Onlayn ictimai-siyasi qəzet
“Neftçi” futbol komandası ardıcıl 9 oyun qələbəyə həsrət qalmışdır. Onun azarkeşləri artıq beziblər, hətta bir oyunda öz komandalarına əşya-zad tullamışdılar. Komandanın oyunçularından biri isə qəzəblənərək yerdən əşyanı götürüb azarkeşə atmışdı. Belə, maraqlı azarkeş-oyunçu ünsiyyəti yaranmışdı. Yəqin həmin azarkeş və oyunçunu çəkic tullamaq üzrə milli komandamıza daxil eləsək, növbəti olimpiadada medal hazırdır.
Amma bunlar işin ikinci, maraqsız tərəfidir. Maraqlısı odur ki, 9 oyun qələbə üzü görməyən komandanın baş məşqçisi Qriqorçuk müəllim istefa vermədi. Heç buna onu məcbur edən də yoxdur. Əsas qələbə deyil ki? Əsas oyundur. Əsas prosesin özüdür. Bu haqda bir saqqallı lətifə var. Deyir bir kişinin çoxlu uşağı varmış, onları saxlamaqda çətinlik çəkirmiş, gedir cinayət törədir, oğurluq edir, tutulur. Məhkəmədə hakim bunu qınayır: “A kişi, bu qədər uşağı saxlaya bilməyəcəkdinsə, niyə əkib-törədirdin?” Kişi deyir: “Möhtərəm hakim, uşaqları saxlamağın çətin olacağını bilirdim, amma proses maraqlı idi”.
İndi bizdə də nöyüt piroqunun, daha dəqiqi, vedrəsinin ətrafına toplaşaraq udqunan xeyli ac-yalavac vardır, bunları saxlamaq çətindir. Lakin proses maraqlıdır.
Əlbəttə, həmişə uduzmuruq, udan vaxtlarımız da olur. Məsələn, bugünlərdə 23 yaşa qədər gənclər arasında mini futbol üzrə Azərbaycan milli komandası Hindistan yığması üzərində 16:0 hesablı qələbə qazanmışdı. Mən bu hesabı görəndə gülməkdən az qaldı qarnım cırılsın. Belə çıxır hindistanlıların başı kino çəkməyə qarışıb, heç oynaya bilmirlər. Daha dəqiqi, ancaq dumbul çalıb oynayırlar. Yoxsa 16:0 nə deməkdir? Lakin Hindistanın Çexiyaya sonrakı gün 1:26 hesabıyla uduzduğunu görəndə artıq buna faciə kimi yanaşdım. Yəqin Hindistan komandasını sərhədi keçib Avropaya qaçmağa çalışan hansısa yetimlərdən düzəldiblər. Bir mini futbol oyunu hərəsi 20 dəqiqə olmaqla 2 hissədir. Belə çıxır bədbəxt hindistanlılar hər 1 dəqiqə 53 saniyədə top buraxıblar. Bu oyunun videosu olsa baxardım. Elə bizimkilərin udduğu oyun da maraqlıdır. Hesab edirəm ki, Hindistana 16 top vuran gənclərimizi hava limanında orkestrlə qarşılayıb hərəsinə 16 min manat dövlət mükafatı verməliyik. Kimdən əskik oğullardır? Milli komandamızın (yekələrdən ibarət) baş məşqçiləri adətən heç bir xal da qazanmır, lakin hərəsi ildə 1 milyon-zad qatlayırlar.
Belə perspektivli sahələrimiz çoxdur. Elə götürək səhiyyə sferasını. (Adətən bizim hansısa işimizi “sfera” adlandıranda mən 1998-ci ilin “Sfera” filmini xatırlayıram. Həmin fantastik filmdə okeanın dibində aşkar edilən sfera onu tapan insanların qorxularını reallığa çevirirdi. Bizim “sferalarımız” eynilə belə funksiya daşıyır). Xəbər lentində bir əməkdar həkimimizin Allahın rəhmətinə getdiyini gördüm. Fani dünyadır, hamımız gec-tez öləcəyik. Sadəcə, doktorun öldüyü yer mənə maraqlı gəldi: Türkiyədə müalicə olunurmuş, oradan qayıdıb ölübdür. Deyir Türkiyədə uzun sürən xəstəliklə mübarizə aparmışdır.
Bəs görəsən, niyə Azərbaycanın əməkdar həkimi özü müalicə olunmaq üçün Türkiyəyə gedir? Hələ bu nədir ki, xəbərdə yazmışdılar: rəhmətliyin qərdeşi qızı da Bakıda başqa bir xəstəxanada baş həkim görəvində uca millətimizə xidmət göstərir. Yəni bunlar nəsillikcə xalqımızın sağlamlığı keşiyindədir. Lakin özləri azarlayanda xaricə gedirlər.
Yəqin milli palatalarımızı zanit eləmək, xalqa maneçilik törətmək istəmirlər. Mən həmişə belə xeyirxah adamları görəndə zır-zır ağlayıram. Şair də bu münasibətlə demişdir ki, şam yanır, hər tərəfi işıqlandırır, lakin öz dibinə işıq salmır. Yazını elə bu nikbin notlarla bitirirəm.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ