Onlayn ictimai-siyasi qəzet
“Qul xətasız olmaz, ağa kərəmsiz”
(ata sözü)
Bakıda metro maşinistlərinin bəxti heç gətirmir. Onlara həmişə milyonçu müdirlərin başçılıq etməsinə baxmayın, özləri yerin altında, az qala qaranlıq zindandakı kimi çürüyürlər. Əmək haqqı aşağı, sosial şərait yox, təhlükəli peşə... Dəfələrlə maşinistlər bu kimi şeylərə etiraz ediblər, aksiyalar düzəldiblər, ora-bura yazıblar. Vecinə alan olmayıb.
Hazırda isə metroda qatar sürən yoldaşlar qəribə, eyni zamanda absurd problemlə üzləşiblər: Dövlət Sosial Müdafiə Fondu onları ağır və təhlükəli işdə, sağlamlığa zərərli peşədə çalışan zəhmətkeşlər saymır, nəticədə 57 yaşda pensiya çıxmaqlarına qadağa qoyur. Zərərli işdə çalışanların belə hüququ varmış.
İşin tragikomik detalı isə budur ki, DSMF yerin üstündə qatar sürənlərə - Azərbaycan Dövlət Dəmiryolunun maşinistlərinə bu haqqı tanıyırmış. Yerin altında qatar sürəndə isə guya qanun buna icazə vermir, başqa camaat kimi 65 yaşda pensiyaya çıxmalısan.
Metro maşinistləri “onsuz da biz çox yaşamırıq, 65-i görmədən ölürük, niyə pensiya almayaq” deyibən DSMF-i məhkəməyə veriblər. Məhkəmə onların haqlı olması qərarına gəlib. Ancaq DSMF, necə deyərlər, qabağından yeyən idarə deyil axı. Bunlar təzədən apelyasiya verib, maşinistlərin əleyhinə qərar çıxarıblar. Qalıb Ali Məhkəmənin işə baxması, ona qədər yerin altından neçə adam salamat çıxar, ya çıxmaz, ya mədəd...
Əlbəttə, biz uyğun idarələrimizin əlsiz-ayaqsız əlilləri üç ildən bir komissiyaya çağırıb təzədən əlillik dərəcələrini təsdiqləməsini görmüşük. Sanki hər üç ildən bir adamlarda təzə əl və ayaq çıxması fizioloji baxımdan mümkündür. (Özün ilan-qurbağa olanda, niyə başqalarına kərtənkələ gözüylə baxmayasan?). Ancaq qatar sürənləri yerüstü və yeraltı olaraq ayırmaq nəsə təzə hoqqadır. Hələ yaxşıdır metro işçilərinə rəsmən köstəbək statusu verib zooparka yerləşdirməyiblər. Yəqin gələcəkdə milli inkişafımızın bu etapını da görəcəyik. Prinsipcə, maşinistlərin ağlaşma-şivən salması çox məsləhət deyil, bəzi ölkələrdə heç onları işlədən yoxdur, metroda qatarlar avtomata qoşulur, robotlar idarə edir.
Robot yazdım, yadıma Məzahir müəllim düşdü. Mərkəzi Seçki Komissiyamızın ölməz sədrini, kainatın günəşini, Yupiterin peykini, Marian dərinliyində zəka sahibimizi nəzərdə tuturam. Bugünlərdə Məzahir müəllimə təzə hüquq verilmişdir. İndi o inzibati xətalar haqda protokol tərtib eləyə biləcəkdir.
Açığı, mən Məzahir müəllimin belə səlahiyyətinin indiyəcən niyə olmadığına qəribə yanaşıram. Bəlkə də burada nəsə səhv düşübdür. Çünki inzibati xəta protokolu yazmaq ixtiyarı olan dövlət idarələrinin siyahısında adi polis sahə müvəkkilindən Mətbuat Şurasının sədrinə, dəlixananın baş həkimindən AYB sədrinə (yalan olmasın) qədər min cür zəhmətkeşlərin adı var idi. Məzahir müəllim isə yaza bilmirmiş. O boyda seçkiləri təsdiqlə, faktiki ölkənin gələcəyi sənin bir peçatından asılı olsun, ancaq inzibati xəta protokolu yazma – bu hansı insafa, dinə sığışardı? Sanki bizim inzibati xəta protokolu seçki protokollarından daha vacib kağızlarmış.
Hələ bu gün sabah Məzahir müəllimin peşəsinin sağlamlığa zərərli yox, əksinə, xeyirli sayıldığı, yalnız 100 yaşda pensiyaya çıxmasının mümkünlüyü məlum olsa, lap çaşbaş qalacağıq. Biz Məzahir müəllimə Marsa astronavt göndərməkdən tutmuş, Çinə müharibə elan etməyəcən hər cür hüquq və səlahiyyəti çoxdan vermiş olmalıydıq. Verməmişiksə, bizim qüsurumuzdur.
Yeri gəlmişkən, bu yaxında deputatlar 2023-cü ilin dövlət büdcəsini təsdiqləyəndə ora seçki xərcləri də salmışdılar, camaat narahat olmuşdu ki, görəsən biz gələn il nəyi seçməliyik. Bizim seçməkdən xoşumuz gəlmir, mənasız işdir. Bircə güman AYB sədri seçkisi idi, o da bu il oldu, gərgin müzakirələrdən, debatlardan sonra çoxlu namizədlər arasından Anar müəllimi seçdilər. Allaha şükür, Britaniya, İsrail kimi yerlərdə yaşamırıq, bir ildə 3 baş nazir seçirlər, sabitlik pozulur. Bir nəfəri seç, yüz il otursun. Mən indi həmin xərcləri başa düşdüm: pulları Məzahir müəllimə verəcəklər, o da bizə protokol yazacaq. İnzibati xətalarımız olur hərdənbir (bax: epiqrafa).
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
12 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ