İnsanlara hürriyət, millətlərə istiqlal!

Zibili çıxmış cərimə mövzusu - Zamin Hacıdan OLAY KİMİ YAZI

“O deyir xədiməm, bu soruşur oğul-uşaqdan nəyin var”

(Azərbaycan ata sözü)

Deputatlar küçəyə zibil atmaq cərimələrini artırmaq qərarına gəlmişlər, bu istiqamətdə birinci oxunuşu da ediblər. Həmişəki kimi, uca millətimizin özünü müxalifətçi, jurnalist, siyasətçi-zad sayan bəzi hissələri guya bu qanunun əleyhinə qırıldatmağa girişiblər. Demaqoqiyanın, ucuz pafosun biri bir qəpiyədir: “Biz kasıblardan nə istəyirsiniz, maaş verin, sonra cərimə kəsin, belə deputatlardan nə gözləyəsən, biz sizi bunun üçünmü seçmişik” və sairə və ilaxır.

Yeri gəlmişkən, yenə klassik, tarixi halı yaşayırıq: Azərbaycan xalqı gah deputatları seçmədiyini bəyan edir, gah da seçdiyini. Dəqiqləşdirin, sonra inciyin, zəhmət olmazsa.

Zibil cərimələrinin artırılmasını alqışlayıram, eyni zamanda bu temanın elə bu cür ucuz demaqoqiyalar üçün ortaya atıldığını yaxşı anlayıram. İzah edim.

Bax, bu “küçəyə zibil atmaq” teması İnzibati Məcəlləyə haradasa 2018-ci ildə daxil edilib. 50 manat filan şeyi atmağa, 20 manat behman şeyə və sairə - indi bu detallara varmağın bir önəmi yoxdur və heç lazım da deyil. Çünki qanun dekorativ, propoqanda, şüarçılıq üçün hazırlandığından tətbiqi də elə dekorativdir!

Örnək üçün, guya küçəyə siqaret kötüyü atmağın cəriməsi 30 manat olanda bu bəd əməli törədənləri dəhşət sıxışdırmışdılar, qalmışdı 300 manat olanda... Əlimizdə zibil cərimələri üzrə hər hansı statistika da yoxdur. Neçə sürücünü yola, neçə gəmi kapitanını dənizə zibil atdığı üçün cərimələyiblər? Məlum deyil. Amma müşahidələrimiz var axı. Bu müşahidələr isə Bakı küçələrində siqaret kötüklərinin hara gəldi atıldığını göstərir.

Bizdə guya ictimai yerlərdə siqaret çəkmək qadağandır. Amma hamı çəkir: dayanacaqlarda, məktəblərdə, kafe-restoranlarda... Hətta sürücülər avtobusda siqaret püləyir.

Bu mənasız, alınmayan cərimələrdənsə bəlkə xalqda maraq oyatmaq üçün belə həvəsləndirici üsullar lazımdır: kim küçəyə siqaret kötüyü atıldığına şahid olub, foto-video üsulla sənədləşdirib polisə çatdırsa, alınan cərimənin 5-10 faizi ona verilsin.

Ancaq yuxarıda yazdığım kimi, qanun-qaydaları sərtləşdirməkdə məqsəd heç də təmizlik yaratmaq deyil, gözdən pərdə asmaqdır. “Pərdə” 30 manatlıq idi, indi 300 manatlıq olacaq. Nəticədə camaata qoyulan minnət-sünnətin səviyyəsi də yüksələcək: “Baxın, siz özünüzü apara bilmirsiniz, amma biz sizə cərimə kəsmirik, kəsəndə də almırıq, ağıllı olun, sakit durun”.

Bəs zibil cərimələri heç alınmırdımı? Yox. Tam belə də deyildi. Hərdən ekologiya idarəsi orada-burada bələdiyyələri-zadı tutub cərimə edirdi. Amma bunun anekdot bir cəza tədbiri olması xalqa yaxşı məlumdur, çünki cəza kəsən və cəzanı ödəyən elə eyni mənbədən maliyyələşir. Bələdiyələr dövlət dotasiyasındadır, əks halda, heç 1 manat da cərimə verməzlər. İndiki halda isə dövlət küçədə zibil tapır, dövlət büdcəsindən maliyyələşən çirkin bələdiyyə cərimə edilir, sonra dövlətin bələdiyyəyə ayırdığı puldan filan manat büdcəyə ödənilir. Daha dəqiqi, qaytarılır.

Nə əla mənzərədir, elə deyilmi? Mən buna “pulun təbiətdə zibil kimi dövranı” adını qoyardım. Alan razı, satan razı, qələt eləyir qazı. Hökumət camaatı yola verir, camaat da hökuməti. Çığır-bağır lazım deyil. “Axırıncı aşırım” filmində deyilən kimi: “Belə yerdə soyuqqanlı olmaq lazımdır”.

Bir xüsusiyyət də var ki, belə hallarda adətən ən çox qışqıranlar küçəyə zibil atmayan və ümumiyyətlə cərimə edilməyən adamlardır. Necə ki uşaq pulunu da əsasən ailə qurmamış gənclər tələb edirdilər, 10-15 uşağı olanların heç bu müzakirələrdən xəbəri olmazdı. 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR