varlı, ən sülhpərvər ölkələrindən biri oldular, indi heç öz dədə-baba torpaqlarını savaş yolu ilə azad etmək istəmirlər. Çünki yaponlar müharibənin şillə-qapazını bərk yeyiblər, bir də yemək istəmirlər. Ağıllı olmaq budur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR